Məhkəmə qərarları › İş №3(053)-298/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-298/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-298/2024 05.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala şəhəri, Məhəllə 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 20 avqust 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 avqust 2024-cü il tarixli qərardan və material üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs «Kia Cerato» minik markalı 90KC617 dövlət qeydiyyat nişanlı avtomobili 01 avqust 2024-cü ildə saat 20.30 radələrində Neftçala rayonu, Həsənabad qəsəbəsindən Neftçala şəhərinə doğru idarə edib geriyə dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn, Zərərçəkmiş şəxs3 Əbil oğlu tərəfindən idarə olunan «Mercedes Benz D200» minik markalı 90BB816 dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş, onun qarşısına çıxaraq qəza şəraiti yaratmışdır. Nəticədə «Mercedes Benz D200» minik markalı 90BB816 dövlət qeydiyyat nişanlı avtomobil əvvəl «Kia Cerato» minik markalı 90KC617 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və zərbənin təsirindən qarşı hərəkət zolağına çıxaraq X4 tərəfindən idarə olunan «Mercedes Benz C180» minik markalı 99BD225 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat qəzası zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarətlər almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, etibarnamə əsasında idarə etdiyi «Kia Cerato» minik markalı 90KC617 dövlət qeydiyyat nişanlı avtomobillə 01 avqust 2024-cü ildə saat 20.30 radələrində Neftçala rayonu, Həsənabad qəsəbəsindən Neftçala şəhəri istiqamətində hərəkət edərkən «Pir yolu» adlanan yerdən dönüb dayanmaq istəmişdir. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin uzaqda olduğunu görüb geriyə dönmə əməliyyatını tamamlayacağını düşünmüş və düzünə hərəkət edən həmin nəqliyyat vasitəsinin gəlib-keçməsini gözləmədən geriyə dönməyə başlamışdır. Bu zaman qarşıdan gələn və adını sonradan bildiyi Emin adlı şəxs tərəfindən idarə olunan «Mercedes» markalı avtomobil onun avtomobilini sağ tərəfindən vurmuş və zərbənin təsirindən qarşı hərəkət zolağına çıxaraq həmin yolla düzünə hərəkət edən başqa bir «Mercedes» markalı avtomobillə toqquşmuşdur. Qəza zamanı özü və yanında olmuş sərnişin X2 xəsarət almayıblar. Hadisə vaxtı digər avtomobillərdə olmuş zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəyib. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Baloğlan Qasımov onun oğludur. 01 avqust 2024-cü ildə axşam saatlarında Baloğlanın idarə etdiyi «Mercedes» markalı avtomobillə Həsənabad qəsəbəsindən Kürqarabucaq kəndinə gedirdilər. O, avtomobilin arxa oturacağında nəvələri Nuray və İbrahimlə birlikdə, gəlini X3 isə ön sərnişin oturacağında oturmuşdular. Qarşılarında bir «Kia» markalı avtomobil hərəkət edirdi. «Kia» markalı avtomobil qarşıdan gələn «Mercedes» markalı avtomobilin keçib getməsini gözləmədən geriyə dönmək istəmiş, bu zaman qarşıdakı «Mercedes» markalı avtomobillə toqquşmuş, zərbə nəticəsində «Mercedes» markalı avtomobil idarəetməni itirərək onların hərəkət zolağına çıxmış və olduqları «Mercedes» markalı avtomobillə toqquşmuşdur. Qəza zamanı xəsarət aldıqlarına görə xəstəxanaya aparılmışlar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayəti və tələbi yoxdur. Ümid edir ki, Şəxs X1 avtomobilinə vurulmuş zərərin əvəzini ödəyəcək. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, idarə etdiyi «Mercedes Benz D200» markalı 90BB816 dövlət qeydiyyat nişanlı avtomobillə 01 avqust 2024-cü il tarixdə saat 20.30 radələrində Neftçala şəhərindən Həsənabad qəsəbəsinə doğru saatda 50 – 60 km sürətlə hərəkət edərkən qarşıdan gələn «Kia Cerato» markalı avtomobil qəfildən geriyə dönmə əməliyyatını həyata keçirməyə başlamış, bu zaman o, idarə etdiyi avtomobili əyləcləməyə belə macal tapmadan həmin avtomobilin sağ hissəsi ilə toqquşmuşdur. Daha sonra idarə etdiyi avtomobil zərbənin təsirindən qarşı hərəkət zolağına çıxmış və qarşı zolaqla, «Kia Cerato» markalı avtomobilin arxasınca hərəkət edən başqa bir «Mercedes» markalı avtomobillə toqquşmuşdur. Hadisə vaxtı o, və avtomobilində sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs2 xəsarətlər alıblar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayəti və tələbi yoxdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı yuxarıda göstərilən ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 12 avqust 2024-cü il tarixli 158 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol dirsək nahiyəsinin sıyrığı, sol budun aşağı 1/3-nin, diz qapağının qançırı, şişkinliyi, hərəkət məhdudluğu, sağ baldırın yuxarı 1/3-nin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». 12 avqust 2024-cü il tarixli 161 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol qaşüstü, burunun yumşaq toxumasının, alt çənə nahiyələrinin yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». 12 avqust 2024-cü il tarixli 162 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin səthi yarası, sol arxa 4-cü qabırğanın sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs öz əməlini səmimi etiraf etməsi və peşman olması, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmaması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tənbeh tətbiq edərkən onu da nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydalarını pozması nəticəsində, üç nəfər sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən, iki nəfər sağlamlığa zərər vurma kimi qiymətləndirilməyən xəsarətlər almış, həmçinin «Mercedes Benz D200» minik markalı 90BB816 dövlət qeydiyyat nişanlı və «Mercedes Benz C180» markalı 99BD225 dövlət qeydiyyat nişanlı avtomobillər zədələnmişlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar