Məhkəmə qərarları › İş №3(052)-5/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-5/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-5/2025 11.02.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər İcra və probasiya şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər İcra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 11 fevral 2025-ci il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan şəhər İcra və probasiya şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş 11 fevral 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Naftalan Şəhər Məhkəməsinin 2(052)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs 3100 manat aliment borcu və Naftalan Şəhər Məhkəməsinin 1(052)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 43754.54 manat borcu vardır. Borclu Şəxs borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Naftalan şəhər İcra və probasiya şöbəsinin rəisi X3 izahat verərək bildirdi ki, Naftalan Şəhər Məhkəməsinin 2(052)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli və (052)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu icra sənədləri üzrə borcunu ödəməmişdir. Onun hazırda Naftalan Şəhər Məhkəməsinin 2(052)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 3100 manat aliment borcu və Naftalan Şəhər Məhkəməsinin 1(052)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 43754.54 manat borcu vardır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, icra sənədləri üzrə borclarını inkar etmir və təqsirli olduğunu etiraf edir. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Belə ki, hazırda mebel ustası kimi fəaliyyət göstərir. Bir müddət işləri yaxşı olmadığı üçün aliment borcundan ödənişlər edə bilməmişdir. Naftalan Şəhər Məhkəməsinin 1(052)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 43754.54 manat borcunu isə aliment borcundan ödəniş etdiyindən, ödəməyə imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs dəfələrlə aliment borcunu tam şəkildə ödəyəcəyini bildirsə də, buna əməl etməmişdir. Hazırda borclunun ona 3100 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Odur ki, borclu barəsində qanunamüvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan: Naftalan Şəhər Məhkəməsinin 2(052)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 1(052)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazasının mülki iddiası təmin edilmiş, təqsirləndirilən şəxs Şəxs 43.754.54 manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazasına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 11 fevral 2025-ci il, saat 17:40-dan hesablansın. Qərarın icrası Naftalan şəhər polis şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar