Məhkəmə qərarları › İş №3(053)-157/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-157/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-157/2023 13.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin nümayəndələri X2 və X7, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X1 və X3 iştirakı ilə Şəxsnin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 10 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «X6-ə məxsus mədən ərazisində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydası pozulmuşdur». Protokolda həmçinin göstərilir ki, Şəxs yuxarıda təsvir olunmuş əməllə Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törədib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin nümayəndəsi X8 işin məhkəmə baxışı zamanı təmsil etdiyi şirkəti yuxarıda göstərilən maddələrlə təqsirli bilməyərək qeyd etmişdir ki, Şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Neftechala İnvestments Limited və SOCAR Ortaq Neft Şirkəti arasında mövcud olan Azərbaycan Respublikasında Neftçala, Xıllı, Durovdağ-Babazan neft yataqlarının və Muğan Monoklinalının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2009-cu il ildə bağlanmış Saziş üzrə əməliyyat şirkəti qismində neft-qaz əməliyyatları ilə məşğul olur. Sazişin 22.4(a)-cü bəndində qeyd edilir ki, kontakt sahəsi ilə və ya kontakt sahəsində edilən hərəkətlə əlaqədar olaraq SOCAR-ın və ya onun hər hansı sahəsinin həyata keçirdiyi hər hansı əməliyyatlar, o cümlədən lakin bununla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması nəticəsində baş verən hadisələr hər hansı ziyan, ölüm, itki və ya məsuliyyəti ilə əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs o cümlədən lakin bununla məhdudlaşmadan, hər hansı hökumət orqanları hər hansı Podratçı tərəfə və yaxud onun Ortaq şirkətlərinə qarşı hər hansı iradlar, tələblər irəli sürüldükdə və ya məhkəmə işə başladıqda SOCAR qüvvəyə minmə tarixinədək həmin ziyanların, itkilərin və məsuliyyətin hamısı üzrə hər bir Podratçı tərəfi və onun Ortaq şirkətlərini məsuliyyətdən azad edir. Şirkət barəsində tərtib edilmiş MN №1762500 inzibati xəta haqqında protokola iki aspektdən yanaşılmalıdır. İlk olaraq «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun tələbləri tərəfindən. Belə ki, 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 Monitorinq İdarəsi tərəfdaş olan SOCAR-la öz aralarında razılaşdırılmış cədvələ əsasən Neftçala şəhərində 3 saylı RETSİ-nin sektor müdiri R.Məhərrəmov, SOCAR-ın baş ofisinin ekologiya şöbəsinin böyük mühəndisi R.Tahirov, SOCAR Upstream SƏTƏMM üzrə baş mütəxəssisi İ.İbrahimova, əməliyyat şirkətinin ƏMƏTTƏMM şöbəsinin rəisi A.Şükürov və ƏMO üzrə aparıcı mühəndisi R.Əhmədovun iştirakı ilə monitorinq keçirilmişdir. Monitorinq nəticəsində 12 aprel 2023-cü il tarixli akt tərtib olunmuşdur və bu aktda monitorinq keçirilən əraziyə dair heç bir nöqsan qeyd edilməmişdir. Yəni konkret olaraq bu aktda «tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması» və «sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi» faktlarının müəyyən edilməsinə dair hər hansı qeyd aparılmamışdır. Şirkət olaraq onlar düşünmüşlər ki, nə X14 Monitorinq İdarəsi nə də SOCAR Upstream inzibati xəta haqında protokol tərtib etmək səlahiyyətinə malik deyildir. Bu monitorinq sadəcə görüş xarakterlidir, qeyri rəsmidir. Çünki, bu monitorinq rəsmi xarakter daşımalı olsaydı onda qarşı tərəf «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) monitorinq aparmalı idi. Yəni monitorinq vahid məlumat reyestrində (Ədliyyə Nazirliyinin) qeydə alındıqdan sonra aparılmalı idi. Bundan əlavə həmin monitorinqdə İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak etməli idi. Qanunun tələblərinə əsasən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İkincisi. İnzibati xəta haqqında protokolun tərtibatında 3 saylı RETSİ tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri də kobud surətdə pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsində qeyd edilir ki, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Buna baxmayaraq 3 saylı RETSİ tərəfindən keçirilmiş monitorinqin nəticəsini rəsmiləşdirən aktda heç bir nöqsan qeyd etmədən qanunazidd olaraq inzibati araşdırma haqqında qərardad qəbul edilmişdir. Bunu qanunsuz hesab etdiklərini, qeyd edilən normativ hüquqi aktlara əsaslanaraq bu inzibati araşdırmanın, ümumiyyətlə yoxlamanın leqallığını tanımadıqlarını qarşı tərəfin nəzərinə çatdırmışlar. Nümayəndə qeyd edir ki, inzibati xəta haqqında protokol da məhz 12 aprel 2023-cü il tarixdə tərtib edilmiş qüsursuz, heç bir nöqsan qeyd edilməyən monitorinq aktına istinad edilməklə tərtib olunmuşdur. Həmçinin protokol 12 aprel 2023-cü il tarixdə aparılan monitorinqdə iştirak etməmiş 3 saylı RETSİ-nin aparıcı məsləhətçi-müfəttişi X4 tərəfindən tərtib edilmişdir. Bundan əlavə MN №1762500 inzibati xəta haqqında protokol mücərrəd, natamam formada tərtib edilmişdir. Belə ki, tərtib edilən protokolda İXM-nin 2 maddəsi, yəni 266.2 və 271-ci maddələri göstərilsə də, protokolun müəyyən edildi hissəsində yalnız 266.2-ci maddədə göstərilən inzibati xəta, yəni «tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, qaydasının pozulması» göstərilmiş, İXM-nin 271-ci maddəsinə aid heç bir hal müəyyən edilməsi göstərilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar - qanunvericilik sistemi Konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarından ibarətdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə görə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; sahibkarın təqsirsizlik prezumpsiyası prinsipləri əsasında aparılır. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin Qanunun 20.1-ci bəndində qeyd edilir ki, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanında qeyd edilir ki, müstəsna yoxlamaların aparılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin tələblərinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Sözügedən Məcəllənin 53-cü maddəsində qeyd edilir ki, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda və s. digər hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda qeyd edilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Nümayəndə qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin digər nümayəndəsi X13 işin məhkəmə baxışı zamanı nümayəndə X8 ilə eyni məzmunlu izahat vermiş və təmsil etdiyi Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri X5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 Monitorinq İdarəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və «SOCAR» arasında ekoloji monitorinqlərin keçirilməsi məqsədilə qabaqcadan razılaşdırılmış cədvələ uyğun olaraq Şəxsndə müvafiq monitorinq keçirilmişdir. Monitorinq onun, SOCAR-ın baş ofisinin ekologiya şöbəsinin böyük mühəndisi R.Tahirovun, SOCAR Upstream HSE böyük mütəxəssisi İ.İbrahimovanın, Əməliyyat Şirkətinin ƏMTT və ƏNQ şöbəsinin rəisi A.Şükürovun və ƏMQ üzrə aparıcı mühəndisi R.Əhmədovun iştirakı ilə aparılmışdır. Aparılmış monitorinq nəticəsində 12 aprel 2023-cü il tarixli monitorinq aktı tərtib edilmişdir və yekun olaraq Şəxs tərəfindən mədən ərazisində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydasının pozulması halı müəyyən edildiyindən Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yuxarıda qeyd edilən fakt 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin monitorinq aktı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli akt, İdarəyə təqdim edilmiş rəsmi statistika hesabatı (2-TG №-li forma) və fotoşəkillərlə təsdiq edilir. Göstərilənləri nəzərə alaraq Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X9 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 12 aprel 2023-cü il tarixdə onun və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri X1, SOCAR-ın baş ofisinin ekologiya şöbəsinin böyük mühəndisi R.Tahirovun, SOCAR Upstream HSE böyük mütəxəssisi İ.İbrahimovanın, Əməliyyat Şirkətinin ƏMTT və ƏNQ şöbəsinin rəisi A.Şükürovun və ƏMQ üzrə aparıcı mühəndisi R.Əhmədovun iştirakı ilə Şəxsndə müvafiq monitorinq keçirilmişdir. Monitorinq zamanı Şəxs tərəfindən mədən ərazisində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydasının pozulması halı müəyyən edilmişdir. Bununla bağlı müvafiq prosessual hərəkətlərin aparılması zərurəti yarandığından inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, 10 may 2023-cü il tarixdə Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 266.2-ci 271.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 Monitorinq İdarəsinin 12 aprel 2023-cü il tarixli monitorinq aktının surətindən görünür ki, 12 aprel 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR arasında ekoloji monitorinqlərin keçirilməsi məqsədilə qabaqcadan razılaşdırılmış cədvələ uyğun olaraq Şəxsndə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri X1, SOCAR-ın baş ofisinin ekologiya şöbəsinin böyük mühəndisi R.Tahirovun, SOCAR Upstream HSE böyük mütəxəssisi İ.İbrahimovanın, Əməliyyat Şirkətinin ƏMTT və ƏNQ şöbəsinin rəisi A.Şükürovun və ƏMQ üzrə aparıcı mühəndisi R.Əhmədovun iştirakı ilə monitorinq keçirilmişdir. Monitorinq aktında qeyd edilir ki, Neftçala, Xıllı və Durovdağ-Babazan neft yataqları blokunun daxil olduğu saziş sahəsi Bakı şəhərindən 180 km cənub-qərb istiqamətində yerləşir. Saziş sahəsinə daxil olan Neftçala yatağı 1937-ci ildən istismar edilir. Digər yataqlar da artıq onillərdir ki, işlənməkdədir, 1937-ci ildən saziş sahəsinə daxil olan Neftçala yatağında neft hasilatına başlanılmış və «Neftçalaneft» NQÇİ yaradılmışdır. «Neftçalaneft» NQÇİ 1963-cü ilə qədər fəaliyyət göstərmiş, 1963-1992-ci illərdə bu müəssisə bir neçə dəfə «Salyaneft»lə birləşdirilmiş və ayrılmışdır. 1993-cü ildə Neftçala bazasında "xxxx" (Azərbaycan Neft Şirkəti Atilla Doğan-Petrol) Müştərək Müəssisəsi yaradılmışdır. Hasilat pay bölgüsünün imzalanmasına qədər neft yatağı "xxxx" tərəfindən istismar olunmuşdur. Əməliyyat şirkətində istismarda olan quyuların sayı 354, fəaliyyətdə olan quyuların sayı 194, fəaliyyətdə olmayan quyuların sayı isə 160 ədəddir. Gün ərzində 83-85 ton neft hasil olunur. Əmələ gələn lay suları sutkaya təqribən 1900-2000 m3 təşkil edir. Lay suları ərazidə mövcud olan beton anbara yığıldıqdan sonra utilizasiya edilir. Əməliyyat şirkətində 2 ədəd suvurucu, 5 ədəd utilizasiya-suvurucu quyu və 2 ədəd mənimsəmədə olan quyular mövcuddur. Lay sularından texniki ehtiyaclara, o cümlədən quyuların yuyulmasında, lay təzyiqinin saxlanılması üçün infeksiya quyularına vurulmasında istifadə edilir. Neft şlamı neft-qaz çıxarılması prosesində yaranan xarakterik tullantılardır. Neft şlamı bərk hissəciklərlə stabilləşdirilmiş neft su qarışığı kimi xarakterizə edilə bilər. Tərkibindəki əsas komponentlər mexaniki qarışıqlar, neft, sudur. Neft şlamları əsasən xam və əmtəə neftləri çənlərinin, neftayırıcı, neftuducu çökdürücülərin, neft və lay suları anbarlarının dibində təmizləyici qurğularda neftin tərkibində olan mexaniki qarışıqların (qum, gil, torpaq, duzlar və sair) çökməsi nəticəsində yaranır. Neft yataqları barədə saziş imzalandıqdan sonra 2009-2010-cu illərdə saziş sahəsində ətraf mühitin mövcud durumunun qiymətləndirilməsi prosesində sahələrdə aparılmış monitorinq işləri zamanı, kontrakt sahəsində neft şlamları ilə çirklənmiş sahələr müəyyən edilmişdir. Hazırda şirkətin saziş sahəsində neft şlamı miras olaraq qalmışdır. Əməliyyat şirkətinin fəaliyyəti zamanı əmələ gələn şlam "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında şlam poliqonunda rekultivizasiya olunur. Formalaşan təhlükəli tullantılar «RT» servizlə bağlanmış müqavilə əsasında daşınır. Əsas ofis binalarında və mədən ərazilərindəki obyektlərdə yaranan təsərrüfat-məişət tullantı suları divarları sementlənmiş şambolara axıdılır. Şambolardan tullantı suları Neftçala şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə bağlanmış müqavilə əsasında daşınır. Məişət tullantıları da eyni müəssisə tərəfindən daşınır. Aparılan monitorinq zamanı Əməliyyat Şirkətinin ərazisindən keçən «Mil-Muğan» kollektrouna tökülən sudan nümunə götürüldü və fotoşəkilləri çəkildi. Akta müqavilələr əlavə olunur. Şirkətin normativ sənədləri mövcuddur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X12 İdarəsinin 10 may 2013-cü il tarixli, 79888 nömrəli aktının surətindən görünür ki, 10 may 2023-cü il tarixində Şəxsndə aşağıdakılar aşkar edilmişdir: İdarənin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının tərtib etdiyi monitorinq aktında, X14 Monitorinq İdarəsinin, SOCAR Upstream şirkətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Şəxsnin əməkdaşlarının iştirakı ilə şirkətə məxsus mədən ərazisində keçirilən monitorinq nəticəsi ilə bağlı tərtib edilmiş aktda və Şəxs tərəfindən təsdiq olunaraq razılaşdırılması üçün idarəyə təqdim edilmiş 2TG (təhlükəli tullantı) statistik hesabatında qeyd olunanlar tərəfimizdən araşdırılaraq aşağıda qeyd olunanlar müəyyən olundu. Mədən ərazisinə keçirilən baxış zamanı neftlə çirklənmiş torpaqlar neft şlamları və qazma şlamları mədən ərazisində açıq şəkildə toplandığı ərazinin bəzi hissələrinin polietilen örtüklə təmin edilməsi, lakin hermetikliyin pozulması müşahidə edilmişdir. Bundan başqa idarəyə təqdim edilmiş 2TG statistik hesabatında müəssisə ərazisində il ərzində 78 ton təhlükəli tullantılar formalaşdığı və ilin sonuna qədər müəssisə ərazisində saxlandığı müəyyən olundu. Qeyd olunanlarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 iyun 2016-cı il tarixli 228 nömrəli Qərarının tələblərinin pozulması müəyyən edildi. Akta araşdırmaya dair əldə olunmuş materiallar əlavə olundu. Akt 2 nüsxədə tərtib olundu. Azərbaycan Respublikası İXM-nin 101.4 və 1011.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;» və «inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;» göstərilməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X4 tərəfindən tərtib edilmiş 10 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd edilsə də, sözügedən protokolda inzibati xətanın mahiyyəti kimi yalnız İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta (Şəxsnə məxsus mədən ərazisində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydasının pozulması) göstərilmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda tullantıların nədən ibarət olması da göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən «Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir». Həmin Məcəllənin 271-ci maddəsinə əsasən «Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin XXV fəslinə aid edilmiş İXM-in 266.2-ci və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalardır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu»nun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci bəndinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Eyni Qanunun 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu»nun 4.2-ci maddəsinə əsasən yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1 qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2 sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3 yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; 4.2.4 sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi; 4.2.5 yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu; 4.2.6 eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması; 4.2.7 yoxlamanın təşkili və aparılması barədə normativ hüquqi aktların və digər məlumatların sahibkar üçün açıqlığı; 4.2.8 yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 4.2.9 qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.10 yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi; 4.2.11 yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı; 4.2.12 yoxlamalar sahəsində risk qiymətləndirilməsi sisteminin və yoxlama suallarının siyahısının tətbiqi; 4.2.13 yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi; 4.2.14 yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi; 4.2.15 yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi. Göründüyü kimi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir». Eyni Məcəllənin 8.3-cü maddəsinə əsasən «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur». Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən «hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir». Həmin Məcəllənin 105-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci və 271-ci maddələri ilə başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114 – 115, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxsnin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar