Məhkəmə qərarları › İş №3(053)-190/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-190/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-190/2025 02.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXMnin 272-1-ci maddəsi ilə təqsirli bilinib, 1.000 miqdarında cərimə edilmişdir. Həmin qərar 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən 06 fevral 2025-ci ildə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İnzibati tənbeh vermə haqqında qərarda qeyd olunur ki, X7 05 fevral 2025-ci il tarixdə, saat 18:00-da Şirvanlı kəndi ərazisində sututar sahədə qadağan olunmuş vaxtda, lazımı icazə olmadan ov etməsi “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbini pozmaqla Azərbaycan Respublikası İXM-nin 272-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Özünə məxsus 80 baş xırdabuynuzlu malqarası vardır. Həmin heyvanları X2 məxsus olan Neftçala rayon Şirvanlı kəndində yerləşən ferma təsərrüfatı içərisində hər ilin fevral, mart, aprel aylarında otarılması üçün qışlaq sahəsinə aparır. X5 dostu X8 bacısı oğludur. Özünə məxsus olan “Churchill” markalı, 12 kalibrli, ******* №-li ov tüfəngi vardır. Həmin tüfəng üçün Neftçala Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, D-005 №-li şəhadətnamə mövcuddur. Heyvanları Neftçala rayonu, Şirvanlı kəndində otararkən ov tüfəngini yırtıcı heyvanların təsərrüfatına, yəni heyvanlarına ziyan verməməsi üçün üzərində daşıyır. Dəfələrlə heyvanları yırtıcıların hücumuna məruz qalaraq tələf olmuşdur. 05 fevral 2025-ci il tarixdə, saat 17 radələrində dostu olan X11 ilə birlikdə ona və özünə məxsus heyvanları otarmaqdan qayıdarkən, tüfəngləri Neftçala RPŞ tərəfindən verilmiş şəhadətnamə ilə birgə üzərlərində daşıyaraq Neftçala rayonu, Şirvanlı kəndində yerləşən X2 məxsus fermanın yaxınlığında su ərazilərdən 200-300 metr uzaq məsafədə olanda, ətrafdan 2 nəfər şəxsin onlara yaxınlaşaraq Ekologiya İdarəsinin işçiləri olduqlarını və adlarının Əsgər və Kamran olduğunu deyib onlardan tüfənglərin sənədlərini və şəxsiyyət vəsiqələrini təqdim etməylərini tələb etmişlər. Səbəbini soruşduqda isə onların qanunsuz ov etdiklərini demişlər. Onlar isə ον etmədiklərini, heyvanları otarmaqdan qayıtdıqlarını bildirmişlər. Onlar isə heyvan otararkən tüfəngi niyə daşıdıqlarını soruşmuş, o da yırtıcıların heyvanlarına hücumu nəticəsində baş vermiş hadisələrin təkrarlanmaması üçün üzərində götürdükləri, lakin gün ərzində heç istifadə etmədiklərini bildirmişlər. Həmin zaman dialoq daha çox X11 ilə qurulmuşdur. Onlara orada yalnız heyvanları otardıqlarını bildirib, niyyətlərinin ov olmadığını da bildirmişlər. Onlar isə bildirmişlər ki, “sizin bu vaxt burda olmağınız yalnız ov məqsədli ola bilər”. Niyyətlərini bildirdiklərinə baxmayaraq onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddələrinin tələblərini pozduqlarını bildirmişlər. Barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə Azərpoçt vasitəsilə onun ünvanına göndərilmişdir. Tərtib edilmiş protokolda “xx.xx.2025-ci il tarixdə, saat 18:00-da Şirvanlı kəndi ərazisində sututar sahədə qadağan olunmuş vaxtda lazımi icazə olmadan ov edilməsi faktı” aşkar edilməsi qeyd edilmişdir. Amma faktiki olaraq onların dialoqa başladıqları ərazi sututarlardan 300 metr məsafəyə qədər uzaqda və saat 18:00-dan təxmini olaraq 1 saat əvvəl başlamışdır. Həmçinin Ekologiya İdarəsinin əməkdaşları onu ov edərkən aşkarlamamışdır. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında tərtib olunmuş protokola əsasən çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə 1.000 (min manat) miqdarda cərimə silinməlidir. Əlavə olaraq qeyd edir ki, şikayət ərizəsində barəsində tərtib edilmiş 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə yanaşı həmin protokol əsasında 3 saylı RETSİ-nin rəisi Fərid Piriyevin onun barəsində qəbul etdiyi qərara əsasən cərimənin silinməsini xahiş etsə də, hazırda həmin hissənin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, cərimə məbləğinin silinməsi kimi oxunmaqla şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin nümayəndəsi X3 işin məhkəmə iclası zamanı Neftçala rayonu, Şivanlı kəndi ərazisində dəniz sahilində sututarların olduğunu bildirmişdir. Qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 barəsində protokol tərtib olunarkən X4 öz heyvanlarını yırtıcı heyvanlardan qorumaq məqsədilə qanunla icazəsi olan silahını üzərində gəzdirməsi, silahdan istifadə etməməsi nəzərə alınmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və 3 saylı RETSİnin nümayəndəsi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarından görünür ki, şəxsin əməlində inzibati xətanın mövcud olması halının sübuta yetirilməsi vəzifəsi aidiyyəti inzibati orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr isə onun xeyrinə həll olunmalıdır. İş materiallarından görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi idarənin digər əməkdaşı tərəfindən təqdim olunmuş materialla kifayətlənmiş, yuxarıda göstərilən şəxsdən əlavə izahatlar almadan, həmin izahatlarda sual yaradan məsələləri araşdırmadan inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X4 təqdim etdiyi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsi tərəfindən verilmiş D-005 №-li şəhadətnamənin surətindən görünür ki, X6 12 kalibirli, “Churchill” markalı, ******* №-li ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnamə verilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 qeyd olunan ov silahını saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazəli olduğu halda heç bir ov etmədən həmin silahı heyvanlarını yırtıcı heyvanlardan qorumaq məqsədilə üzərində saxladığını barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına bildirmişdir. Beləliklə, X7 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən əsassız cərimə olunduğunu bildirir. X7 həmçinin bildirir ki, tərtib olunmuş protokolda “xx.xx.2025-ci il tarixdə, saat 18:00-da Şirvanlı kəndi ərazisində sututar sahədə qadağan olunmuş vaxtda lazımi icazə olmadan ov edilməsi faktı” aşkar edilməsi qeyd edilsə də, faktiki olaraq onun dialoqa başladığı ərazi sututarlardan 300 metr məsafəyə qədər uzaqda və saat təxminən 17:00-da olmuşdur. Həmçinin Ekologiya İdarəsinin əməkdaşları onu ov edərkən aşkarlamamışlar, çünki onun tərəfindən ov edilməsinə cəhd belə olmamış, məqsədləri heyvanları otarmaq olmuşdur. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakıları qeyd edir. Beləliklə, Eldost Dadaşovun qeyd edilən ərazidə ov etməsi halı araşdırılmayıb. Məhkəmə hesab edir ki, bu xüsusat da məhkəməyədək icraat zamanı araşdırılmalı idi. Yuxarıda göstərilən, habelə sual və əsaslı şübhə doğuran sair məsələlər inzibati xəta haqqında iş üzrə icraat dövründə araşdırılmamış, qeyd olunduğu kimi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi yalnız idarənin digər əməkdaşının topladığı sənədlərlə kifayətlənərək X4 məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Bu səbəbdən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən toplanmış sübutlar mötəbər sayıla bilməzlər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən «hər hansə şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xətanın törədilməsinə aidiyyatı olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir». İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1.000 miqdarında cərimə olunması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməli, cərimə silinməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1.000 miqdarında cərimə olunması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 20 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin, cərimə silinsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar