Məhkəmə qərarları › İş №3(053)-121/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-121/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-121/2023 14.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.6, 100.1.9 və 100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda «olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı», «inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər», «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» göstərilməlidir. İnzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd tərtib olunub. Belə ki, inzibati xəta haqqında protokolun bunun üçün ayrılmış xüsusi bölməsində Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinin tələbinə zidd olaraq zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı göstərilməmiş, protokolda həmin Məcəllənin 100.1.9-cu maddəsinin tələbinə zidd olaraq “İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər” bölməsi doldurulmamış, o cümlədən inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin miqdarı göstərilməmişdir. Protokolun «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» bölməsi də doldurulmayıb. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin oğurluq yolu ilə taladığı əmlakın dəyərini təsdiq edə biləcək heç bir mötəbər sübut (məsələn, mütəxəssis rəyi) əldə olunmamış, həmin əmlakın dəyəri ilə bağlı zərərçəkmiş şəxsin izahatı belə iş materiallarına əlavə edilməmişdir. Məhkəməyə təqdim olunmuş materiala Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi İsmayıl Zeynalovun material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərarı əlavə edilib. Lakin həmin qərarda belə oğurluq yolu ilə talanmış əmlakın yekun dəyəri ilə bağlı müddəa (əmlakın dəyəri ilə bağlı müstəntiqin gəldiyi qənaət) əks olunmayıb. Bununla yanaşı, qərarda oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla törədilib-törədilmədiyinə dair də müstəntiqin mülahizəsi (qənaəti) göstərilməmiş, yalnız zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları əks olunmaqla heç bir əsaslandırma və qiymətləndirmə aparılmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin və Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissələrini nəzərdən keçirərək hesab edir ki, yalnız yuxarıda göstərilənlərdən irəli gələn məsələlər araşdırılıb qiymətləndirildikdən sonra şəxsin əməlində cinayət və ya inzibati xəta tərkibinin olub-olmadığını müəyyən etmək mümkündür. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış səlahiyyətli orqan (vəzifəli şəxs) məhkəməyə təqdim olunan materiala yalnız müstəntiqin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərarını əlavə etməklə kifayətlənmiş, iş üzrə zəruri olan heç bir əlavə araşdırma aparmamış, izahatlar almamış, müstəntiq tərəfindən alınmış izahatların surətlərini belə materiala əlavə etməmişdir. İş materiallarına yuxarıda göstərilən qərardan başqa ümumiyyətlə heç bir sübut əlavə edilməyib. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini icra etməyib. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən «106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı». Qanunvericiliyin istinad olunan müddəalarını və işi faktik hallarını nəzərə alaraq hesab edirəm ki, yuxarıda göstərilənlər hallar işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Neftçala Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar