Məhkəmə qərarları › İş №3(053)-183/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-183/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-183/2024 29.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1981-ci il tarixdə Neftçala rayonu Tataraməhlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Neftçala rayonu DAİM-in direktoru vəzifəsini icra edən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 27 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Şəxs 12 aprel 2024-cü il tarixdə, saat 19:30-da Neftçala şəhəri, M.Əsədov küçəsində əvvəllər birgə yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində döyərək, ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İşin məhkəmə baxışı zamanı Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala şəhəri, M.Əsədov küçəsi, ev 4-A, mənzil 18 ünvanında tək yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Birgə nikahdan iki azyaşlı övladları vardır. Zərərçəkənlə anlaşa bilmədiyi üçün 2024-cü ilin fevral ayında Neftçala Rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. 12 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində Leyla ona zəng edərək aralarında bağlanmış dini kəbini ləğv etmək üçün icazə istədiyini, o da Leylaya artıq rəsmi olaraq boşandıqlarını və rəsmi boşanmanın onun üçün əsas olduğunu bildirmişdir. Daha sonra Leyla onun yaşadığı mənzilə gəlmiş və normal vəziyyətdə bir saata yaxın özlərinə aid söhbət etmişlər. Sonra Leyla evdən çıxaraq getmiş, təxminən beş dəqiqə sonra geri qayıtmış və ona qarşı hədsiz dərəcədə əsəbi halda olduğunu görmüşdür. Həmin vaxt Leyla evə daxil olaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Leyla ayağı ilə evə giriş qapısının yanında olan dolabı aşırmışdır. Həmin vaxt onu sözlə sakitləşdirməyə çalışmış, qolunu tutub burmamışdır. Leylanın aldığı xəsarətin isə mübahisə zamanı ona məlum olmayan vəziyyətdə ola biləcəyini ehtimal edir. O, hazırda Neftçala rayonu DAİM-in direktoru vəzifəsini icra edən vəzifəsində işlədiyini, şəhid ailəsi olduğunu, zərərçəkəndən baş verənlərə görə üzr istədiyinin nəzərə alınıb, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan olan iki uşaqları onun himayəsindədirlər. 12 aprel 2024-cü il tarixdə Şəxs ilə telefon danışığından sonra sonuncunun yaşadığı mənzilə getdiyini, fikrində bəlkə də aralarında yenidən barışıq olduğunu, ailəni bərpa edərik deyə düşündüyünü qeyd etmişdir. Lakin aralarında mübahisə olmuş və o, geri qayıtmışdır. Mübahisə zamanı qarşı tərəf onun ünvanına xoşagəlməz ifadələr işlətdiyindən o, yenidən həmin ünvana qayıtmış və ona deyilənlərə narazılığını ifadə emişdir. Bu zaman Elsevər onun qolunu burmuş və əlində olan, ona məlum olmayan əşya ilə onun biləyini zədələmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 16 aprel 2024-cü il tarixli, 65 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ bilək nahiyəsinin sıyrıcı deşici əşya təsirindən törənmiş, qərarda göstərilən müddətdə müxtəlif şəraitlərdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən hal Şəxs şəhid ailəsinin üzvü olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar