Məhkəmə qərarları › İş №3(053)-289/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-289/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-289/2024 26.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi Şəxs barəsində 03 iyun 2024-cü ildə Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol materialla birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin 26 avqust 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onlara sorğu gəldiyini, sorğuya əsasən Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinin ərazisində olan ağacları sayıb, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat göndərdiyini, rəsmi poçt vasitəsilə göndərdiyi məlumatı sadə qayadada göndərdiyi üçün əlində müvafiq qəbzin olmadığını, lakin bu barədə bələdiyyənin “Göndərilən məktubların qeydiyyatı jurnalı”nda olan səhifənin çıxarışının təsdiq edilmiş surətini məhkəmə iclasında təqdim etmiş və üzərinə düşən vəzifəni vaxtında və lazımınca yerinə yetirdiyi üçün barəsində tərtib edilmiş yuxarıda qeyd olunan inzibati xəta haqqında protokolla razılaşmadığını bildirmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinin sədri Qəfərov X1 Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs işə məhkəmədə baxılması zamanı 2024-cü il ərzində göndərilən məktubların surquclanmış və möhürlənmiş siyahısı kitabını təqdim edərək bildirmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən onlara sorğu gəlmiş, sorğuya əsasən bələdiyyənin ərazisində olan ağacları sayıb, yaşıllıqların uçot vərəqəsini tərtib edərək məktubla 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat göndərmiş, rəsmi poçt vasitəsilə göndərdiyi məlumatı isə sadə qayadada göndərdiyi üçün əlində müvafiq qəbz olmamışdır. Lakin bu barədə bələdiyyənin “Göndərilən məktubların siyahısı və qeydiyyatı jurnalı”nın 1ci səhifəsində 14-cü sırada 16 fevral 2024-cü il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilən məlumatın öz əksini tapdığını qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, inzibati xəta haqqında 03 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolda qeyd olunur ki, o, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu barədə məlumatları idarəyə təqdim etməmişdir. Sözügedən inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Belə ki, barəsində tərtib olunmuş protokolda qeyd edilən inzibati xətanın ona ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Həmin xətanın tərəfindən törədilməsi halını təsdiq edə biləcək mötəbər sübut da mövcud deyil. Belə bir hal sübuta yetirilməyib. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Təqdim olunmuş 2024-cü il üzrə göndərilən məktubların təsdiq olunmuş surətindən görünür ki, 1-ci səhifənin 14-cü sırasında göndərilmə tarixi 16 fevral 2024-cü il qeyd olunmuş yaşıllıqların uçotu vərəsi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərildiyi qeyd edilmişdir. Təqdim edilmiş Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinin yaşıllıqların uçot vərəqəsindən görünür ki, 10 fevral 2024-cü il tarixdə bələdiyyə tərəfindən ərazidə olan ağac, kol və yarımkolların siyahısı, gül-çiçək, ot bitkiləri və qazonların kv.metri haqqında məlumatlar bələdiyyə sədri tərəfindən siyahıya alınmış və bu barədə həmin tarixdə 5 nəfərdən ibarət komissiyanın iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialların poçt göndərişlərinin izlənməsi haqqında çıxarışın surəti əlavə edilsə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs sədri olduğu bələdiyyəyə ünvanlanmış sorğunun (məktub) surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda sorğunun hansı məzmunda və konkret olaraq kim tərəfindən verildiyi sual yaradır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. Həmin Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipini təsbit edən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Eyni Məcəllənin 76-cı maddəsinə əsasən “76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir”. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir”. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə təqsirli olması halının sübuta yetirilməsi vəzifəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə düşür. Məhkəmə işin faktik hallarını, habelə toplanmış sübutların isə qeyri-mötəbər olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.3cü maddəsi ilə təqsirli olması (əməlində həmin maddənin tərkibinin olması) halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən “inzibati xəta tərkibi olmadıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən 03 iyun 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar