Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-315/2023 04.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, faktik olaraq Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 04 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Rəhimov X1 Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısına, eləcə də binanın daxilinə gələrək ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlər edərək xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, bu gün, yəni 04 sentyabr 2023-cü ildə saat 11-də Neftçala RPŞ-nə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Əzizov ondan şikayət edib. Elşad Əzizovun şikayət ərizəsi ilə, eləcə də izahatı ilə tanış olmuşdur. Qeyd edir ki, Elşad Əzizovun şikayət ərizəsində və yazılı izahatında göstərdikləri yalan və böhtan xarakterlidir. Heç vaxt Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısında və ya inzibati binanın daxilində hər hansı xuliqanlıq hərəkətlərinə yol verməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2 bildirmişdir ki, özünü müstəqil bloger kimi təqdim edən Şəxs dəfələrlə nümayəndəliyin binasına və onun qarşısına gələrək nümayəndəliyin rəhbərliyinə və əməkdaşlarına yersiz və heç bir əsası olmayan iradlar səsləndirmiş, səs-küy salmış, bəzən söyüş söymüş, bununla da nümayəndəliyin iş rejimini dəfələrlə pozmuşdur. Belə bir hadisə ötən həftə də baş verib. Belə ki, Şəxs ötən həftə nümayəndəliyin binasının arxa tərəfinə gələrək, orada gövdələri müəyyən qədər zədələnmiş ağacların videosunu çəkmiş, lakin istər nümayəndəliyin rəhbərliyinin, istərsə də əməkdaşlarından hər-hansısa birinin məsələyə və ümumiyyətlə həmin ağacların yerləşdiyi sahəyə heç bir aidiyyəti olmadığına baxmayaraq, ağacların qurumasında nümayəndəliyi təqsirləndirməyə başlamış, “ağaclar sizin gözünüzə girsin” kimi ifadələr səsləndirmiş, çəkilişi qurtardıqdan sonra isə “ağacları sizə soxacam” sözlərini demişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs belə hərəkətlərə əvvəllər də yol vermiş, bu kimi yersiz hərəkətləri ilə nümayəndəliyin normal iş rejimini pozmuşdur. Şəxs ilə dəfələrlə söhbət edib bu kimi hərəkətlərinə son qoymasını xahiş etmiş, lakin sonuncu həmin söhbətlərdən heç bir nəticə çıxarmayaraq qanunsuz hərəkətlərini və təhqirləri davam etmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq Suraxanı Rayon Polis Şöbəsinə şikayətlə müraciət edib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki nəfər yetkinlik yaşına çatmamış uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs əməlinin xarakterini, onun şəxsiyyətini, habelə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit olunmuş məqsədlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati həbs təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 04 sentyabr 2023-cü il saat 17.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-315/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-315/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver