Məhkəmə qərarları › İş №3(053)-141/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-141/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-141/2025 04.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24369599 nömrəli qərarından X1 şikayətinə və şikayət vermə müddətinin bərpasına dair vəsatətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xüsusi texniki vasitəsi 26 oktyabr 2024cü ildə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib etmiş, DİN-in BDYPİ-nin vəzifəli şəxsinin 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24369599 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət vermiş, eyni zamanda həmin qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. X3 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24369599 saylı qərar qəbul edilmişdir. O, 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24369599 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edir ki, o, “X7” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. 26 oktyabr 2024-cü il tarixdə, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində idarə etdiyi nəqliyyat vasitəsinin çəkisi çəki ölçmə nəzarət sistemi vasitəsilə ölçülmüşdür. Bu ölçməni həyata keçirən cihazın “Kistler 9835A” markalı elektron cihaz olduğu qeyd edilərək, nəticədə onun inzibati xəta törətdiyi qənaətinə gəlinmiş və bu əsasla inzibati tənbeh tətbiq olunmuşdur. Qərarda bildirilir ki, o, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki həddini aşmışdır. Lakin qeyd olunan bu hal tamamilə əsassızdır, çünki nəqliyyat vasitəsinin çəkisi istehsalçı tərəfindən müəyyən olunmuş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Belə ki, idarə etdiyi “X7” yük markalı nəqliyyat vasitəsinə “MURATSAN” markalı yarımqoşqu qoşulur. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən yük avtomobilinin maksimal yük tutumu: 18,000 kq, yarımqoşqunun maksimal yük tutumu: 33,500 kq-dır. Ümumi maksimum yük tutumu: 51000 kq-dır. İdarə etdiyi nəqliyyat vasitəsi 5 oxludur. Lakin Baş Dövlət Yol Polis İdarəsi onun avtomobilini 4 oxlu nəqliyyat vasitəsi hesab edərək maksimum yük həddini səhv (36000 olaraq) müəyyən etmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən 5 oxlu nəqliyyat vasitəsi üçün icazə verilən maksimum çəki həddi 40000 kq təşkil edir. Lakin inzibati qərar qəbul edilərkən yanlış olaraq 36000 kq həddinin əsas götürüldüyü görünür, bu isə hüquqi cəhətdən yanlış və əsassızdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, inzibati xəta törətmiş şəxsə obyektiv və əsaslandırılmış sübutlar təqdim edilməlidir. Lakin barəsində qəbul edilmiş qərar səhv hesablamalara və natamam ölçmələrə əsaslanaraq çıxarılmış, bu isə qanunun aliliyinin və vətəndaş hüquqlarının pozulması deməkdir. Bu faktı nəzərə alaraq, o heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq, barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, ona tətbiq edilən bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Bundan əlavə, qeyd olunan “Kistler 9835A” cihazının statik vəziyyətdə çəki ölçmək üçün nəzərdə tutulduğu və hərəkət halında olan nəqliyyat vasitələrinin çəkisini ölçərkən müxtəlif dinamik amillər səbəbindən qeyri-dəqiq nəticələr verə biləcəyi məlumdur. Hərəkət zamanı avtomobilin çəkisini müəyyən edərkən sürət, yol örtüyünün vəziyyəti, təbii vibrasiyalar və digər xarici təsirlər ölçmənin nəticələrinə təsir göstərə bilər. Bu isə o deməkdir ki, ona tətbiq edilən cərimə qeyri-dəqiq və hüquqi baxımdan əsassız bir ölçmə əsasında müəyyən edilmişdir. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 26 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qanunvericiliyə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun təqsiri müvafiq qaydada sübuta yetirilməlidir. Lakin onun barəsində qəbul edilmiş qərarda hər hansı əsaslı sübut təqdim edilməmişdir. Nəqliyyat vasitələrinin çəkisinin müəyyən edilməsi üçün istifadə olunan texniki vasitələrin sertifikatlaşdırılmış və kalibrlənmiş olması vacibdir. Ona qarşı tətbiq edilən ölçmənin aparıldığı “Kistler 9835A” markalı cihazın qanuni tələblərə uyğun olub-olmadığı, onun sertifikatlaşdırılması və kalibrlənməsi barədə ona heç bir məlumat təqdim edilməmişdir. İnzibati tənbeh tətbiq edən şəxsin sübut etmə vəzifəsi vardır. Hazırkı halda, 26 oktyabr 2025-ci il tarixli qərarı qəbul etmiş polis əməkdaşı nəqliyyat vasitəmin çəkisinin həddi aşdığını sübuta yetirmək üçün kifayət qədər hüquqi və texniki əsaslar təqdim etməmişdir. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qərarları yalnız qanuna əsaslanmalıdır. Lakin bu qərar, heç bir obyektiv və hüquqi əsas olmadan qəbul edilmiş və onun hüquqlarını pozmuşdur. Nəqliyyat vasitəsinin çəkisi avtomobili üçün müəyyən edilmiş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Avtomobil mütəmadi olaraq texnki yoxlamadan keçirilir və daşıma qaydalarına tam riayət olunur. Ona tətbiq olunan inzibati tənbeh qərarında qeyd edilən çəki ölçmə cihazı ilə ölçülən nəticənin də düzgünlüyü şübhə altına alınır. Bu sistem, statik vəziyyətdə olan nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün istifadə edilir və hərəkət halında olan avtomobilin çəkisini ölçməkdə dinamik təsirlər və sürət faktoru səbəbindən qeyri-dəqiqliklər yarana bilər. Bu səbəbdən, ona tətbiq olunan cərimənin əsassız olduğunu hesab edir. Onun avtomobilinin çəki həddi aşılmadığı halda, bu qərar əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Bildirir ki, barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı, 24369599 saylı inzibati tənbeh vermə haqqında qərar 26 oktyabr 2024-cü il tarixində qəbul edilsə də ona təqdim olunmamışdır. Qərarı yalnız Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdikdən sonra, 06 mart 2025-ci il tarixində rəsmi olaraq əldə edə bilmişdir. Bu da onun həmin qərara münasibət bildirmək və qanuni hüquqlarını qorumaq imkanını əngəlləmişdir. İnzibati tənbeh tətbiq edilməklə bağlı qərarın şəxsə düzgün və qanuni şəkildə təqdim edildiyi tarixdən sonra 20 gün ərzində müvafiq şikayət məhkəməyə və ya səlahiyyətli orqana verilməsi imkanı yaratmaq məqsədi daşıyır. Lakin, onun barəsində verilmiş inzibati tənbeh haqqında qərar yalnız 20 fevral 2024-cü ildə təqdim olunmuşdur. Bu vəziyyət, hüquqlarını pozur və ədalətli mühakimə hüququnu təmin etməyə mane olur. Qanunun ona verdiyi hüquqlardan istifadə etmə imkanı, yalnız qərarın rəsmi şəkildə təqdim olunmasından sonra yaranır. Həmin qərarın təqdim edilməsindəki gecikmə, onun şikayət vermək hüququnun həyata keçirilməsinə mane olub, bu da hüquq pozuntusunun bir hissəsini təşkil edir. Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinə əsasən, inzibati tənbeh barədə qərarın qəbul edilməsindən sonra həmin qərarın şəxsə təqdim olunması və ya göndərilməsi müvafiq qaydalara uyğun səkildə həyata keçirilməlidir. Lakin, onun vəziyyətində bu qaydalara riayət edilməmişdir. Nəticədə qərarın təqdim edilməsi zamanı onun qanuni müdafiə hüququnu təmin edən müddət ötürülmüşdür. Bu müddət ərzində ona qərar təqdim olunmadığı üçün qərara qarşı şikayət verməsinə əngəllər yaranmışdır. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi və Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli EQ seriyalı, 24369599 saylı qərarın ləğv edilməsi və barəsində İXM-nin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında məlumat verilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, qərardan buraxılmış şikayət vermə müddəti bərpa edilməli, şikayət isə təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq qərarın qəbul edildiyi 26 oktyabr 2024-cü il tarixindən şikayətin məhkəməyə daxil olduğu 17 mart 2025-ci il tarixinədək 04 aydan çox vaxt keçib. X3 öz şikayətində bildirir ki, mübahisələndirdiyi qərarının surətini rəsmi qaydada 06 mart 2025-ci ildə alıb. 2025-ci ilin mart ayının 16-sı bazar gününə təsadüf etdiyi üçün şikayət 17 mart 2025-ci ildə məhkəməyə daxil olmuşdur. Qeyd olunan hallar müddətin bərpası üçün əsasdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24369599 nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 353.2-cı maddələri ilə təqsirli bilərək 600 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 26 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında verilib. İşdə olan BA seriyalı, 258213 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, istehsal tarixi 2011-ci il, qeydiyyat nişanı **-BH- *** olan “X7” yük markalı avtomobilin mülkiyyətçisi X5 olmaqla avtomobilin maksimal kütləsi 18000 kq, yüksüz kütləsi isə 7025 kq-dır. İşdə olan BA seriyalı, 258214 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, istehsal tarixi 2015-ci il, qeydiyyat nişanı **-ZJ- *** olan “MURATSAN” markalı yarımqoşqunun mülkiyyətçisi X5 olmaqla özüboşaldan yarımqoşqunun maksimal kütləsi 33500 kq, yüksüz kütləsi isə 7000 kq-dır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xətanın “X7” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri nəticəsində baş verdiyinin sübuta yetirilməsi üçün kifayət edə biləcək sübutlar toplanmayıb. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 134 – 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin olunsun. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin vəzifəli şəxsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat miqdarında cərimə edilməsinə dair 26 oktyabr 2024-ci il tarixli, EQ seriyalı, 24369599 nömrəli qərarı ləğv edilsin və işin icraatına xitam verilsin. Hazırkı qərarın surəti Azərbaycan Respublikası DİN-in BDYPİ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar