Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-114/2024 29.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxx 1953-cü ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan, faktik olaraq Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 28 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 28 mart 2024-cü il tarixdə saat 13 radələrində Neftçala RPŞ-nin əməkdaşları tərəfindən «darama» şərti adı altında keçirilən tədbir zamanı polis əməkdaşlarının qanuni tələbinə qəsdən məhəl qoymayaraq tabesizlik göstərmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş əməllə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 28 mart 2024-cü il tarixdə günorta vaxtı Xolqarabucaq kəndinin mərkəzi yolunun kənarında yerləşən çayxanada olub. Həmin gün saat 13 radələrində Aprel döyüşlərinin iştirakçısı və 44 günlük Vətən Müharibəsi qazisi olan oğlunu xəstəxanaya aparmaq məqsədilə idarə etdiyi avtomobili ilə çayxanadan çıxıb evinə tərəf getməyə başlayıb. Bu zaman çayxananın yaxınlığında mərkəzi yolda DYPB-nin və PPX-nin xidməti avtomobillərinin dayandığını, həmçinin onların iki avtomobil sahiblərini saxlatdıqlarını görmüşdür. İdarə etdiyi avtomobili ilə onların yanından keçib yaşadığı evə tərəf getmişdir. Bir qədər sonra arxasınca polis maşının gəldiyini və polis əməkdaşlarının ona «saxla» işarəsi verdiyini görmüşdür. Avtomobilini yolun kənarına verib saxlamış və düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Bu zaman polislər ona əmrə tabe olmadığı üçün onun arxasınca gəldiklərini bildirmişlər. Polislərə yaşlı adam olduğunu və ona «saxla» işarəsini vermələrini görmədiyini bildirmiş, hətta onlara bir şer də söyləmişdir. Həmçinin bildirmişdir ki, bu bilərəkdən ola bilməz, əgər onların saxlamaq üçün işarə verdiklərini görsəydi mütləq avtomobili saxlayardı. Bundan sonra 2 nəfər polis əməkdaşı onun qollarını burub fiziki zor tətbiq etməklə PPX-nin xidməti avtomaşınına mindirib Neftçala Rayon Polis Şöbəsinə gətiriblər. Polis şöbəsində izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məhkəməyə gətirilib. Qeyd edir ki, polis əməkdaşlarına heç bir tabesizlik göstərməyib, əksinə onların işarəsini gördükdə avtomobilini saxlayıb, özü onlara yaxınlaşmışdır. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktik halları, o cümlədən iş materialları ilə müəyyən olunur ki, Şəxs özünə məxsus olan «Renault-Meqane» markalı 90DY184 dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində kəndin mərkəzi yolu ilə hərəkətdə olarkən Neftçala RPŞ-nin DYPB və PPX əməkdaşları tərəfindən birgə keçirilmiş «darama» şərti adlı tədbir çərçivəsində saxlanılmış və ona polis əməkdaşlarına tabesizlik göstərdiyi bildirilmişdir. İnzibati xəta haqqında protokolda və digər iş materiallarında Şəxs polis əməkdaşlarının tələbinə qəsdən tabe olmayaraq idarə etdiyi avtomobili polis əməkdaşlarının üzərinə sürərək ərazidən uzaqlaşdığı qeyd olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə bildirir ki, 28 mart 2024-cü il tarixdə saat 13 radələrində idarə etdiyi avtomobili ilə polis əməkdaşlarının yanından keçib yaşadığı evinə tərəf getmiş, bir qədər sonra arxasınca polis əməkdaşlarının xidməti maşınla gəldiyini və ona «saxla» işarəsi verildiyini görmüşdür. Avtomobilini yolun kənarına verib saxlamış və düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Bu zaman polislər ona əmrə tabe olmadığı üçün onun arxasınca gəlməli olduqlarını bildirmişlər. Polislərə yaşlı adam olduğunu və ona «saxla» işarəsi vermələrini görmədiyini bildirmişdir. Polis əməkdaşlarından qaçmağa ümumiyyətlə cəhd göstərməmiş, əksinə tələblərinə tabe olaraq idarə etdiyi avtomobili saxlayaraq polis əməkdaşlarına özü yaxınlaşmış və daha sonra polis əməkdaşları onu PPX-nin avtomaşınına mindirmişlər. Bu zaman da polis əməkdaşlarına tabe olub onlarla birlikdə polis şöbəsinə getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiklərini təkzib edə biləcək hər hansı sübut (məsələn videoyazı və s.) məhkəməyə təqdim olunmayıb. Bununla yanaşı, hadisə hətta inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə (məsələn, 28 mart 2024-cü il tarixli raportda) polis orqanının göstərildiyi kimi baş vermişsə də belə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə deyil, bu Məcəllənin XXİX fəslində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təqsirli sayıla bilərdi. Beləliklə, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-114/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-114/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver