Məhkəmə qərarları › İş №3(053)-145/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-145/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-145/2024 07.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə 07 oktyabr 1992-ci ildə Neftçala rayonu, Xolqaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Xolqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 07 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, Şəxs 24 mart 2024-cü il tarixdə saat 18.30 radələrində Neftçala rayonu, Mürsəqulu kənd sakini Zərərçəkmiş şəxs, Mürsəqulu kəndində, küçədə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən sol qasıq və burun nahiyəsindən əli və ayağı ilə vurmaqla döyərək fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Həsənov X1 mal-qara saxlaması üçün tövlə tikmişdir. Həmin tövlə onun yaşadığı evin qarşısındadır və onun yerləşdiyi torpaq sahəsi Zərərçəkmiş şəxs məxsus deyil. O, Elmana sadəcə mal-qaranı evinin qarşısında tikdiyi tövlədə saxladığına görə öz iradını bildirmişdir. Bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elman əsəbləşərək onun üzərinə gəlmiş və əynindəki gödəkçəsindən tumuşdur. O, da məcbur olub Elmanı özündən kənarlaşdırmaq məqsədilə sonuncunun əlini gödəkçədən rədd edərək ondan uzaqlaşmışdır. Mübahisə zamanı Elmanı əli və ayağı ilə vurmayıb. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs və onun qardaşı Sadiq Abdullayevlə aralarında 24 may 2024-cü ildə saat 18.30-da mübahisə olub. Həmin mübahisə Neftçala rayonu, Mürsəqulu kəndində yaşadığı evin yaxınlığında heyvanları üçün düzəltdiyi tövləyə görə baş vermişdir. Mübahisə zamanı onlar həmin tövləni sökməsini ondan tələb etmişlər. O, ərazinin ona məxsus olduğunu, tövləni sökməyəcəyini onlara bildirdikdə Abdulla onu əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşdür. Bu səbəbdən onların əməlləri barədə Neftçala Rayon Polis Şöbəsinə məlumat vermiş, həmçinin şikayət ərizəsi yazaraq barələrində tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 29 mart 2024-cü il tarixli 60 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sol qasıq nahiyəsinin qançırı, burunun yumşaq toxumasının sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar