Məhkəmə qərarları › İş №3(053)-149/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-149/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-149/2024 08.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 08 may 2024-cü ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 26 dekabr 2022-ci ildə verilmiş 14 oktyabr 2022-ci il tarixli 2(053)-688/2022 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 10.250 manat məbləğində kredit müqaviləsi üzrə borc və ödənilmiş 121 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 verilməlidir. Bununla yanaşı, Neftçala Rayon Məhkəməsi tərəfindən 15 may 2023-cü ildə verilmiş 04 aprel 2023-cü il tarixli 2(053)-298/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 4.350,48 manat əsas məbləğ üzrə və 564,67 manat faiz üzrə borc olmaqla, cəmi 4.915,15 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 69,15 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin Neftçala Rayon Məhkəməsi tərəfindən 23 yanvar 2024-cü ildə verilmiş 14 noyabr 2023-cü il tarixli 2(053)-769/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 4.554 manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 66 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. İşin faktik halları ilə həmçinin aşağıdakılar müəyyən olunur. Neftçala Rayon Məhkəməsi tərəfindən 26 dekabr 2022-ci ildə verilmiş 14 oktyabr 2022-ci il tarixli 2(053)-688/2022 nömrəli icra vərəqəsi üzrə icra məmuru tərəfindən 05 yanvar 2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Şəxs həmin icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Neftçala Rayon Məhkəməsinin 3(053)-123/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qərarına əsasən eyni maddə ilə təqsirli bilinərək 550 manat miqdarında cərimə olunmuşdur. Bununla yanaşı, Şəxs eyni, yəni 26 dekabr 2022-ci ildə verilmiş 14 oktyabr 2022-ci il tarixli 2(053)-688/2022 nömrəli icra sənədinə münasibətdə təkrar olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, bu səbəbdən Neftçala Rayon Məhkəməsinin 3(053)-486/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Yuxarıda göstərilən qərarların heç birindən apellyasiya şikayəti və ya protesti verilməmiş və onlar Azərbaycan Respublikası İXM-nin 138.1.1-ci maddəsi ilə müəyyən olunan qaydada qanuni qüvvəyə minmişlər. Neftçala Rayon Məhkəməsi tərəfindən 15 may 2023-cü ildə verilmiş 04 aprel 2023cü il tarixli 2(053)-298/2023 nömrəli icra vərəqəsi üzrə icra məmuru tərəfindən 02 iyun 2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilib. Neftçala Rayon Məhkəməsi tərəfindən 23 yanvar 2024-cü ildə verilmiş 14 noyabr 2023-cü il tarixli 2(053)-769/2023 nömrəli icra vərəqəsi üzrə icra məmuru tərəfindən 01 fevral 2024-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilib. İcra məmurunun 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 26 dekabr 2022-ci ildə verilmiş 14 oktyabr 2022-ci il tarixli 2(053)- 688/2022 nömrəli, 15 may 2023-cü ildə verilmiş 04 aprel 2023-cü il tarixli 2(053)-298/2023 nömrəli və 23 yanvar 2024-cü ildə verilmiş 14 noyabr 2023-cü il tarixli 2(053)-769/2023 nömrəli icra sənədləri bir icraatda birləşdirilmişlər. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.4-cü maddələrinin mənasına görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini habelə işin icraatını rədd edən halların mövcud olub-olmadığını araşdırmalıdır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Göründüyü kimi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta isə obyektiv cəhətdən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsində ifadə olunur. İşin faktik hallarından görünür ki, Xəlilov X3 Rayon Məhkəməsi tərəfindən 26 dekabr 2022-ci ildə verilmiş 14 oktyabr 2022-ci il tarixli 2(053)-688/2022 nömrəli icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə Neftçala Rayon Məhkəməsinin 3(053)-123/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qərarına əsasən cəlb olunub. Hazırkı iş üzrə inzibati xəta haqqında protokolun 08 may 2024-cü ildə tərtib olunduğunu, beləliklə, Neftçala Rayon Məhkəməsinin 3(053)-123/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən bir ildən çox vaxt keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində 17 aprel 2023-cü il tarixli qərarla əlaqəli hissədə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibi yoxdur. Bununla yanaşı, işin faktik hallarından görünür ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edildiyi 08 may 2024-cü il tarixindən əvvəlki bir il daxilində (08 may 2023cü il tarixindən 08 may 2024-cü il tarixini əhatə edən dövrdə) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub (Neftçala Rayon Məhkəməsinin 3(053)-486/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli qərarı). Bunu, habelə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin dispozisiyasını nəzərə aldıqda Şəxs əməlində 22 noyabr 2023-cü il tarixli qərarla əlaqəli hissədə İXM-nin 528.1-1-ci maddəsinin tərkibinin yaranması sual doğurur. Göstərilənlərlə yanaşı məhkəmə vurğulayır ki, Xəlilov X3 Rayon Məhkəməsi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli 2(053)-298/2023 nömrəli və 14 noyabr 2023cü il tarixli 2(053)-769/2023 nömrəli icra sənədləri üzrə əvvəllər Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmayıb. Belə olan halda onun əməlində yuxarıda göstərilən icra sənədlərinə münasibətdə də Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibi yarana bilməz. Göründüyü kimi birinci icra sənədi ilə ikinci və üçüncü icra sənədləri üzrə əməllər hüquqi məzmun baxımından fərqlidirlər. Buna baxmayaraq icra məmuru Şəxs fərqli yanaşma və tövsif tələb edən əməllərinə ayrı-ayrılıqda qiymət verməmiş, inzibati xəta haqqında protokolda hər üç icra sənədi üzrə əməlləri İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif etmişdir (müvafiq məsələnin həlli zamanı icra məmuru Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin müddəalarını nəzərdən keçirə bilərdi). Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsinə əsasən “114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; 114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; 114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə. 114.3. İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. 114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin qərarın (qərardadın) formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında işə baxan hakimin şəxsin əməlini inzibati xəta haqqında protokolda göstəriləndən başqa və ya yeni maddəyə tövsif etmək səlahiyyəti təsbit olunmayıb. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir ki, bu da işin icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar