Məhkəmə qərarları › İş №3(053)-191/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-191/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-191/2025 06.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxx 1981-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Neftçala şəhəri, məhəllə 5 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 31 mart 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısının 14 mart 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 10 mart 2025-ci il tarixdə, saat 12:30 radələrində Neftçala rayonu Mirqurbanlı kəndi ərazisində Xəzər dənizinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazə lisenziyası olmadan özünə məxsus 6 (altı) ədəd istifadəsi qanunla qadağan olunmuş sintetik tərkibli, tək saplı balıq ovlama aləti tor vasitəsilə 1 (bir) ədəd çəki, 6 (altı) ədəd külmə balıqlarını qanunsuz ovlayıb, təbiətə ümumilikdə 80 (səksən) manat ziyan vurmaqla Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Neftçala şəhəri, məhəllə 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü heç yerdə işləmir. Özünə məxsus “Yupiter-5” markalı yedəkli motoskleti vardır. Həmin motosklǝtlə onunla bir məhəllədə yaşayan X2 ilə birlikdə Neftçala rayonu Mirqurbanlı kəndi ərazisində Xəzər dənizinə tor quraraq balıq tutub satmaqla ailələrini dolandırırlar. Onun özünün 2024-cü il ərzində Xəzər dənizindən balıq tutmaq icazəsi olmuşdur. Lakin həmin icazənin vaxtı 2024-cü ilin dekabr ayında bitmişdir. O, xx.xx.2025-ci il tarixdə Vüqar ilə birlikdə Mirqurbanlı kəndi ərazisində Xəzər dənizinə 6 ədəd jilka tor qurmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində gedib torları yoxlamış, torlara 6 ədəd külmə, 1 ədəd çəki balığı düşmüşdür. Onlar həmin günü saat 12:30 radələrində torları və balıqları motoskletin yedəyinə qoyub dəniz kənarından ayrılanda polislər onları saxlamışlar. Motoskletin yedəyində olan balıqları və kustar üsulla hazırlanmış istifadəsi qadağan edilmiş torlar aşkar edilmiş və onları Xəzər dənizindən qanunsuz ov etdklərinə görə Neftçala RPŞ-ə gətirmişlər. Polis şöbəsinin inzibati binasının həyətində RPŞ-nin TBnin baş təhqiqatçı hal-şahidlərinin və onların iştirakı ilə 06 ədəd külmə və 01 ədəd çəki balıqlarının, 06 ədəd torun fotoşəklini çəkib protokol tərtib etmişdir. Baxışda iştirak etdiyi üçün o da həmin protokola imza etmişdir. Ailəsinin dolanışığını təmin etmək üçün bu xətanı törətmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Xahiş edir ki, ona qanunla nəzərdə tutulmuş qaydada köməklik edilsin. İşdə olan 31 mart 2025-ci il tarixli inzibati xəta haqqında işin aidiyyati üzrə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qərar və material baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/255 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Neftçala RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmçinin qərarla müəyyən olunur ki, 1 (bir) ədəd çəki, və 6(altı) ədəd külmə balıqları mütəxəssis qismində dəvət edilmiş X1 iştirakı ilə qida məhsulu kimi istifadəyə və satışa tam yarasız olduğundan Neftçala rayonu ərazisində zibil tullantıları poliqonunda dərin dərə qazılaraq məhv edilmişdir. Bu balıqların ovlanması nəticəsində təbiətə ümumilikdə 88 (səksən səkkiz) manat ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən “ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır”. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Neftçala rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 31 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla, ona əlavə edilmiş sənədlərlə, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısının 14 mart 2025-ci il tarixli qərarı, qərara əlavə edilmiş sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalı, maddi sübut kimi götürülmüş Neftçala RPŞ-də saxlanılan 6 (altı) ədəd istifadəsi qanunla qadağan olunmuş sintetik tək saplı hər birinin uzunluğu 20 metr, gözlərinin ölçüsü 45x45 mm, eni 2 metr olan olan (jilka) tor balıq ovu aləti dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edib, səmimi peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən “inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası İXM-nin 31 və 32-ci maddələrinə əsasən, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Maddi sübut kimi götürülmüş Neftçala RPŞ-də saxlanılan 6 (altı) ədəd istifadəsi qanunla qadağan olunmuş sintetik tək saplı, hər birinin uzunluğu 20 metr, gözlərinin ölçüsü 45x45 mm, eni 2 metr olan olan (jilka) tor balıq ovu aləti müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar