Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-227/2025 02.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında cərimə edilmişdir. Həmin qərar eyni şöbəsinin digər vəzifəli şəxsi tərəfindən 07 may 2025-ci ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, X7 2024-cü ilin oktyabr ayından 2025-ci ilin yanvar ayınadək əmək müqaviləsi bağlanmadan (hüquqi qüvvəyə minmədən) X6 işlərin görülməsinə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 məhkəmədə bildirmişdir ki, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində kənd təsərrüfatı ilə məşğul olur. X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən barəsində tərtib olunmuş sənədlərdə qeyd edilir ki, guya o, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin yanvar ayınadək əmək müqaviləsi bağlamadan X6 işlərin görülməsinə cəlb edib. Əslində belə bir şey olmayıb. Sadəcə Elvinin dayısı ilə tanışlığı olduğundan o, 10-15 gündən bir özü gəlib heyvanların yanında olurdu. Elvinin anasını sonuncunun qardaşı vasitəsilə tanıyıb. O, 4 uşaqla kirayədə qaldığını bildirib, xahiş etmişdir ki, uşaq arada-bir gəlib onun yanında qalsın. Elvinin dayısı ilə münasibətlərini nəzərə almış, eyni zamanda uşağın anasına və özünə yazığı gəldiyinə görə Elvinin onun yanında qalmasına razılıq vermişdir. Lakin Elvin onun işçisi olmamış, onun üçün hər hansı əmək fəaliyyəti göstərməmişdir. Elvin onun yanında qaldığı müddətdə ona əmək haqqı da verməyib. 2-3 dəfə Elvin ondan quzu istəmiş və o, da vermişdir. Uşaq normal əqli inkişafa və fiziki gücə sahib deyil. Ona görə də Elvinə hər hansı bir işi tapşırsa belə o, işin öhdəsindən gələ bilməzdi. Hesab edir ki, barəsində çıxarılmış qərar tam qanunsuz və əsassızdır. Barəsində 07 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında rəis X12 tərəfindən 13 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla 3.000 manat miqdarında cərimə edilib. Protokol tərtibindən onun ümumiyyətlə xəbəri olmamış və protokolun tərtib edildiyi zaman iştirakı təmin edilməmişdir. Protokolun surəti də hazırkı tarixə qədər ona hər hansı işçisi vasitəsilə və ya poçtla göndərilməyib. Hesab edir ki, X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsi onu əsassız olaraq məsuliyyətə cəlb edib. Məsuliyyətə cəlb edilməsinin əsl səbəbi isə Elvinin atası Ceyhunun şikayətləridir. Qeyd edir ki, Elvinin atası tüfeyli həyat tərzi keçirir və alkoqol düşkünüdür. Elə bu səbəbdən Elvinin anası ilə ayrılıb və tək yaşayır. Elvinin anası isə uşaqlarını təkbaşına saxlayır. Həmin ərəfələrdə Ceyhun ona müraciət edərək pul tələb etmiş, əks təqdirdə ondan şikayət edəcəyini bildirmişdir. O, Ceyhunun bu tələbinə rədd cavabı verib. Məhz bu səbəbdən Ceyhun ona qarşı şikayətlər edib. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə dindirilmiş X8 qeyd etmişdir ki, atası ilə anası boşanmış və ailədə uşaq çox olduğundan o, Cəlilabad rayonunda nənəsinin evində qalmışdır. Həmin evdə qaldığı müddət ərzində atası onu döydüyünə və söydüyünə görə məcbur olub Salyan rayonunda yaşayan dayısıgilə getmişdir. X7 dayısı ilə uzaq qohumdur. Bu səbəbdən anası dayısına daha çox ağırlıq olmasın deyə Vüsaldan xahiş etmişdir ki, o, Vüsalgildə qalsın. O, da arabir Vüsalgilə gedib qalırdı. Vüsalgildə qaldığı müddət ərzində yüngül işlər olanda sadəcə kömək edirdi. O, heç vaxt Vüsaldan pul almamış, onun işçisi olmamışdır. Anası Vüsaldan qurbanlıq qoyun istəyəndə Vüsal qoyunun pulunu almamış və qoyunu onlara pulsuz vermişdir. Atası bütün bu olanlara görə də acığa düşüb Vüsaldan polisə şikayət etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsi məhkəməyə nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi, X6 və X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına Neftçala Rayon Polis Şöbəsinin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2025-ci il tarixli qərarının surəti əlavə olunub. Qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan X4 DİN-nin 102 xidmətinə iki dəfə müraciət edərək Salyan rayonunun Ərəbqardaşbəyli kəndində yaşayan 2007-ci il təvəllüdlü oğlu Elvinin Vüsal adlı şəxs tərəfindən işlədilməsinə narazılığını bildirmişdir. Bununla bağlı araşdırma aparılmış, o cümlədən X5 və X2 izahatları alınmışdır. Araşdırmanın nəticəsində təhqiqatçı müvafiq əməldə cinayət tərkibinin olmaması qənaətinə gələrək cinayət işi başlanmasını rədd etmiş, X2 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün bu qərarın surətini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə göndərmişdir. Eyni əməllə bağlı 07 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi tərəfindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər”. İşin faktik hallarından görünür ki, təhqiqatçının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı 27 yanvar 2025-ci il tarixində qəbul edilib. Bunu, habelə İXM-nin yuxarıda istinad olunan müddəasının tələbini nəzərə aldıqda görünür ki, müvafiq inzibati tənbeh ən geci 28 aprel 2025-ci il tarixinədək verilməli idi (27 aprel 2025-ci il tarixi qeyri-iş gününə təsadüf edib). Buna baxmayaraq inzibati xəta haqqında protokol 07 may 2025-ci il tarixində tərtib olunmuş, X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat miqdarında cərimə edilməsinə dair qərar isə 13 may 2025-ci il tarixində qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan müddəalarının qüvvəsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsi 28 aprel 2025-ci il tarixindən sonrakı dövrdə X7 barəsində müvafiq əməllə bağlı inzibati xəta haqqında iş üzrə icraata başlamaq və onu inzibati məsuliyyətə cəlb etmək ixtiyarına malik olmadığı halda, inzibati xəta haqqında iş üzrə icraata başlanmış və X7 inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən “Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni Məcəllənin 134.1.3-cü maddəsinin mənasına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən İXM-nin 135.1.5-1-ci maddəsində nəzərdə tutulan hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə işin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat miqdarında cərimə edilməsinə dair 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında həmin iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat miqdarında cərimə edilməsinə dair 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında həmin iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-227/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-227/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver