Məhkəmə qərarları › İş №3(053)-267/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-267/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-267/2025 05.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materialı baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi 26 may 2025-ci ildə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Göstərilən məsələlərlə bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Bununla yanaşı, həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırkı iş üzrə məhkəməyədək icraatda iştirakının və bununla da qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələn hüquqlarının təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyü iş materialları ilə müəyyən olunmur (materialdan görünür ki, X2 icraatda iştirak etməsi üçün ümumiyyətlə dəvət olunmayıb). Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilmişdir. O cümlədən Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinin tələblərinə riayət edilməsi təqdim olunmuş sənədlərlə müəyyən edilmir. Belə ki, inzibati xəta haqqında protokola X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və tədbir görülməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilməsi barədə məlumatlandırılmasını təsdiq edən heç bir mötəbər sübut materiala əlavə edilməyib. Ona görə Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə riayət olunması halı da şübhə doğurur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılması yeri ilə bağlı məsələləri tənzimləyən 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İnzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasından irəli gələn məsələlərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 150.1-ci maddəsinə əsasən “İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir”. Həmin Məcəllənin 150.5.1-ci maddəsinin mənasına görə İXM-nin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana” göndərilir. Təqdim olunmuş sənədlərdən görünür ki, X3 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsinin 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə Şəxs MMC-nin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat miqdarında cərimə edilmişdir. Həmçinin X3 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsinin 13 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli digər qərarı ilə Şəxs MMC-nin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə 26 may 2025-ci ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol isə X1 yuxarıda göstərilən qərarlar üzrə inzibati cərimə növündə inzibati tənbehin icrası ilə əlaqədar tədbirlər görməməsi səbəbindən tərtib edilib. Yuxarıda göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-nin 192.1 və 529.1- 1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların mahiyyətini nəzərə alaraq hesab edirəm ki, həmin xətalar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bilavasitə əmək (iş, sahibkarlıq) fəaliyyəti ilə bağlıdır. Belə olan halda 26 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol üzrə inzibati xətanın törədildiyi yer kimi də X1 daimi yaşayış yeri deyil, onun əmək (iş, sahibkarlıq) fəaliyyəti göstərdiyi yer qəbul edilməlidir. Qeyd olunur ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Şəxs MMCnin hüquqi ünvanı barədə məlumat yoxdur. X3 Xidmətinin Bakı şəhər idarəsinin həmin MMC-yə göndərdiyi məktublar müvafiq olaraq “AZ1033. Bakı ş., Nərimanov r., Təbriz küçəsi, ev 14, mənzil 30B” və “AZ1008. ünvan 2 ünvanlarına göndərildiyinə baxmayaraq, iş materiallarında Şəxs MMC-nin hüquqi ünvanının məhz həmin yerdə (yerlərdə) olması ilə bağlı da heç bir məlumat yoxdur. Eyni zamanda qeyd olunur ki, yuxarıda göstərilən qərarlarda və protokollarda FİN kodu “4QLAELS”, təvəllüdü xx.xx.1978-ci il kimi göstərilən X2 adlı şəxs barəsində də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində heç bir məlumat aşkarlanmır. Beləliklə, inzibati xəta haqqında protokolda X2 adlı şəxsin daimi yaşayış yeri kimi Neftçala rayonu, Qırmızıkənd kəndi göstərildiyinə baxmayaraq, bu hal iş materialları ilə təsdiq edilmir. Beləliklə istər MMC-nin, istərsə də şəxsin özünün (yaşayış yerinin) ünvanı iş materialları ilə müəyyən edilmir. Ancaq istənilən bir halda hazırkı işə həmin şəxsin daimi yaşayış yeri üzrə məhkəmədə deyil, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati xətanın törədildiyi yerdə, yəni şəxsin əmək (iş, sahibkarlıq) fəaliyyəti göstərdiyi yerin məhkəməsində baxılmalıdır. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında İXM-nin 110.1-ci maddəsində nəzərdə tutulan vəsatətin mövcud olmadığını da nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar