Məhkəmə qərarları › İş №3(052)-61/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-61/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-61/2023 06.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Goranboy rayonu, Safıkürd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Safıkürd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 06 sentyabr 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 sentyabr 2023-cü tarixdə, saat 17:40 radələrində Naftalan şəhər Nizami küçəsində ŞPŞ-nin inzibati binasının qarşısında ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 protokolu əsaslandıraraq Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etdi ki, o, oğurluq hadisəsi ilə bağlı izahat verməsi üçün şöbəyə çağırılmışdır. Şöbənin qarşısında olarkən onun heç bir təqsiri olmadığından oğurluq hadisəsini törədən şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Belə ki, törədilmiş cinayət hadisəsi ilə onun heç bir əlaqəsi yoxdur. Bu zaman əsəbi olduğu üçün ona yaxınlaşan polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin polis nəfəri X4 izahat verərək bildirdi ki, 04 sentyabr 2023-cü il tarixdə, saat 17:40 radələrində Naftalan ŞPŞ-nin 1 nömrəli qapı postunda xidmətdə olarkən Şəxs izahat verməsi üçün şöbəyə gəldiyini bildirmişdir. O, kimin yanına gəldiyini soruşduqda Röyal kimin yanına gəldiyini bilmədiyini, oğurluq hadisəsi ilə bağlı çağırıldığını bildirmiş və oğurluq edənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Röyal səsini ucaltmış və narazılığını qışqıraraq bildirmişdir. Xidmətdə olan digər polis əməkdaşları Anar Şükürov və Ceyhun Muradov da, səsi eşidərək oraya yaxınlaşmışlar. Birlikdə Röyalı sakitləşdirməyə çalışsalar da, Röyal onlara məhəl qoymadan tabesizlik göstərmiş və nalayiq ifadələrini davam etdirmişdir. Qeyd edilən səbəblərə görə Röyal Naftalan Şəhər Polis Şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin polis nəfəri X5 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. 04 sentyabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsiri onun etirafı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol, habelə digər iş materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 04 sentyabr 2023-cü il, saat 19:40-dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar