Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-271/2025 10.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Neftçala rayonu, Mürsəqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala şəhəri, M.Əsədov küçəsində nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 10 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 iyun 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 18 may 2025-ci il tarixdə saat 14 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən evin qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sağ qolundan tutub sıxmaqla və bədəninə yumruqla vurub itələməklə fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 13 yanvar 2022-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Aralarında mübahisə olduğu üçün 22 yanvar 2025-ci ildə boşanmışlar. Evli olduqları müddətdə o, qaynanası X1 məxsus torpaq sahəsində ev tikmiş, evin bütün xərclərini də özü ödəmişdir. Evin tikintisi başa çatdıqdan sonra onlar təxminən 5 ay həmin evdə yaşamış, boşandıqdan sonra Fəridə anasının evinə getmişdir. Fəridə onun xəbəri olmadan bir neçə dəfə evə daxil olaraq evin qıfılını dəyişdirmiş, o da bu səbəbdən qıfılı sındırıb evə daxil olmuşdur. Evə daxil olduqda isə görmüşdür ki, Fəridə evi dağınıq vəziyyətə salıb. Lakin aralarında başqa mübahisə olmasın deyə bu barədə heç bir şikayət etməmişdir. 18 may 2024-cü il tarixdə saat 14 radələrində evdə olduğu zaman qapının döyüldüyünü eşitmiş, küçəyə çıxdıqda Fəridəni, oğlu Mətini, Fəridənin anası Mətanəti və Fəridənin iş yoldaşı Bəhruzu görmüşdür. Bəhruz Fəridənin evdə olan əşyalarını avtomobillə götürüb aparmaq üçün gəldiyini demiş, o isə Bəhruza məhkəmə qərarı olmadan onları evə buraxmayacağını bildirmişdir. Bu zaman Fəridə əlindəki mobil telefon vasitəsilə ona yaxınlaşıb videoçəkiliş etmək istəyərkən o, Fəridənin əlindəki telefonu itələmiş və telefon yerə düşmüşdür. Bundan sonra Fəridə və anası onu söyməyə başlamışlar. O da bu səbəbdən əvvəlcə DİN-nin “102” xidmətinə, daha sonra isə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı Fəridənin əlindəki telefonu itələyib yerə atsa da, onu döyməmiş və söyməmişdir. Fəridənin polis şöbəsində bildirdikləri isə hamısı yalandır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ilə 13 yanvar 2022-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Rövşənin bəzi hərəkətlərinə görə mütəmadi olaraq mübahisələri olduğu üçün 22 yanvar 2025-ci il tarixdə boşanmışlar. Onlar evli olduqları vaxt təxminən 5 ay müddətində anası X1 məxsus evdə yaşamışlar. Həmin evin sənədləşməsini və bütün tikinti xərclərini anası Mətanət ödəmişdir. Rövşən isə əsassız olaraq evin özünə məxsus olduğunu iddia edir. Bu səbəbdən artıq neçə aydır ki, aralarında həmin evlə bağlı mübahisə var. O, evi dəfələrlə bağlayıb getməsinə baxmayaraq, Rövşən əsassız olaraq evə daxil olaraq orada yaşayır. 18 may 2025-ci il tarixdə anası Mətanət, 2 yaşlı oğlu Mətin və qonşusu ilə birlikdə evə getmiş və görmüşlər ki, Rövşən giriş darvazında olan qıfılı sındırıb həyətə daxil olmuşdur. O, qapını döyüb Rövşəni çağırmış, Rövşən küçəyə çıxan kimi onunla və anası ilə mübahisə yaradaraq çıxıb getmələrini tələb etmişdir. Rövşənin bu hərəkətlərini “İphone 14” markalı mobil telefonu vasitəsilə videoçəkiliş aparmaq istədikdə Rövşən onun əlinə qəsdən vuraraq telefonunu yerə salmışdır. Telefonunu götürdükdə görmüşdür ki, ekranında bir neçə cızıq əmələ gəlsə də, heç bir maddi ziyan dəyməmişdir. Rövşən yenə öz hərəkətlərini davam etdirərək onun sağ qolundan tutub sıxmış və bədəninə yumruq vurub onu itələmişdir. O da Rövşənin bu hərəkətlərinə görə DİN-in “102” xidmətinə məlumat vermiş, daha sonra da Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı o, Rövşəni döyməmiş, söyməmişdir. Şəxsla barışmadığını bildirərək, ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyi və digər sənədlərlə də təsdiq olunur. 23 may 2025-ci il tarixli 81 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə qapıya dəyməsi nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-271/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-271/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver