Məhkəmə qərarları › İş №3(052)-56/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-56/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-56/2023 12.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 Şöbəsinin mütəxəssisi X1 tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 10 avqust 2023-cü il tarixdə saat 11:45-də Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus tibb müəssisəsində planlı yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (həkim nevroloq X3 və s. işçilər) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC-nin İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 24 iyul 2023-cü il tarixli 867 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-də planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli 554 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi planlı (növbəti) yoxlama aktından görünür ki, "xxxx" MMC-nin Naftalan şəhəri, Şirvan prospekti, 31-də yerləşən müəssisəsində planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə çalışan tibb işçilərinin tibbi sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2018-ci il tarixdə "xxxx" ilə X3 arasında həkim nevropatoloq vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Eyni Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar