Məhkəmə qərarları › İş №3(053)-116/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-116/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-116/2024 09.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxx 1984-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta texniki təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 09 aprel 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş sənədlərdən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktik hallarından görünür ki, Şəxs Ələsgər oğlu özünə məxsus olan, konstruksiyasına dəyişiklik edilmiş və qabaq dövlət qeydiyyat nişanı üzərində olmayan «VAZ 2107» markalı 90MZ264 dövlət qeydiyyat nişanlı avtomobili 08 aprel 2024-cü ildə saat 18.15-də Neftçala şəhəri, A.Cəfərov küçəsində işıq cihazından düzgün istifadə etməməklə idarə edərkən Neftçala RPŞ DYPB-nin əməkdaşları tərəfindən verilmiş «dur» işarəsinə tabe olmamış, şəhərin M.Əsədov küçəsində yerləşən işıqforun qadağanedici işığından təhlükəli manevr edərək keçib, yol hərəkəti qaydalarını davamlı pozaraq avtomobili idarə etməkdə davam etmişdir. Şəxs Ələsgər oğlunun hərəkətləri nəticəsində onun idarə etdiyi mexaniki nəqliyyat vasitəsi qəflətən sürətlənərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmışdır. Bu və s. əməlləri ilə Şəxs Ələsgər oğlu avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edib. İşin məhkəmə baxışı zamanı Şəxs Ələsgər oğlu özünü Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilərək, «VAZ 2107» markalı 90MZ264 dövlət qeydiyyat nişanlı avtomobilin onun özünə məxsus olduğunu bildirmişdir. Həmin avtomobili 08 aprel 2024-cü ildə saat 18.15 radələrində Neftçala şəhəri, A.Cəfərov küçəsindən M.Əsədov küçəsi istiqamətində idarə edərkən DYP əməkdaşı ona saxla işarəsi vermiş, lakin o, qorxub, avtomobili saxlamayaraq ərazidən uzaqlaşmışdır. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq əməli törətməsi faktı iş materialları ilə təsdiq olunur. O cümlədən, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs X1 məhkəməyə bildirdiklərindən görünür ki, Şəxs Ələsgər oğlu «VAZ 2107» markalı 90MZ264 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xarici işıq siqnallarından düzgün istifadə etmədiyinə, avtomobilin konstruksiyasına dəyişikliklər etdiyinə və qabaq dövlət qeydiyyat nişanı üzərində olmadığına görə ona DYP əməkdaşı tərəfindən “dur” işarəsi verilmiş, lakin o, avtomobili dayandırmayıb, təhlükəli manevr edərək işıqforun qadağanedici işığından keçmişdir. Polis əməkdaşları az bir müddət ərzində onu təqib etmiş, bu zaman Şəxs Ələsgər oğlu «VAZ 2107» markalı 90MZ264 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini “ziqzaqla” davam etdirərək təhlükəli manevrlər etmiş, nəticədə avtomobilin təkərləri yola sürtünərək səs çıxarmışlar. Polis əməkdaşları təqib edəcəkləri təqdirdə Şəxs Ələsgər oğlunun hər hansı qəza törədəcəyindən ehtiyatlanıb, təqibi dayandırmışlar. X2 həmçinin bildirir ki, Şəxs Ələsgər oğlu bir neçə il bundan əvvəl də avtoxuliqanlıq hərəkətləri etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ələsgər oğlu Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Eyni Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır”. Qeyd olunur ki, işə məhkəmədə baxılması zamanı Şəxs Ələsgər oğlunun sol qolunun bilək və sağ qolunun çiyin hissələrində xəsarətlər olması müşayiət olunmuşdur. Suallara cavab olaraq Şəxs Ələsgər oğlu bildirmişdir ki, sağ qolunun çiyin hissəsində olan xəsarəti bir müddət əvvəl keçirdiyi yol-nəqliyyat qəzası nəticəsində alıb və həmin xəsarətlə əlaqədar tibbi əməliyyat keçirib. Sol qolunun bilək hissəsindəki xəsarətləri isə Neftçala Rayon Polis Şöbəsində “rezakla” özü-özünə yetirib. Belə ki, polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsindən acıqlanmış və özü-özünə xəsarətlər yetirmişdir. Bundan sonra o, xəstəxanaya aparılaraq zəruri tibbi yardım almışdır. Şəxs Ələsgər oğlu işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmiş, fiziki zor tətbiq edilməmişdir. Bədənində isə yuxarıda qeyd olunanlardan başqa heç bir təzə xəsarət izi yoxdur. Hesab edirəm ki, Şəxs Ələsgər oğlunun törətdiyi əməldən peşman olmasını bildirməsi, himayəsində yetkinlik yaşına çatmamış uşağının olması və səhhətinin mövcud vəziyyəti iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal işin məhkəmə baxışı zamanı müəyyən edilməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini səciyyələndirən hallara qiymət verərkən məhkəmə iş materiallarına əlavə olunmuş kompakt diskdəki videoyazılara diqqət yetirməyi zəruri sayır. Qeyd olunan kompakt diskdəki videoyazılarla Şəxs Ələsgər oğlunun konstruksiyasına dəyişikliklər edilmiş və qabaq dövlət qeydiyyat nişanı üzərində olmayan «VAZ 2107» markalı avtomobili dəniz kənarında təhlükəli manevrlər (“drift”) etməklə idarə etməsi, o cümlədən avtomobili yüksək sürətlə və “ziqzaq” hərəkətlərlə idarə edərək kəskin dönmə əməliyyatı həyata keçirməsi, bu zaman avtomobilin iki təkərinin yer səthindən qalxması, təkərlərin qum üzərində dərin izlər qoyması müşahidə olunur. Qeyd edilir ki, müvafiq videogörüntülər “TikTok” sosial şəbəkəsində yayımlanmış və həmin yayımlarda Şəxs Ələsgər oğlu tamaşaçıları onunla əlaqə saxlamağa və sanki eyni hərəkətləri təkrarlamağa çağırmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirir ki, yuxarıda qeyd olunan videoyazılar 3 – 4 ay əvvəl çəkilib. Yuxarıda göstərilənlər Şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası İXM-nin 511-ci maddəsində nəzərdə tutulan əməli törətməyə meylli olduğunu təsdiqləyir və müvafiq mənada onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirmir. Bu zaman məhkəmə Şəxs Ələsgər oğlunun avtomobillə təhlükəli manevrlər etməklə yanaşı, sosial şəbəkə izləyicilərini eyni hərəkətləri təkrarlamağa sövq etməsini xüsusilə nəzərə alır. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 31.2 və 9.1-ci maddələrinin tələblərini nəzərə alıb hesab edirəm ki, Şəxs Ələsgər oğluna həmin Məcəllənin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 425 – 427, 430 – 432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Ələsgər oğlu Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 09 aprel 2024-cü il saat 18.00-dan hesablansın. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar