Məhkəmə qərarları › İş №3(053)-155/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-155/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-155/2025 18.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon prokurorunun köməkçisi X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə Neftçala rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Fiziki şəxs Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxs kimi 1 ədəd “Toz” markalı, qoşa lüləli, 16 kalibrli, lülə nömrəsi silinmiş ov tüfəngi ilə 22 fevral 2025-ci il tarixdə, saat 10 radələrində Neftçala rayonu, Ramazanlı kəndi ərazisindəki çöl sahəsində lazımi icazə olmadan qadağan edilmiş yerdə ov qaydalarını kobud şəkildə pozaraq 2 ədəd qamışlıq fərəsini, 1 ədəd cüllütü və 1 ədəd yaşılbaş ördəyi qanunsuz olaraq ovlayaraq təbiətə ümumilikdə 20 manat 90 qəpik məbləğində maddi ziyan vurmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş bu Məcəllənin 272.3cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulması (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə) və müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması qaydalarını pozmaqla inzibati xəta törətmişdir. Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən 25-1-2-2- 441-2179 nömrəli material üzrə qəbul edilmiş 04 aprel 2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qərar və material baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Neftçala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X1 rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən 25-1-2-2-441-2179 nömrəli material üzrə qəbul edilmiş 04 aprel 2025-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunaraq inzibati xətanın törədilməsində bilavasitə alət olmuş silah müsadirə olunmaqla iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan, Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən 25-1-2-2-441-2179 nömrəli material üzrə qəbul edilmiş 04 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qərar və material baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Neftçala rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Neftçala RPŞ-nın İTB-nin polis kapitanı X2 raportu əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati icraat başlanması məsələsinə baxılması məqsədilə qərarın surəti Neftçala rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İşdə olan Neftçala RPŞ-nin TB-nin 22 fevral 2025-ci il tarixli baxış keçirilməsi barədə protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən predmetlər 1 ədəd “Toz” markalı, qoşa lülǝli, 16 kalibrli, lülə nömrəsi silinmiş ov tüfəngi, 2 ədəd 16 kalibrli patronu, ovlanmış 2 ədəd qamışlıq fərəsi, 1 ədǝd cüllüt və 1 ədəd ördəkdir. Baxışda iştirak edən Şəxs heç bir xüsusi icazə sənədi olmadan mərhum atası Qədimalidan qalmış “Toz” markalı, qoşa lülǝli, 16 kalibrli, lülə nömrəsi silinmiş ov tüfəngini təqdim edərək çöl quşlarını 22 fevral 2025-ci il tarixdə, saat 10 radələrində Neftçala rayonu, Ramazanlı kəndi ərazisində həmin ov tüfəngi ilə ovladığını və tüfəngə məxsus olan 2 ǝdǝd patronunun qaldığını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən ov tüfəngi, 2 ədǝd patron və ovlanmış çöl quşları götürülmüşdür. Baxış zamanı “İphone” markalı telefonla avtomobilin fotoşəkilləri çəkilmişdir. İşdə olan 03 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı qeyd olunan 2 ədəd qamışlıq fərəsi, 1 ədəd cüllüd və 1 ədəd yaşılbaş quşu müayinədən keçirən zaman quşların üzərində olan yaradan tüfəng ilə ovlanması aşkar edildi. Quşların palpasiyası zamanı daxili orqanları çıxarılmadığına görə konsistensiyası boşalması və kəskin iylənməsi müəyyən olundu. Təqdim edilmiş quşlardan qida məhsulu kimi istifadə edilərsə, insanlarda mədə-bağırsaq pozğunluğu və zəhərlənmə kimi hallar baş verə bilər. Həmin quşlar qida məhsulu kimi istifadəyə və satışa tam yararsız olduğundan Neftçala rayonu ərazisinin “Zibil tullantıları poliqonu”nda dərin dərə qazılaraq basdırılıb məhv edildi. İşdə olan 22 fevral 2025-ci il tarixli rəydən görünür ki, təqdim olunmuş 1 baş yaşılbaş ördək ördəkkimilər sinfinə, 1 baş cüllüt və 2 iki baş qamışlıq fərəsi isə durnakimilər sinfinə aiddir. Həmin quşların ovlanması qadağan deyildir və bu quşlar Azərbaycan Respublikasının Qırmızı Kitabına və X4 İttifaqının siyahısına düşməmişdir. Qeyd olunan çöl quşlarının ovlanması müvafiq lisenziya əsasında həyata keçirilir. Bir baş yaşılbaş ördəyin ovlanması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 5 manat 50 qəpik, 1 baş cüllütün ovlanması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 11 manat, 2 ədəd qamışlıq fərəsinin ovlanması nəticəsində hər birində 2 manat 20 qəpik olmaqla təbiətə dəymiş ziyanın miqdarı 4 manat 40 qəpik təşkil edir. Həmin çöl quşlarının qanunsuz ovlanması nəticəsində ümumilikdə təbiətə dəymiş ziyan 20 manat 90 qəpik təşkil edir. Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddələrinə əsasən “Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə –inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır”, “Mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun qaçırmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir”. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən 25-1-2-2-441- 2179 nömrəli material üzrə qəbul edilmiş, 04 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, qərara əlavə edilmiş sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş materiallarına əlavə edilmiş etirafedici izahatı və Neftçala rayon prokurorunun köməkçisi X3 izahatı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddələrinin tərkibi var, o, həmin maddələrdə göstərilən əməlləri törətməkdə təqsirlidir və həmin maddələrdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən “inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 590.2-ci maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 272-1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 272-1-ci maddəsinə əsasən təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “Toz” markalı, qoşa lülǝli, 16 kalibrli, lülə nömrəsi silinmiş ov tüfəngi və 2 ədəd 16 kalibrli patronlar müsadirə edilməklə bir ilədək müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar