Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-256/2025 04.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə X7 Xidmətinin X2 vəzifəli şəxsinin 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X7 Xidmətinin X2 vəzifəli şəxsi tərəfindən 07 fevral 2025-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1.500 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. X3 öz şikayətini belə əsaslandırır ki, 24 yanvar 2025-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs qismində tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanmaması faktı müəyyən edilmiş və bu barədə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında MN seriyalı ******* nömrəli 07 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1.500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi hesab edir ki, barəsində tərtib edilmiş ******* nömrəli protokol əsasında qəbul olunan inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta faktı dövlət informasiya sistemlərinin məlumatlarına əsasən aşkar edilsə də, inzibati xəta haqqında iş üzrə icraat İXM-nin 16-1-ci fəslinə uyğun aparılmamış, qəbul olunan inzibati tənbeh vermə haqqında qərar elektron qaydada deyil, kağız daşıyıcıda tərtib olunmuş, həmçinin inzibati xəta materialları barədə məlumatlandırma vəzifəsi səlahiyyətli orqan tərəfindən icra edilməmişdir. Nəticədə həmin qərardan yalnız 22 may 2025-ci il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsi tərəfindən ünvanına daxil olmuş “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrasına dair” bildirişlə məlumatlandırılmışdır. Göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işin obyektiv, tam və hərtərəfli baxılmasına maneə törədəcək dərəcədə pozulmuş, inzibati tənbeh vermə haqqında qərarın nəticələrindən qanunla müəyyən olunmuş müdafiə mexanizminə etimad hüququ zədələnmişdir. Bu səbəbdən X7 Xidmətinin X2 vəzifəli şəxsinin 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarını qanunsuz sayır və həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış X7 Xidmətinin X4 öz nümayəndəsini göndərməmiş, şikayətçi X3 gəlməmişdir. Məhkəmə şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilə bilməz. X7 Xidmətinin X2 vəzifəli şəxsinin 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələbi işəgötürən X3 tərəfindən pozularaq, işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışlar. İnzibati tənbeh vermə haqqında qərarda istinad olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi aşağıdakı məzmundadır: “İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir”. 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X7 Xidmətinin X2 vəzifəli şəxsi tərəfindən tərtib olunmuş 24 yanvar 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik PH********** nömrəli qoşmadan görünür ki, Paşa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında 31 yanvar 2025-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi 24 yanvar 2025-ci il tarixi üçün işçilər işəgötürən X3 tərəfindən istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışlar. Müvafiq icbari sığorta müqaviləsi isə inzibati xəta haqqında protokol tərtib edildikdən bir həftə sonra, yəni 31 yanvar 2025-ci il tarixində bağlanmış və 01 fevral 2025ci il tarixində qüvvəyə minmişdir. Göründüyü kimi, inzibati xətanın aşkar edildiyi, habelə haqqında protokolun tərtib edildiyi gün üçün işəgötürən X3 işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuşdur. Şikayətin dəlillərinə, o cümlədən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən İXM-nin 16-1-ci fəslinin tələblərinin pozulması ilə bağlı dəlilə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin inzibati xətalar qanunvericiliyinin qüvvəsi ilə bağlı məsələləri tənzimləyən 11-ci maddəsinin tələbinə görə “11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur”. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin hazırkı iş üzrə inzibati xətanın törədildiyi dövrdə qüvvədə olmuş 469.2-ci maddəsi (“Qeyd” hissəsi istisna olmaqla) aşağıdakı məzmunda olub: ““İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir”. Bu maddə 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Qanunla ləğv edilmiş və Məcəlləyə yeni məzmunda 469-1-ci maddə əlavə olunmuşdur (göstərilən Qanun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında 30 may 2025-ci ildə, “Azərbaycan” qəzetində 31 may 2025-ci ildə dərc olunaraq qüvvəyə minib). İXM-nin hazırda qüvvədə olan 469-1-ci maddəsi (“Qeyd” hissəsi istisna olmaqla) aşağıdakı məzmundadır: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Göründüyü kimi İXM-nin hazırda qüvvədə olan redaksiyası barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsə istinad olunan əmələ münasibətdə məsuliyyəti yüngülləşdirmir, habelə aradan qaldırmır. Göstərilənlərə əsasən mübahisələndirilən qərar və icraatla bağlı məsələlər Azərbaycan Respublikası İXM-nin 2025-ci ilin yanvar və fevral aylarında qüvvədə olmuş 469.2-ci maddəsi nəzərə alınmaqla araşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 16-1-ci fəslinə aid olan 127-4.1-ci maddəsinin müvafiq dövrdə qüvvədə olmuş tələbinə görə bu Məcəllənin 469.2-ci maddəsində “nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir” (yuxarıda göstərilən 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Qanunla “469.2-ci” sözləri “469-1-ci” sözləri ilə əvəz edilmişdir). Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsi həmin Məcəllənin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işlər üzrə xüsusi icraat qaydasını nəzərdə tutub və şübhəsiz ki, inzibati xəta haqqında iş üzrə icraatı aparmış X7 Xidmətinin X4 (həmin şöbənin vəzifəli şəxsi) bu maddənin tələblərinə riayət etməməklə müvafiq prosessual qaydanı pozmuşdur. Lakin həmin pozuntunu qeyd etməklə yanaşı məhkəmə hesab edir ki, göstərilən prosessual qayda pozuntusunun baş verməsi halı inzibati xətanın baş verməsi faktını istisna etmir. Yəni işin faktik hallarından görünür ki, işəgötürən X3 real olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuş, yəni işçilərin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmiş və bu əməli ilə Azərbaycan Respublikası İXM-nin müvafiq dövrdə qüvvədə olmuş 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 öz şikayətində qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbini həmçinin Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsi ilə əsaslandırır. Göstərilən maddəyə əsasən “bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Eyni Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hal aşkar edildikdə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul olunur. Məhkəmə məsələ ilə bağlı İXM-nin yuxarıda istinad olunan 135.1.6-cı maddəsini məna baxımından təhlil etməyi zəruri sayır. Həmin maddənin məzmunundan da göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat dövründə yol verilmiş hər pozuntu (bu Məcəllə ilə müəyyən edilmiş tələblərin pozulması) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz. Belə bir pozuntu yalnız o, halda inzibati xəta haqqında iş üzrə qərarın ləğvi üçün əsas hesab olunur ki, bu pozuntu işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmiş olsun. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, icraatın Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsində nəzərdə tutulan qaydada (o cümlədən informasiya sistemləri vasitəsilə elektron qaydada) deyil, kağız daşıyıcılarda aparılması işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. X1 müvafiq inzibati xətanı törətməsi faktı isə aşkardır. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələblərini də nəzərdən keçirməyi zəruri sayır. Həmin maddə aşağıdakı məzmundadır “53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir”. İşin hallarını nəzərdən keçirdikdə görünür ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulan əsaslardan heç bir mövcud deyil. Məhkəmə həmin maddədə mövcud olan bir məqamı da nəzərə alır. 53-cü maddə (53.1.11) “bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda” başlanmış icraata xitam verilməsini nəzərdə tutduğu halda (122.1-ci maddə də müəyyən növ inzibati xətalar üzrə icraatın informasiya sistemləri vasitəsilə elektron qaydada aparılmasını nəzərdə tutur) 127-4.1-ci maddəyə münasibətdə eyni tənzimləməni tətbiq etmir. Yəni inzibati xətalar haqqında işlər üzrə icraata başlanması və başlanmış icraata xitam verilməsi məsələlərində qanunverici 122.1-ci və 127-4.1-ci maddələrdən irəli gələn qaydalara fərqli yanaşır. Məhkəmə yuxarıda göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən «qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında» qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 Xidmətinin X2 vəzifəli şəxsinin 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-256/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-256/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver