Məhkəmə qərarları › İş №3(053)-185/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-185/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-185/2024 03.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Prokurorluğu Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında material məhkəməyə təqdim olunarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğuna görə həmin material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən «İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir». Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən “İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir”. Eyni Məcəllənin 111.3-cü maddəsinə əsasən “İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan və s. aidiyyəti müddəalarının məzmunundan görünür ki, inzibati həbs növündə tənbeh nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən (o cümlədən, prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul edilərkən və ya inzibati xəta haqqında protokol tərtib edilərkən) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı mütləq təmin edilməli, müvafiq qərar və ya protokol tərtib olunduqdan dərhal sonra baxılması üçün məhkəməyə göndərilməli, hakim isə inzibati xəta haqqında materiala onun daxil olduğu gün baxmalıdır. Yuxarıda göstərilənləri, o cümlədən inzibati həbs növündə tənbeh nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin edilməsinin məcburi olmasını, müvafiq materialın (qərar və ya protokolla birlikdə) toplandıqdan dərhal sonra baxılması üçün məhkəməyə göndərilməli olduğunu, hakimin isə inzibati xəta haqqında materiala daxil olduğu gün baxmalı olduğunu nəzərə aldıqda görünür ki, Azərbaycan Respublikası İXM-nin 60-cı maddəsində nəzərdə tutulan bildirişləri göndərməklə işə hakim tərəfindən həmin Məcəllənin 111.3-cü maddəsində nəzərdə tutulan müddətdə baxılması mümkün olmaya bilər. Bu isə İXM-nin 111.3-cü maddəsinin tələbinin pozulması ilə nəticələnəcək. Qeyd olunanları o, cümlədən inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İXM-nin 61.5 və 103.2-ci maddələrinin tələblərinə əməl edilməsinin məcburi olduğunu nəzərə aldıqda görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş prokurorun və ya inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə iştirakını təmin etməsi imkanı kifayət qədər genişdir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə gəlməsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş prokuror və ya inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən təmin olunması İXM-nin 111.3-cü maddəsindən irəli gələn tələblərin səmərəli icrasını təmin etmiş olar. Lakin Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulduğuna baxmayaraq, onun məhkəməyə gəlməsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş prokuror tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməsinin təmin olunmaması müvafiq mənada inzibati xəta haqqında materialın natamam olması kimi qiymətləndirilməlidir. Ona görə də inzibati xəta haqqında material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material Neftçala Rayon Prokurorluğuna qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar