Məhkəmə qərarları › İş №3(052)-76/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-76/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-76/2023 25.12.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Şəmkir şəhəri, Hərbi şəhərcik küçəsi, xətt-7, ev 2-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 25 dekabr 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 23 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23 dekabr 2023-cü tarixdə, saat 16:20 radələrində Naftalan şəhəri, Nizami küçəsində ictimai qaydanı pozmuş və bu zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 protokolu əsaslandıraraq Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etdi ki, o, törədilmiş dələduzluq cinayət hadisəsi ilə bağlı izahat verməsi üçün polis şöbəsinə çağırılmış və izahat vermişdir. Şöbədən çıxdıqdan sonra ailə problemləri ilə bağlı əsəbi olduğundan hisslərini cilovlaya bilməmiş və yüksək səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. O isə əsəbi olduğu üçün polis əməkdaşlarına yüksək səslə öz işləri ilə məşğul olmalarını, onun işlərinə qarışmamalarını bildirmişdir. Bu səbəbdən polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Lakin, hazırda əməlindən peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin polis nəfəri X4 izahat verərək bildirdi ki, 23 dekabr 2023-cü il tarixdə, saat 16:20 radələrində X5 ilə birlikdə 2 nömrəli postda xidmətdə olarkən Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Bu zaman onlar Hətəmə yaxınlaşaraq özlərini təqdim etmiş və əsəbi olmasının səbəbini soruşmuşlar. Hətəm isə onlara məhəl qoymadan, bu onun şəxsi işi olduğunu, onun işinə qarışmamalarını demişdir. Hətəmə törətdiyi əməlin inzibati xəta tərkibi yaratdığını desələr də, o, tabesizlik göstərərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu səbəbdən Şəxs Naftalan Şəhər Polis Şöbəsinə gətirilmiş, inzibati qaydada tutulmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin polis nəfəri X5 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici izahatı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol, habelə digər iş materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 23 dekabr 2023-cü il, saat 16:30-dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar