Məhkəmə qərarları › İş №3(053)-262/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-262/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-262/2025 03.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 iştirakı ilə xx xxxxx 1985-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi məhkəmədə baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 03 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs Zərərçəkmiş şəxs QSC-yə məxsus əraziyə qanunsuz daxil olaraq 20 iyun 2024-cü il tarixdə və 24 oktyabr 2024-cü il tarixdə dəmir boruları oğurlayıb özgə əmlakını talamışdır. Şəxs bildirir ki, yuxarıda təsvir olunmuş ərazidə yerləşən çürük və istismara tamamilə yararsız boruların kiməsə məxsus olduğunu bilməyib. Bu səbəbdən də həmin yararsız çürük boruları yığıb satmaqla ailəsinin dolanacağını təmin etmək istəyib. Ona bu əraziyə bir daha gəlməməsi deyiləndən sonra isə həmin əraziyə getmir. Əməlindən peşmandır. Məhkəmə iclası zamanı dindirilmiş X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC X11 Mühafizə Xidmətində bölmə rəisi vəzifəsində işləyir. İşlədiyi şirkətlə «X2 LTD» Şirkəti arasında bağlanmış müqavilə əsasında Zərərçəkmiş şəxs MMC X11 Mühafizə Xidməti həmin şirkətin əmlakını mühafizə edir. Şəxs və başqa bir nəfər 2024-cü ilin iyun ayından onların mühafizə etdiyi əraziyə girərək köhnə boruları qazıb aparırdılar. Onlar son 2 ay ərzində artıq həmin əraziyə girmirlər. X3 verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, oğurlanmış borular onun birbaşa işlədiyi şirkətə deyil, «X2 LTD» Şirkətinə aiddirlər. Yəni həmin boruların oğurlanması nəticəsində istər Zərərçəkmiş şəxs MMC-yə, istərsə də şəxsən ona hər hansı zərər vurulmayıb. Bununla yanaşı, inzibati xəta haqqında hazırkı işdə zərərçəkmişin nümayəndəsi qismində iştirak etməsi üçün ona istər «X2 LTD» Şirkəti, istərsə də Zərərçəkmiş şəxs MMC tərəfindən etibarnamə verilməyib. Hazırkı işdə sadəcə olaraq Zərərçəkmiş şəxs MMC-nin bölmə rəisi kimi iştirak edib. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinin mənasına görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini araşdırır. Müvafiq məsələni araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və iş materialları düzgün tərtib edilməyib. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən «İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır». Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. İnzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd tərtib olunub. Belə ki, inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinin tələbinə zidd olaraq zərərçəkmiş şəxsin (və ya zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin) adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı göstərilməmiş, protokolda həmin Məcəllənin 100.1.9-cu maddəsinin tələbinə zidd olaraq “İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər” bölməsi doldurulmamış, o cümlədən inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin miqdarı göstərilməmişdir. Protokolun «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» bölməsi də doldurulmayıb. İnzibati xəta haqqında protokolun inzibati xətanın mahiyyətinin təsviri üçün nəzərdə tutulmuş bölməsində isə talanmış əmlakın Zərərçəkmiş şəxs QSC-yə məxsus olduğu göstərilir. Halbu ki, Zərərçəkmiş şəxs MMC mühafizə xidməti ilə məşğul olan hüquqi şəxs olmaqla müvafiq əmlakın ona məxsus olması iş materiallarına əlavə edilmiş hər hansı sübutla müəyyən olunmur. Məhkəməyə təqdim olunmuş materiala Neftçala Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X4 material üzrə «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 14 mart 2025-ci il tarixli qərarı əlavə edilib. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınan X3 bildirmişdir ki, onun işlədiyi şirkətin mühafizə etdiyi ərazilər arasında «X2 LTD Şirkəti»nin də mədən sahələri var. Təxminən 1 ildir ki, o, X6 və Şəxs bir neçə dəfə mədən ərazilərindən dəmir boru qazıb çıxararkən görmüşdür. Əvvəllər həmin şəxslərə irad bildirib bir də belə hərəkət tutmamaları barədə xəbərdarlıq etsə də, 18 iyun 2024-cü il tarixdə yenə həmin şəxsləri mədən ərazisində görmüşdür. Onlara sonuncu dəfə xəbərdarlıq etdiyini demiş, lakin onun bütün xəbərdarlıqlarına baxmayaraq Ülvi və Eminin 20 iyun 2024-cü il tarixdə yenə həmin əraziyə girmələrini və fotolarının çəkildiyini şirkətin əməkdaşları ona bildirmişlər. O, Ülvi və Eminin həmin gün də oradan oğurluq etdiyini bilmədiyi üçün Neftçala Rayon Polis Şöbəsinə oğurluq edənlərin naməlum şəxslər olduqlarını bildirmişdir. Daha sonra əməkdaşlar fotoları ona təqdim etdikdə dəqiqləşdirmişdir ki, oğurluğu yenə Ülvi və Emin törətmişdir. Baş vermiş oğurluq nəticəsində şirkətə təxminən 1178 manat məbləğində maddi ziyan dəydiyini qeyd etmişdir. HK-1/604 və 1069 nömrəli material üzrə araşdırma zamanı talama faktı ilə bağlı məlumat verən və izahatı alınan, həmçinin məhkəmə iclası zamanı dindirilən X1 bildirdiklərindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs MMC X11 Mühafizə Xidmətində bölmə rəisi vəzifəsində işləyir. Şirkətin fəaliyyəti müxtəlif şirkətlərin ərazilərinin mühafizəsindən ibarətdir. Mühafizə etdikləri ərazilər arasında «X2 LTD Şirkəti»nin mədən sahələri də olmuş və kəsilib oğurlanmış borular da sözügedən şirkətin 7-ci mədən ərazisindən istismarı dayandırılmış neft quyusunun müxtəlif ölçülü dəmir borularıdır. Lakin inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında protokolu imzalayıb, əməlindən peşman olduğunu bildirsə də, inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs, zərərçəkmiş şəxs müəyyən edilməmiş, onun nümayəndəsi işə cəlb olunmamış, zərərin dəqiq miqdarı müəyyən olunmamışdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış səlahiyyətli orqan (vəzifəli şəxs) məhkəməyə təqdim olunan materiala yalnız müstəntiqin «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 14 mart 2025-ci il tarixli qərarını əlavə etməklə kifayətlənmiş, iş üzrə zəruri olan heç bir əlavə araşdırma aparmamış, izahatlar almamışdır. Bununla yanaşı qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin oğurluq yolu ilə taladığı əmlakın dəyərini təsdiq edə biləcək heç bir mötəbər sübut (məsələn, mütəxəssis rəyi) əldə olunmamış, həmin əmlakın dəyəri ilə bağlı əsl zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı belə iş materiallarına əlavə edilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokol tərtib olunarkən zərərçəkmiş şəxs müəyyən olunmamış, beləliklə onun hüquqları pozulmuş, həmçinin iş materiallarına zərərçəkmiş şəxsin (nümayəndənin) izahatları, digər mötəbər sübutlar əlavə edilməmiş və onun məhkəməyə gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrinə əsasən QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Neftçala Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar