Məhkəmə qərarları › İş №3(053)-25/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-25/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-25/2023 30.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxx 1984-cü ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 29 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 28 yanvar 2023-cü ildə saat 22:53-də yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində vəziyyətdə DİN-nin “102” xidmətinə dəfələrlə zəng edib nalayiq ifadələr işlədərək həmin xidmətin iş rejimini dəfələrlə pozmuş, sonra isə onun çağırışı əsasında ünvanına gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 28 yanvar 2023-cü ildə saat 14 radələrində özünə məxsus avtomobillə Bakı şəhərindən Aşağı Qaramanlı kəndinə gələrkən Salyan rayonu ərazisində onu X5 əməkdaşı saxlamış və barəsində iki protokol tərtib etmişdir. Bununla bağlı narazılığını bildirmiş, axşam evə gəldikdən sonra isə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Buna baxmayaraq, onun şikayətinə laqeyd yanaşılmışdır. Bundan sonra onun mobil telefon nömrəsinə Neftçala rayon Polis Şöbəsindən zəng olunaraq şikayətinin nə ilə bağlı olduğu soruşulmuş, o, şikayətinin Salyan Rayon Polis Şöbəsi ilə bağlı olduğu halda nə səbəbdən ona Neftçala Rayon Polis şöbəsi tərəfindən zəng olunmasından narazılığını bildirmişdir. Bundan sonra onun yaşadığı ünvana Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş və o, həmin polis əməkdaşları ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə getmişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala Rayon Polis şöbəsinin əməkdaşları X1 və X2 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu ifadələr vermişlər. Bildirirlər ki, 28 yanvar 2023-cü ildə DİN-nin 102 xidmətindən daxil olmuş məlumatla müəyyən olunmuşdur ki, Şəxs eyni tarixdə həmin xidmətə dəfələrlə zəng edərək yolda baş vermiş hadisə ilə bağlı araşdırma aparılmasını tələb etmiş, operatorun və ümumilikdə polisin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, bununla xidmətin iş rejimini dəfələrlə pozmuşdur. Məlumata görə zəng zamanı vətəndaşın danışığından onun sərxoş vəziyyətdə olduğu hiss olunurdu. Məsələ ilə bağlı onlar vətəndaşla telefon əlaqəsi saxlamış və narazılığının nədən ibarət olduğunu izah etməsini xahiş etmişlər. Lakin Şəxs yenə də söyüş söymüşdür. Bununla əlaqədar onlar Şəxs yaşadığı ünvana getmişlər. Şəxs onları küçədə qarşılayaraq yenə də uca səslə narazılıq etmiş, onlar sonuncuya birlikdə polis şöbəsinə gedib məsələni aydınlaşdırmağı xahiş etdikdə isə yenə də uca səslə nalayiq ifadələr işlədərək, izahat verməkdən və polis şöbəsinə getməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi intizama dəvət etdiklərinə, yaratdığı səs-küyün asayişi pozduğunu bildirdiklərinə baxmayaraq Şəxs onların qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı, o, özünü təqsirli bilmədiyinə baxmayaraq, şahid ifadələri və iş materialları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə işin faktik hallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən “Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər”. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin daha ciddi sayılan 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 30 yanvar 2023-cü il saat 16:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar