Məhkəmə qərarları › İş №3(053)-1/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-1/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-1/2023 10.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1957-ci ildə Neftçala rayonu Mirqurbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 09 dekabr 2022-ci ildə Şəxs mal-qaranı sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində yolun hərəkət hissəsinə nəzarətsiz ötürmüş, nəticədə mal-qara “Daewoo Nexia” markalı 90XJ261 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, yol-nəqliyyat hadisəsinin “Daewoo Nexia” markalı 90XJ261 dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gəlməsi səbəbindən baş verdiyini bildirmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 09 dekabr 2022-ci ildə saat 06.30 radələrində etibarnamə əsasında idarə etdiyi “Daewoo Nexia” markalı 90XJ261 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala-Mirqurbanlı yolunda normal sürətlə hərəkət edirdi. Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində havanın qaranlıq vaxtında ağacların arasından yola qəfildən inək çıxaraq qaçmışdır. Qeyd edir ki, həmin anda qarşıdan “VAZ 2107” markalı avtomobil gəlirdi. Həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sola istiqamətləndirə bilməmiş, lakin qəzadan yayınmaq üçün əyləci sıxmışdır. Buna baxmayaraq avtomobilinin ön hissəsi ilə inəyi vurub. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi halı zərərçəkmişin ifadəsi lə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 90 (doxsan) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar