Məhkəmə qərarları › İş №3(053)-205/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-205/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-205/2024 07.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala Rayon Prokurorluğunun müstəntiqi X1 iştirakı ilə 11 avqust 1987-ci ildə Neftçala rayonu, Şorkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Şorkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Prokurorluğu tərəfindən təqdim olunmuş 01 iyun 2024-cü il tarixli 24-1-2-2-441-0925-2 nömrəli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16 aprel 2024-cü il tarixdə saat 11 radələrində Neftçala rayonu, Şorkənd kəndində birgə yaşadıqları ünvanda aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində mübahisə zamanı əlində olan vintaçanı arvadı, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs atmış və nəticədə vintaçan sonuncunun sağ bud nahiyəsinə dəyərək sonuncuya sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3-nin bayır səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə onu döymüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Arzu ilə 2017-ci ildən ailəlidirlər və birgə nikahlarından Yusif və Qabil adlı 2 azyaşlı uşaqları var. Arzu ilə aralarında əvvəllər də ailə-məişət münasibətləri zəmnində mübahisələri olub. Hər dəfə baş vermiş mübahisədən sonra Arzu küsərək azyaşlı uşaqlarını da götürüb Yardımlı rayonuna valideynlərinin yanına getmiş, orada bir neçə gün qaldıqdan sonra yenə geri qayıtmışdır. Sonuncu dəfə aralarındakı mübahisə 16 aprel 2024-cü il tarixdə Şorkənd kəndindəki birgə yaşadıqları evdə olub. Həmin gün saat 11 radələrində özünə məxsus sənədləri axtardıqda tapa bilməmiş, sonradan isə sənədlərin Arzuda olduğunu bilmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Lakin, mübahisə edərkən Arzunu döyməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs bildirdikləri yalan və böhtandır. Mübahisə zamanı əlində vintaçan olmamış, Arzunu vintaçanla və eləcə də yumruqla vurmamış, döyməmiş, həmçinin onu təhqir etməmişdir. Həmin gün hadisədən sonra adi qaydada gündəlik işlərinə davam etməyə başlamışdır. Buna baxmayaraq Arzu 18 aprel 2024-cü ildə saat 12.30 radələrində iki azyaşlı uşaqlarını məktəbə aparmaq adı ilə evdən çıxaraq məktəbə getməmiş, Salyan rayonu ərazisinə keçərək oradan Yardımlı rayonu, Bozayran kəndində yaşayan valideynlərinin yaşadığı ünvana getmiş, geri qayıtmamışdır. Bir daha qeyd edir ki, Arzuya hər hansı bir üsulla heç bir xəsarət yetirməyib. Onda aşkar edilən xəsarətlərin haradan yaranması barədə də məlumatı yoxdur. Ola bilsin ki, Arzu nə vaxtsa harasa toxunub xəsarət almış və nəticədə həmin xəsarətlərin əlamətləri bədənində qalmışdır. Arzunun evdən çıxıb valideynlərinin yanına getməsinin əsl səbəbi isə onun ağır formada xəstə olan anasına qulluq etməsindən bezməsidir. Hesab edir ki, Arzu məhz bu səbəbdən ondan xəbərsiz uşaqlarını da götürüb valideynlərinin yanına getmişdir. Qeyd etdiyi kimi onların arasındakı mübahisə 16 aprel 2024-cü ildə olmuş, Arzu isə iki gün sonra, yəni 18 aprel 2024-cü ildə ondan xəbərsiz evi tərk edib getmişdir. Görünür ki, hadisədən sonra kimlərsə Arzunu öyrətmiş, ondan şikayət etməsi barədə təlimatlandırmışlar. Qeyd etdiklərini nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, teleqram göndərərək himayəsində azyaşlı uşaqları olduğuna görə məhkəmə prosesində iştirak edə bilmədiyini qeyd edib, işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsə müvafiq cəza (həbs) verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmiş şəxsin yazılı izahatı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yazılı ekspert rəyi və digər sənədlərlə də təsdiq olunur. 23 aprel 2024-cü il tarixli 75 A nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3-nin bayır səthinin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətdə müxtəlif şəraitlərdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 07 iyun 2024-cü il saat 14.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar