Məhkəmə qərarları › İş №3(053)-187/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-187/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-187/2025 12.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXMnin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1.000 miqdarında cərimə edilmişdir. Həmin qərar 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən 06 fevral 2025-ci ildə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İnzibati tənbeh vermə haqqında qərarda qeyd olunur ki, X7 05 fevral 2025-ci il tarixində, saat 18:00-da Şirvanlı kəndi ərazisində sututar sahədə qadağan olunmuş vaxtda, lazımı icazə olmadan ov edilməsi faktı ilə “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbini pozmaqla bununla da Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Neftçala rayonu 2-ci Qaralı kəndində yaşayır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar və X2 rayon filialının Baytarlıq Xidməti üzrə Yuxarı Qaramanlı kəndində Baytar köməkçisi işləyir. Özü kənd təsərrüfatı ilə məşğuldur. Özünə məxsus 150 baş xırdabuynuzlu mal-qarası vardır. Həmin heyvanları bacısının oğlu X1 məxsus olan Neftçala rayon Şirvanlı kəndində yerləşən ferma təsərrüfatı içərisində hər ilin fevral, mart, aprel aylarında otarılması üçün qışlaq sahəsinə aparır. Özünə məxsus olan “MR-155” markalı, 12 kalibrli, 10323 №-li təklüləli ov tüfəngi vardır. Həmin tüfəng üçün Neftçala Rayon Polis Şöbəsi tərəfindən 15 iyul 2014-cü il tarixli, H-46 №-li şəhadətnamə mövcuddur. Heyvanları Neftçala rayonu Şirvanlı kəndində otararkən ov tüfəngini yırtıcı heyvanların təsərrüfatına ziyan verməməsi üçün üzərində daşıyır və dəfələrlə olub ki, heyvanları yırtıcıların hücumuna məruz qalaraq tələf olmuşdur. 05 fevral 2025-ci il tarixdə, saat 17 radələrində dostu olan X4 ilə birlikdə ona və özünə məxsus olan heyvanları otarmaqdan qayıdarkən, tüfəngləri Neftçala RPŞ tərəfindən verilmiş şəhadətnamə ilə birgə üzərlərində daşıyaraq Neftçala rayonu Şirvanlı kəndində yerləşən bacısı oğluna məxsus fermanın yaxınlığında su olan ərazilərdən 200-300 metr uzaq məsafədə olanda ətrafdan 2 nəfər şəxsin onlara yaxınlaşaraq Ekologiya İdarəsinin işçiləri olduqlarını və adlarının Əsgər və Kamran olduğunu deyib onlardan tüfənglərin sənədlərini və şəxsiyyət vəsiqələrini təqdim etmələrini tələb etdilər. Səbəbini soruşduqda isə onların qanunsuz ov etdiklərini deyib, onlar isə ov etmədiklərini, heyvanları otarmaqdan qayıtdıqlarını bildirmişlər. Onlar isə heyvan otararkən tüfəngi niyə daşıdıqlarını soruşduqda o da yırtıcıların heyvanlarına hücumu nəticəsində baş vermiş hadisələrin təkrarlanmaması üçün üzərində götürdüklərini, lakin gün ərzində heç istifadə etmədiklərini bildirmişlər. Hətta o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ döyüşlərində iştirak etdiyini “Müharibə Veteranı” olduğunu, niyyətlərinin ov olmadığını desə də onlar isə bildirmişlər ki, “sizin bu vaxt burda olmağınız yalnız ov məqsədli ola bilər”. Onların dediklərinə baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddələrinin tələblərini pozduqlarını bildirmişlər. Həmin gündən təxminən 2 həftə sonra poçt vasitəsilə ilə onu ARETSN-nın 3 Saylı ETS İdarəsinə dəvət etmişlər. O, 3 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə gedəndə orada məslə ilə bağlı şifahi olaraq danışmışdır. Şifahi sualcavab zamanı onların suallarına etirazını, hadisənin təfərrüatlarının sözügedən qayda pozuntusunu əks etdirmədiyini bildirmiş, qarşılığında isə ona artıq barəsində protokol tərtib olunaraq inzibati tənbeh tədbiri kimi 1000 manat miqdarında cərimə olunduğu bildirilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar 14 aprel 2025-ci il tarixdə Azərpoçt vasitəsilə yaşadığı ünvana göndərilmişdir. Tərtib edilmiş protokolda “xx.xx.2025-ci il tarixdə, saat 18:00-da Şirvanlı kəndi ərazisində sututar sahədə qadağan olunmuş vaxtda lazımi icazə olmadan ov edilməsi faktının aşkar edilməsi qeyd edilmişdir”. Amma faktiki olaraq onların dialoqa başladığı ərazi sututarlardan 300 metr məsafəyə qədər uzaqda və saat 18:00-dan təxmini olaraq 1 saat əvvəl başlamışdır. İdarənin əməkdaşları onu ov edərkən aşkarlamamışlar. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında tərtib olunmuş protokol, həmin protokola əsasən, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsilə 1000 manat miqdarında cərimə edilməsi əsassız olduğundan həmin cərimə məbləği silinməlidir. Əlavə olaraq qeyd edir ki, şikayət ərizəsində barəsində tərtib edilmiş 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə yanaşı həmin protokol əsasında 3 saylı RETSİnin rəisi Fərid Piriyevin onun barəsində qəbul etdiyi qərara əsasən cərimənin silinməsini xahiş etsə də, hazırda həmin hissənin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, cərimə məbləğinin silinməsi kimi oxunmaqla şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmış 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini göndərməmiş və gəlməməsinin səbəbləri haqqında heç bir məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi, 3 saylı RETSİ-nin nümayəndəsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarından görünür ki, şəxsin əməlində inzibati xətanın mövcud olması halının sübuta yetirilməsi vəzifəsi aidiyyəti inzibati orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr isə onun xeyrinə həll olunmalıdırlar. İş materiallarından görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi idarənin digər əməkdaşı tərəfindən təqdim olunmuş materialla kifayətlənmiş, yuxarıda göstərilən şəxsdən əlavə izahatlar almadan, həmin izahatlarda sual yaradan məsələləri araşdırmadan inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X3 təqdim etdiyi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsi tərəfindən verilmiş H-46 №-li şəhadətnamənin surətindən görünür ki, X5 12 kalibirli, “MR-155” markalı, 10323 №-li təklüləli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün verilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 qeyd olunan ov silahını saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazəli olduğu halda heç bir ov etmədən həmin silahı heyvanlarını yırtıcı heyvanlardan qorumaq məqsədilə üzərində saxladığını barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına bildirmişdir. Beləliklə, X7 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən əsassız cərimə olunduğunu bildirir. X7 həmçinin bildirir ki, tərtib olunmuş protokolda “xx.xx.2025-ci il tarixdə, saat 18:00-da Şirvanlı kəndi ərazisində sututar sahədə qadağan olunmuş vaxtda lazımi icazə olmadan ov edilməsi faktı” aşkar edilməsi qeyd edilsə də, faktiki olaraq onun dialoqa başladığı ərazi sututarlardan 300 metr məsafəyə qədər uzaqda və saat təxminən 17:00-da olmuşdur. Həmçinin Ekologiya İdarəsinin əməkdaşları onu ov edərkən aşkarlamamışlar. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakıları qeyd edir. Beləliklə, Nazim Həsənovun qeyd edilən ərazidə ov etməsi halı araşdırılmayıb. Hesab edirəm ki, bu xüsusat da məhkəməyədək icraat zamanı araşdırılmalı idi. Yuxarıda göstərilən, habelə sual və əsaslı şübhə doğuran sair məsələlər inzibati xəta haqqında iş üzrə icraat dövründə araşdırılmamış, qeyd olunduğu kimi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi yalnız idarənin digər əməkdaşının topladığı sənədlərlə kifayətlənərək X3 məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Bu səbəbdən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən toplanmış sübutlar mötəbər sayıla bilməzlər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən «hər hansə şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xətanın törədilməsinə aidiyyatı olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir». İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edirəm ki, X3 Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1.000 manat miqdarında cərimə olunması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməli, cərimə silinməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1.000 miqdarında cərimə olunması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin, cərimə silinsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar