Məhkəmə qərarları › İş №3(052)-69/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-69/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-69/2023 24.11.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsində tərtib edilmiş material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 24 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə Naftalan şəhəri ərazisində üzərində qanunsuz olaraq 0,36 qr çəkidə narkotik vasitə şəxsi istifadə məqsədilə gəzdirmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, o, “Oba-Naftalan-2” mağazasında satıcı vəzifəsində işləmışdir. xx.xx.2023-cü il tarixdə Naftalan şəhərində işlədiyi yerin yaxınlığında zibil tökərkən yerdən sellofan bükülü tapmışdır. Bükülünü götürdükdən sonra içərisində narkotik vasitə marixuana olduğunu görmüşdür. Bir ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə bükülünü götürmüş və cibində saxlamışdır. Həmin tarixdə Naftalan şəhərində yerləşən Oba marketin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis Şöbəsində olarkən narkotik vasitəni könüllü təqdim etmiş və özü üçün istifadə etdiyini etiraf etmişdir. Əməlindən səmimi peşmandır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il, saat 18:00 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin azad edilməsi barədə qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı şübhəli şəxs statusuna xitam verilmiş və saat 15:40-da saxlandığı Naftalan ŞPŞ-nin MYSdən dərhal azad edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, material üzrə İXM-nin 206-cı maddəsi ilə iş üzrə icraat aparılması üçün qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-nə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 06 noyabr 2023cü il tarixli 1826 nömrəli rəydə qeyd edilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsi tərəfindən təqdim edilmiş 20 oktyabr 2023-cü il tarixli, 16/1036 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “ Şəxs üzərində aşkar edilmiş bir ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,36 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkiləri – 0,36 qr, tədqiqata sərf edildi -0.02 qr, qalıq 0,34 qr.) Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilmişdir ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Odur ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsində qeyd edilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsində qeyd edilmişdir ki, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün barəsində inzibati həbs tənbehinin tətbiq edilməsi daha əsaslıdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılmalı, həmçinin həbs tənbeh növünun müddəti seçilərkən onun 01 (bir) gün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanılmış olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilmişdir ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Odur ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla üzərində 14 (on dörd) gün həbs müddəti saxlanılsın. İnzibati həbsin əvvəli 24 noyabr 2023-cü il, saat 15:40-dan hesablansın. İnzibati həbsin icrası Naftalan Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış narkoloji ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilsin. Şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsinə dair hissədə icrası Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar