Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-272/2025 10.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1998-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 05 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, “Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Neftçala r-nun Xəzər kəndində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zəminində əri Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərini cırmaqlayaraq ona dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən döymüşdür”. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək işin məhkəmə baxışı zamanı qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşayırdı. Zərərçəkmiş şəxs onun əridir. Onlar 2016-cı ildə ailə qurmuş və Xəyalla birgə ailə münasibətlərindən 2 uşağı var. 25 aprel 2025-ci ildə saat 10 radələrində birgə yaşadıqları ünvanda əri Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onu nalayiq sözlərlə təhqir edib, əli ilə üz nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurduqdan sonra ayağı ilə bədəninin müxtəlif nahiyələrinə təpik vurmuş və yerdən ağac parçasını götürüb ayaq nahiyəsinə zərbələr endirərək onu döymüşdür. O, da özünü müdafiə etmək və Xəyalın əlindən çıxmaq üçün əlləri ilə sonuncunun boğaz nahiyəsini cırmaqlayıb. Xəyalın onu döyməsi ilə bağlı əvvəl DİN-in “102” xidmətinə, daha sonra isə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə 2016-cı ildə evlənib. Ümumi ailə münasibətlərindən 2 uşağı var. 25 aprel 2025-ci ildə saat 10 radələrində birgə yaşadıqları ünvanda arvadı Şəxs heç bir səbəb olmadan üzərinə gələrək mübahisə yaratmış, ondan atası Elçinin ünvanına təhqiramiz ifadələr işlətməsinin səbəbini soruşmuş, o, da Elçin haqqında heç bir söz demədiyini Röyaya bildirmişdir. Həmin vaxt Röya əsəbi olduğu üçün üzərinə gələrək, əli ilə onun bədəninin müxtəlif yerlərini cırmaqlamış və mərhum atası Mitalimin ünvanına nalayiq ifadələr demişdir. O, da bundan əsəbiləşib əli ilə Röyanın üz nahiyəsinə bir neçə dəfə vurmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli olması halı inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs (polis orqanı) tərəfindən sübuta yetirilməlidir. Məhkəmə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs (polis orqanı) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini sübuta yetirməyib. Məsələ ilə bağlı aşağıdakılar qeyd olunur. Neftçala Rayon Məhkəməsinin 1(053)-32/2025 nömrəli işə üzrə 04 iyun 2025-ci il tarixli hökmünə əsasən Zərərçəkmiş şəxs eyni hadisəyə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin iş üzrə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 25 aprel 2025-ci ildə saat 10 radələrində Neftçala rayonunun Xəzər kəndində yerləşən və birlikdə yaşadıqları evdə arvadı Şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq, təpik və ağac parçası ilə vurmuş, bu hərəkətləri ilə ona alının sağ nahiyəsinin qançırı, sol göz orbitasının qançırı, şişkinliyi, gözün ağlı qişasının qansızması, sol və sağ bazunun orta 1/3-nin, sağ və sol budun orta 1/3-nin, sağ və sol baldırın yuxarı 1/3-nin qançırları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Qeyd olunan hallar 1(053)-32/2025 nömrəli iş üzrə icraat dövründə araşdırılmış sübutların məcmusu, o cümlədən 25 aprel 2025-ci il tarixli 65 nömrəli ekspert rəyi təsdiq olunur. Həmin ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı məzmundadır: “1998-ci il təvəllüdlü Şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alının sağ nahiyəsinin qançırı, sol göz orbitasının qançırı, şişkinliyi, gözün ağlı qişasının qansızması, sol və sağ bazunun orta 1/3-nin, sağ və sol budun orta 1/3-nin, sağ və sol baldırın yuxarı 1/3-nin qançırları küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 25 aprel 2025-ci il tarixdə ağac parçası və yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». 1(053)-32/2025 nömrəli işin materiallarına əlavə edilmiş 26 aprel 2025-ci il tarixli 66 nömrəli digər ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üst dodaq, boyunun sol aşağı və sol bazunun aşağı 1/3-nin qançırları küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 25 aprel 2025-ci il tarixdə cırmaqlama nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Məhkəmə hazırkı işin hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, xüsusilə də ekspertiza tədqiqatları zamanı hər iki şəxsdə aşkar edilmiş xəsarətlərin xarakterini nəzərə alaraq belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər Şəxs tərəfindən özünü müdafiə etmək məqsədilə və özünü müdafiə etmə zamanı yetiriliblər. Məhkəmə yuxarıda göstərilən qənaətə gələrkən Zərərçəkmiş şəxs ilə Şəxs fiziki imkanlarını da nəzərə alır. Azərbaycan Respublikası İXM-nin zəruri müdafiə ilə bağlı məsələləri tənzimləyən 20-ci maddəsinə əsasən “20.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. 20.2. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir”. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs hərəkətləri Zərərçəkmiş şəxs tərəfindən ona qarşı edilmiş qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuşdur. Beləliklə, 25 aprel 2025-ci il tarixdə saat 10 radələrində Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində münaqişə baş vermiş, bu zaman Zərərçəkmiş şəxs Şəxs əlləri, ayaqları və taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Eyni hadisə zamanı Şəxs ona qarşı edilən qəsddən özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs cırmaqlayıb, sonuncuya sağlamlığa zərər vurma kimi qiymətləndirilməyən xəsarətlər yetirmişdir. Hadisə zamanı Şəxs zəruri müdafiə həddini aşmayıb. Azərbaycan Respublikası İXM-nin 53.1.4-cü maddəsinə əsasən «şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-272/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-272/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver