Məhkəmə qərarları › İş №3(053)-180/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-180/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-180/2024 21.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxx 1981-ci ildə Neftçala rayonu Kürqarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu Kürqarabucaq kəndində qeydiyyatda olub, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 21 may 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 16 oktyabr 2023-cü ildə verilmiş 10 avqust 2023-cü il tarixli 2(053)-478/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 38.435,00 (otuz səkkiz min dörd yüz otuz beş) manat, habelə dövlət rüsumu kimi ödənilmiş 205 (iki yüz beş) manat tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 16 oktyabr 2023-cü ildə verilmiş 10 avqust 2023-cü il tarixli 2(053)-478/2023 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 18 oktyabr 2023-cü ildə icraata başlamaq haqqında qərar verilmiş və 26 oktyabr 2023-cü il tarixdə eyni tarixdə tələbin könüllü icrasına dair bildiriş tərtib edilərək borcluya təqdim edilmişdir. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcək. Borclu Şəxs 26 oktyabr 2023-cü il tarixdə izahat verərək məhkəmə qərarının icrasından boyun qaçırmadığını, hal-hazırda heç bir yerdə işləmədiyini, maddi çətinliklərinin olduğunu, lakin maddi imkanı olduqca icra sənədi üzrə tələb edilən borc məbləğini hissə-hissə ödəməyə razı olduğunu, məsuliyyətini dərk etdiyini və bununla bağlı ona qanunvericiliyin tələblərinin izah edildiyini bildirmişdir. Buna baxmayaraq borclu ötən dövrdə borcundan ödəniş etməyərək icra sənədinin icrasını təmin etməmişdir. Beləliklə, borclu icra sənədini icra etməkdən yayınmış, bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Bu gün üçün borclunun icra sənədi üzrə 38.640 manat miqdarında ödənilməmiş borcu var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından boyun qaçırmır. Hal-hazırda heç bir yerdə işləmir və maddi çətinlikləri var. Maddi imkanı yol vermədiyindən icra sənədi üzrə tələb olunan borc məbləğini ödəyə bilməyib. Lakin maddi imkanı olduqca borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. Qeyd edir ki, borcunu ödəməkdən heç vaxt boyun qaçırmamışdır. Tələbkarla aralarında yem məhsullarının alğısatqısı olmuş və həmin alver zamanı külli miqdarda maddi ziyana düşmüşdür. Digər tərəfdən həmin ərəfədə avtomobil qəzası keçirmiş və aldığı xəsarətlərlə bağlı xeyli müddət müalicədə olmuşdur. Hal-hazırda səhhəti normallaşmış və işlərini də qaydaya salmışdır. Söz verir ki, qısa müddət ərzində borcunun böyük bir qismini ödəyəcək və beləliklə tələbkara olan borcunu tez bir zamanda ödəyib başa çatdıracaqdır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən qeyd etdiyi halları nəzərə almağı xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar