Məhkəmə qərarları › İş №3(053)-113/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-113/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-113/2024 09.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1963-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 05 mart 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, Şəxs özünə məxsus «Chevrolet Aveo» minik markalı 99BK818 dövlət qeydiyyat nişanlı avtomobillə 05 mart 2024-cü ildə saat 17.30-da Salyan-Neftçala avtomobil yolunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsindən keçən hissəsində Neftçala şəhəri istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən yolun sol ehtiyat hissəsindən qəflətən qarşısına xırdabuynuzlu heyvanların çıxması nəticəsində idarəetməni itirərək avtomobili yolun sağ ehtiyat hissəsində olan piyada səkisinə və elektrik dirəyinə vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən bədən xəsarətləri almış, həmçinin 4 kv. metr sahədə tamet səkinin və bardürün uçulması, habelə bir ədəd elektrik dirəyinin sıradan çıxması nəticəsində Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi üzrə nümayəndəliyinə ümumilikdə 621 manat məbləğində maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işin məhkəmə baxışı zamanı yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, hadisə vaxtı avtomobildə olan qızı Zərərçəkmiş şəxs xəsarət aldığını görüb dərhal «103» təcili tibbi yardım xidmətinə zəng etmiş, həmçinin hadisə yerində olan şəxslərdən biri DYP əməkdaşlarına məlumat vermişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım xidmətinin əməkdaşları və Neftçala RPŞ DYPB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Təcili tibbi yardım xidmətinin avtomobili ilə qızı Gülnarı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Polis əməkdaşları isə onun iştirakı ilə hadisə yerində müvafiq sənədləşmə işləri aparmışlar. Bildirir ki, baş vermiş hadisə zamanı 4 kv. metr sahədə tamet səkinin və onun bardürünün, habelə bir ədəd elektrik dirəyinin sıradan çıxması nəticəsində Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi üzrə nümayəndəliyinə ümumilikdə 621 manat məbləğində maddi zərər dəymişdir. Həmin maddi zərəri tam ödəməklə hadisənin zərərli nəticələrini aradan qaldırıb. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 05 mart 2024-cü il tarixdə saat 12 radələrində müəllimə işlədiyi Salyan rayonu, Quyuçu kəndində yerləşən Zahid Hüseynov adına orta məktəbdən işdən çıxaraq Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yaşayan bacısının evinə gəlib. Həmin gün saat 16 radələrində atası Şəxs idarə etdiyi və özünə məxsus olan «Chevrolet Aveo» minik markalı 99BK818 dövlət qeydiyyat nişanlı avtomobillə onun arxasınca bacısının yaşadığı ünvana gəlmiş və orada bir neçə dəqiqə qaldıqdan sonra atası ilə birlikdə Aşağı Qaramanlı kəndindən çıxaraq evlərinə doğru hərəkət etmişlər. Yolda gələrkən arxada əyləşmiş və yorğun olduğundan bir neçə dəqiqə onu yuxu tutaraq yatmışdır. Bir də gözlərini açdıqda Neftçala Rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Bundan sonra bilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Hadisədən əvvəl avtomobildə atası Şakirlə ondan başqa heç kəs olmayıb. Hadisə ani bir vaxtda baş vermiş, həmin vaxt avtomobildə yatmış vəziyyətdə olmuşdur. Qəza nəticəsində sağ qaş və gözaltı nahiyyələrindən xəsarət alıb. Hazırda səhhəti tam nomaldır və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı zərər çəkmiş şəxsin izahatı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. O cümlədən 11 mart 2024-cü il tarixli 53 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ qaşüstü, sağ gözaltı nahiyələrinin yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə Şəxs öz əməlini səmimi etiraf etdiyini və peşiman olduğunu, zərər çəkmişə və zərər çəkmiş hüquqi şəxsə vurduğu zərəri ödədiyini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar