Məhkəmə qərarları › İş №3(052)-9/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-9/2023

05.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-9/2023 05.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 05 fevral 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 05 fevral 2023-cü il tarixli MN ******* və 05 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 fevral 2023-cü tarixdə saat 18:04 radələrində Naftalan şəhəri İ.Həsənzadə küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və bu zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Naftalan Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 protokolu əsaslandıraraq bildirdi ki, postpatrul xidmətinin əməkdaşları olan polis kiçik serjantları Rəhman İsmayılov və Xəyal Hüseynov xidmətdə olarkən Naftalan şəhəri İ.Həsənzadə küçəsinə yolun kənarında Volsfagen Passat markalı, **-DB-*** dövlət nömrə nişanlı avtomobilin dayanma-durma qaydalarının pozulması ilə saxlanıldığını aşkar edərək bu barədə əl rabitə qurğusu vasitəsi ilə DYPX-nin əməkdaşlarına məlumat vermişlər. Bu zaman DYPX-nin əməkdaşları hazırda bir qədər uzaq məsafədə yerləşən yanacaq doldurma məntəqəsində olduqlarını, bu səbəbdən hazırda oraya yaxınlaşa bilmədiklərini, lakin avtomobili qanunsuz saxlamış vətəndaşı taparaq avtomobili oradan götürməsini xahiş etmələrini bildirmişlər. Polis əməkdaşları bu məqsədlə həmin vaxt yolun kənarında yerləşən mağazanın içərisində olan Şəxs yaxınlaşaraq ondan avtomobili yolun kənarından çəkməsini istəmişlər. Bu zaman Şəxs avtomobili oradan çəkməyəcəyini deyərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs nizam-intizama dəvət edilməsinə baxmayaraq o, qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən o, polis şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar tam əsassızdır. Belə ki, o, 04 fevral 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq orada yerləşən şirniyyat mağazasına daxil olmuş və oradan qısa müddət ərzində çörək alaraq çıxmaq istəmişdir. Almış olduğu çörəyin pulunu ödəmək istəyən zaman mağazaya polis əməkdaşı daxil olmuş və kobud şəkildə təcili avtomobili yolun kənarından çəkməsini ondan tələb etmişdir. O isə çörəyin pulunu ödəyərək bir dəqiqə ərizəndə avtomobili oradan çəkəcəyini ona bildirmişdir. Polis əməkdaşı isə hazırda komandirin yaxınlıqda olduğunu, gözləyə bilməyəcəyini, bu səbəbdən çəld avtomobili oradan çəkməsini ondan təlb etmiş və qolunun bilək hissəsindən tutaraq onu çölə tərəf dartmağa başlamışdır. O da, küçəyə çıxmış və avtomobilə yaxınlaşmışdır. Bu zaman orada bir neçə nəfər digər polis əməkdaşları da olmuşdur. Avtomobili oradan çəkmək istəyən zaman isə polislər ona birlikdə şöbəyə getməli olduqlarını bildirdiklərindən onlarla gəlmişdir. Qeyd edilənlər ümumilikdə bir dəqiqə ərzində baş verişdir. Hadisə zamanı ictimai qaydanı pozmamış və polis əməkdaşlarına qarşı tabesizlik gösətməmişdir. Odur ki, nəzərə alınmaısnı xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin PPXT-nın polis nəfəri X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18:04 radələrində Naftalan şəhəri, İ.Həsənzadə küçəsində polis nəfərləri Rəhman İsmayılov və Kənan Məmmədovla xidmətdə olmuş, bu zaman Wolksvagen markalı, **-DB-*** markalı avtomobilin daynmadurma qaydasını pozmaqla yolun kənarında saxlanıldığını görmüşlər. Bu səbəbdən Naftalan ŞPŞ-nin DYPX-nın əməkdaşlarına əl-rabitə vasitəsi ilə qayda pozuntusu barədə məlumat vermişlər. DYPX-nin əməkdaşları hazırda bir qədər uzaq məsafədə yerləşən yanacaq doldurma məntəqəsində olduqlarını, bu səbəbdən hazırda oraya yaxınlaşa bilmədiklərini, lakin avtomobili qanunsuz saxlamış vətəndaşı taparaq avtomobili oradan götürməsini xahiş etmələrini onlara bildirmişlər. Bu məqsədlə o, həmin vaxt yolun kənarında yerləşən mağazaya daxil olmuş və mağazada olan avtomobilin sahibi Şəxs yaxınlaşaraq özünü ona təqdim etmişdir. Daha sonra avtomobili yolun kənarından götürməsini ondan xahiş etmişdir. Bu zaman Şəxs “sən kimsən məndən bunu tələb edəsən, get öz işinlə məşğul ol demişdir”. O isə Rasifə etdiyi əməlin inzibati xəta olduğunu, bu səbəbdən avtomobili orada saxlamamasını təkrar etməsinə baxmayaraq, Rasif avtomobili acığa orada saxlayacağını bildirmişdir. Daha sonra Rasif mağazadan çıxaraq yolun kənarında gözləyən polis əməkdaşlarına qarşı ucadan nalayiq söyüşlər işlədərək kənarda olan şəxslərin diqqətini öz üzərinə çəkməyə çalışmışdır. Dəfələrlə Rasifi nizam-intizama dəvət emələrinə baxmayaraq o, qeyd edilən hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən Rasif polis şəbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin PPXT-nın polis nəfəri X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Naftalan şəhəri, İ.Həsənzadə küçəsində digər polis əməkdaşları ilə birlikdə xidmətdə olmuş, bu zaman yolun kənarında Wolksvagen markalı avtomobilin dayanma-durma qaydasını pozmaqla saxlanıldığının şahidi olmuşlar. Naftalan ŞPŞ-nin DYPX-nın əməkdaşlarına rabitə vasitəsi ilə bu barədə məlumat vermiş olsalar da, DYPX-nin əməkdaşları hazırda bir qədər uzaqda olduqlarını, lakin avtomobili qanunsuz park etmiş şəxsdən avtomobili oradan götürməsini xahiş etmələrini onlardan istəmişlər. Polis əməkdaşı Xəyal Hüseynov bu məqsədlə yolun kənarında yerləşən mağazaya daxil olaraq avtomobilin sahibi ilə bir qədər söhbət etmiş, bir müddət sonra isə adını sonradan bildiyi avtomobilin sahibi Şəxs onlara yaxınlaşaraq avtomobili oradan çəkməyəcəyini, acığa orada saxlayacağını, gedib öz işləri ilə məşğul olmalarını onlardan istəmişdir. Etdiyin əməlin inzibati xəta olduğunu Şəxs bildirlən zaman o, polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etməyə başlamışdır. Dəfələrlə intizama dəvət edilməsinə baxmayaraq heç bir nəticəsi olmadığından Rasif polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun təqsiri şahidlərin ifadələri, inzibati xəta haqqında protokollar, habelə işin digər materialları ilə tam təsdiqini tapmışdır. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 04 fevral 2023-cü il saat 18:40-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu 04 fevral 2023-cü il, saat 18:40dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar