Məhkəmə qərarları › İş №3(052)-9/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-9/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-9/2024 17.04.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X9 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 28 mart 2024cü il tarixli, MN №1614227 nömrəli qərarından vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 28 mart 2024cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar və bu qərarla bağlı 08 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolun əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tərkibi olmadığı üçün ləğv edilərək iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidməti Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi 08 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və bunun əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 28 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsinə əsasən 1000 manat cərimə edilmişdir. Aşağıdakılara əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və bunun əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında 28 mart 2024-cü il tarixli qərarı əsassız hesab edir. Belə ki, barəsində inzibati xəta ilə bağlı araşdırma aparılan zaman onun iştirakı təmin edilməmiş, onun və şikayətçinin izahatı alınmamışdır. Bundan başqa Goranboy rayonu, Səfikürd kənd sakini Rufan Tahirli X10nin Bakı şəhər idarəsinə ərizə ilə müraciət edərək əmək haqqını vaxtında aldığını bildirmişdir. Bu ərizə X5 12 yanvar 2024-cü il tarixdə göndərilmişdir. Göründüyü kimi işçi ərizə verib əmək haqqını aldığını, ondan heç bir şikayəti olmadığını bildirsə də, əməlində inzibati xətalar məcəlləsinin tərkibi olmadığı halda əsassız olaraq onun barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 Əmək Müfəttişliyinə müraciət edərək ərizəsinin etibarsız hesab edilməsini xahiş etmiş olması bir daha onu sübut edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın hüquqi əsası yoxdur. Belə ki, müəssisənin fəaliyyəti 03 mart 2023-cü il tarixdən dayandırılmışdır. Şikayətçi isə bu tarixə kimi əmək haqqını tam şəkildə almışdır. O, bu barədə ödənilmiş əmək haqqı borcunun olmamasını ərizə ilə əmək müfəttişliyinə bildirsə də, əmək müfəttişliyi bunu nəzərə almamış, 28 mart 2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda onun heç kimə əmək haqqı borcu yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq qeyd edir ki, o, 3-cü qrup müharibə əlilidir. Ona kömək göstərilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X12 çıxış edərək bildirdi ki, barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar tam qanunsuzdur. 03 mart 2023-cü il tarixdə onunla biznes şərikləri arasında baş vermiş narazılıqlar ilə əlaqədar sahibi olduğu “Park Naftalan” adlanan sanatoriya polis əməkdaşları tərəfindən bağlanılmış və fəaliyyəti dayandırılmışdır. Rufan Tahirli isə onun texniki işçisi olmuş və o, rəsmi əmək müqaviləsi əsasında Rufanı işə götürmüşdür. Rufanın sonuncu işlədiyi mart ayı üçün isə ona əmək haqqını tam şəkildə ödəmişdir. Aradan 8 ay keçdikdən sonra isə Rufan onunla münasibəti pis olan şəriklərinin təkidi ilə əmək müfəttişliyinə əsassız şikayət etmişdir. Rufana əlavə olaraq ödənilmiş pulu isə dekabr ayında deyil, işdən çıxan ərəfələrdə, Rufan işsiz qaldığı üçün kompensasiya olaraq ona ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi - Nümayəndə izahat verərək bildirdi ki, X12 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, X6 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidmətinə elektron qaydada müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə fiziki şəxs X12 ilə əmək müqaviləsi bağlamış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Lakin 2023-cü ilin mart ayı üzrə ona ödənilməli olan əmək haqqı ödənilməmişdir. Odur ki, məsələnin araşdırılması və ona məlumat verilməsini xahiş etmişdir. Daxil olmuş şikayət əsasında vətəndaş X6 şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. Bu zaman şikayətdə əksini tapan halların baş vermiş olması bir daha öz təsdiqini tapmışdır. Həmçinin onun əmək haqqı kartından çıxarış əldə olunmuşdur ki, bununla da müəyyən edilmişdir ki, həqiqətən də 2023-cü ilin mart ayı üçün X4 əmək haqqı ödənilməmişdir. 2023-cü ilin mart ayında onun əmək haqqı kartına cəmi 50 manat pul vəsaiti ödənilmişdir ki, bu da onun fevral ayı üçün ödənilməli əmək haqqının bir hissəsi olmuşdur. Vətəndaş əmək müfəttişliyinə şikayət etdikədən sonra isə X12 tərəfindən ona qalıq 400 manat pul vəsaiti ödənilmişdir. Bundan sonra vətəndaş yenidən müfəttişliyə müraciət edərək artıq X7 şikayətinin olmadığını, şikayətin etibarsız hesab edilməsini bildirmişdir. Bu isə o deməkdir ki, X9 hərəkətlərində inzibati xəta tərkibi olmuşdur. Odur ki, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, şikayət əsasız olduğundan rədd edilməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: **********.62817 nömrəli müraciət vərəqəsindən görünür ki, Goranboy rayonu, Səfikürd kənd sakini X6 xx.xx.2023-cü il tarixdə elektron qaydada müraciət edərək xx.xx.2022-ci il tarixdən fiziki şəxs X12 ilə əmək müqaviləsi bağladığını, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyini, lakin ona 2023-cü ilin mart ayı üzrə əmək haqqının ödənilmədiyini bildirmişdir. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidməti Bakı şəhər idarəsinə ünvanladığı 12 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, onun X7 heç bir narazılığı yoxdur. Ona məxsus müəssisədə işlədiyi müddətdə əmək haqqını vaxtı-vaxtında almışdır. Onun narazılığı müəssisənin şərikindəndir ki, iş yerinin fəaliyyəti zorla dayandırılmışdır. Ona görə də ünvanladığı şikayətin etibarsız hesab edilməsini xahiş etmişdir. 08 yanvar 2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X4 2023-cü ilin mart ayı üzrə əmək haqqısı ödənilmədiyindən və bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulduğundan, vəzifəli şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli, MN №1614227 qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozularaq X4 Naftalan şəhərində xx.xx.2023-cü il tarixdə işdən çıxdığı gün X12 tərəfindən ona düşən bütün ödənişlər işdən çıxdığı gün tam məbləğdə ödənilməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənşlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Eyni Məcəllənin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Eyni Məcəllənin 135.1.5-1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda və sair hallarda. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X12 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, işəgötürən tərəfindən işçi X4 xx.xx.2023-cü il tarixdə işdən çıxdığı gün düşən bütün ödənişlər tam məbləğdə ödənilməmişdir. İşçi qeyd olunan tarixdə işdən azad olunmasına baxmayaraq, həmin tarixə kimi işlədiyi günlər üçün əmək haqqını tam şəkildə almamış, yalnız müvafiq icra hakimiyyətinə rəsmi şikayətindən sonra pozulmuş hüquqları bərpa olunmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi baş vermişdir. Bu isə onu deməyə əsas verir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədilmə şəraiti, necə törədildiyi, inzibati xəta tərkibinin yaranması üçün əsasların olub-olmaması lazımi qaydada araşdırılmış və yekun qərar qəbul edilmişdir. Odur ki, X9 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli, MN №1614227 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar