Məhkəmə qərarları › İş №3(053)-162/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-162/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-162/2024 24.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 03 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 03 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2.000 manat miqdarında cərimə edilmişdir. Həmin qərar 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən 20 aprel 2024-cü ildə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, X4 19 aprel 2024-cü il tarixində, saat 11:33-də direktoru olduğu məktəbin fəaliyyəti zamanı oradan formalaşan tullantıların xəndək qazılaraq orada qalaqlanması, yandırılması və basdırılması faktı ilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 13-cü maddələrinin tələblərini pozmaqla Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni qanunvericiliyinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 bildirmişdir ki, Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbin direktoru kimi vəzifəli şəxs olaraq o, “Tullantılar Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 13-cü maddələrinin tələblərini pozmamışdır. Əlavə olaraq qeyd edir ki, Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbin həyətində məişət tullantılarının atılması üçün tutumların (urnaların) qoyulması, ərazinin müntəzəm olaraq məişət tullantılarından təmizlənməsi, ərazinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi, tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması kimi onun üzərində hər hansı bir vəzifə öhdəliyi yoxdur. Bundan əlavə direktoru olduğu məktəbin ərazisi hasara alınmadığından və məktəbin yaxın ətrafında kənd əhalisinə məxsus olan fərdi yaşayış evləri yerləşdiyindən qeyd edilən protokolda göstərilən xəndək ümumi istifadədə olan “zibil xəndəyi”dir və əsasən axşam saatlarında müxtəlif şəxslər oraya zibil atmaqla tullantıları yandırırlar. Konkret olaraq məktəb ərazisinin sərhədinin müəyyən edilməməsi, məktəbin arxa tərəfindəki ərazidən keçən yolun ümumi istifadədə olması, məktəblilərin, onların valideynlərinin, həmçinin digər kənd sakinlərinin həmin yoldan keçərkən orada yerləşən həmin zibil xəndəyinə zibil atması faktları vardır. Bu həlli vacib olan problemlərin həlli orta məktəb direktoru olaraq onun vəzifə öhdəliyində deyil, eyni zamanda bu kimi problemlər vətəndaşlar arasında maarifləndirici və izahedici söhbətlərlə həll olunmur. Amma buna baxmayaraq məktəbin yaxınlığında olan həmin “zibilliyin” yığışdırılması məqsədilə onun təklifi ilə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbi ilə X7 arasında 05 yanvar 2024-cü il tarixdə 01 saylı Müqavilə bağlanmış və direktor olaraq həmin müqaviləni imzalamışdır. Bu müqavilənin predmeti ondan ibarətdir ki, “Bələdiyyə” “Təhsil Müəssisəsi”ndə yaranan məişət tullantılarını hər ayın axırı üçün təmənnasız olaraq yük maşınlarına yükləyərək tullantılar üçün müəyyən olunmuş yerə daşıyacaq. 3 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi X3 onu vəzifəli şəxs qismində heç bir əsas olmadan, heç bir tutarlı səbəb göstərmədən “Tullantılar Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 13-cü maddələrinin tələblərini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyini “müəyyən etmişdir”. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi X1 tərtib etdiyi 20 aprel 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında 3 saylı RETSİ-nin rəisi Fərid Piriyevin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 271-ci maddəsi ilə cərimə edilmişdir. İdarənin baş məsləhətçi-müfəttişi Kamran Səmədovun şəsxi fikrinə, subyektiv mülahizəsinə görə o, vəzifəli şəxs qismində məişən tullantılarının qalaqlanması qaydalarını pozmuş, göstərilən tullantıları yandırarkən ətraf mühütün mühafizəsi tələblərinə əməl etməmiş və buna görə də iki min manatdan üç min manatadək cərimə ödəməlidir. Hesab edir ki, barəsində tərtib edilmiş 20 aprel 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol, eyni zamanda barəsində qəbul edilmiş 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qanunsuz və əsassızdır. O, şikayət ərizəsində dəqiqləşdirmə apararaq barəsində tərtib edilmiş 20 aprel 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 3 saylı RETSİ-nin rəisi Fərid Piriyevin onun barəsində qəbul etdiyi qərarın ləğv edilməsini, cərimənin silinməsini və iş üzrə icraata xitam verilərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı məlumat verilmiş, lakin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarından görünür ki, şəxsin əməlində inzibati xətanın mövcud olması halının sübuta yetirilməsi vəzifəsi aidiyyəti inzibati orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr isə onun xeyrinə həll olunmalıdırlar. İş materiallarından görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi idarənin digər əməkdaşı tərəfindən təqdim olunmuş materialla kifayətlənmiş, yuxarıda göstərilən şəxsdən əlavə izahatlar almadan, həmin izahatlarda sual yaradan məsələləri araşdırmadan inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X2 təqdim etdiyi iş materiallarına əlavə edilmiş 05 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, bir tərəfdən direktor X4 şəxsində təmsil olunan Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala şəhər Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəb və digər tərəfdən Neftçala rayon X5 sədri X6 arasında bağlanmış müqaviləyə əsasən “Bələdiyyə”, “Təhsil müəssisəsi”ndə yaranan məişət tullantılarını hər ayın axırı üçün təmannasız olaraq yük maşınlarına yükləyərək tullantılar üçün müəyyən olunmuş yerə daşıyacaq, “Təhsil müəssisəsi” məişət tullantılarını bir yerə yığaraq daşınma üçün hazır vəziyyətə gətirəcək, “Bələdiyyə” hər ayın axırı üçün yığılmış məişət tullantılarını yük maşınları ilə yükləyərək müəyyən olunmuş yerə daşıyacaqdır. Müqavilə 30 dekabr 2024cü ilə kimi qüvvədədir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tullantıların daşınması ilə bağlı bələdiyyə ilə arasında müqavilə olduğunu barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına bildirmişdir. Beləliklə, X4 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən əsassız cərimə olunduğunu bildirir. X4 həmçinin bildirir ki, ona protokolu avtomaşında imzalamağı təklif etdikləri üçün protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakıları qeyd edir: Beləliklə, Həbulla Rəhimovun məktəbin ərazisində toplanmış məişət tullantılarının Neftçala rayon X7 ilə müqaviləyə əsasən 2024-cü ilin sonuna kimi ayda bir dəfə olmaqla təmizlənməsi halı araşdırılmayıb. Hesab edirəm ki, bu xüsusat da məhkəməyədək icraat zamanı araşdırılmalı idi. Yuxarıda göstərilən, habelə sual və əsaslı şübhə doğuran sair məsələlər inzibati xəta haqqında iş üzrə icraat dövründə araşdırılmamış, qeyd olunduğu kimi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi yalnız idarənin digər əməkdaşının topladığı sənədlərlə kifayətlənərək X2 məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Bu səbəbdən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən toplanmış sübutlar mötəbər sayıla bilməzlər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən «hər hansə şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xətanın törədilməsinə aidiyyatı olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir». İşin faktik hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edirəm ki, X2 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2.000 manat miqdarında cərimə olunması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 03 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməli, cərimə silinməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2.000 manat miqdarında cərimə olunması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 03 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin, cərimə silinsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar