Məhkəmə qərarları › İş №3(053)-316/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-316/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-316/2024 10.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxx 1985-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, «DOST MMC»-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 14 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, 14 avqust 2024-cü il tarixli 86022 nömrəli aktdan və material üzrə toplanmış digər sənədlərdən görünür ki, Xəzər dənizinin (gölünün) Neftçala rayon akvatoriyasında, sahil mühafizə zolağında taxta və qamışdan istifadə olunmaqla 7 ədəd 2x2 metr ölçüdə yüngül konstruksiyalı səyyari kölgəliklər (çimərliklər) təşkil olunmuşdur. İnzibati xəta haqqında protokolda həmin kölgəliklərin (çimərliklərin) Azərbaycan Respublikası Su Məcəlləsinin 82-ci maddəsinin tələblərinə zidd olaraq Şəxs tərəfindən yaradıldığı və sonuncunun orada fəaliyyət göstərdiyi qeyd olunur. İnzibati xəta haqqında protokolda həmçinin qeyd olunur ki, Şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək məhkəmə iclasında qeyd etmişdir ki, "xxxx" MMC-də fəhlə işləyir. Lakin aldığı əməkhaqqı ailəsinin maddi tələbatını ödəmək üçün kifayət etmədiyinə görə əsas iş yerindən sərbəst vaxtlarda fərdi qaydada başqa yerlərdə də işləyib qazanc əldə edir. İnzibati xəta haqqında protokolda göstərilən yüngül konstruksiyalı kölgəliklər çimərlik mövsümü ilə əlaqədar X4 tərəfindən təşkil olunub. Yəni onun (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin) bu kölgəliklərin yaradılmasına və ya təşkilinə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq ailəsinin maddi ehtiyaclarını ödəmək üçün X1 dəvəti ilə həmin yerdə “ofisiant” işləyib və gördüyü işə görə sonuncudan əməkhaqqı alıb. 14 avqust 2024-cü ildə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları qeyd olunan obyektə gələrək onu sorğu-sual etmişlər. Həmin şəxslərə bildirmişdir ki, obyektin sahibi X2r, özü isə burada sadəcə “ofisiant” işləyir. Eyni zamanda onlara X1 mobil telefon nömrəsini vermişdir ki, əlaqə saxlasınlar. Gəlmiş şəxslər X4 ilə telefon əlaqəsi saxlamış, sonuncu kölgəliklərin həqiqətən də ona məxsus olduğunu deyərək, hazırda uzaqda olduğunu, lakin çalışıb mümkün qədər qısa zamanda gələcəyini bildirmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları telefon danışığı zamanı X3 bildirdilər ki, təşkil olunmuş kölgəliklərlə bağlı onun (Şəxs) barəsində inzibati xəta haqqında protokol tərtib edəcəklər. X4 buna etiraz etmiş, lakin həmin şəxslər protokolun kimin barəsində tərtib edilməsinin heç bir fərqi olmadığını bildirərək çıxıb getmişlər. Bir qədər sonra X4 obyektə gələrək 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə yenidən telefon əlaqəsi saxlamış, sonuncular inzibati xəta haqqında protokolun artıq onun (Şəxs) barəsində tərtib olunduğunu bildirmişlər. X4 bununla bağlı narazılığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verilmiş suallara cavab olaraq məhkəmə iclasında həmçinin qeyd etmişdir ki, inzibati xəta haqqında protokol göstərilən obyektdə tərtib edilməyib, onun harada tərtib olunmasından isə məlumatı yoxdur. Protokolun tərtibi ilə əlaqədar dəvət edilməmiş, yazılı izahat verməsi və protokolu imzalaması ona ümumiyyətlə təklif olunmamışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına şifahi qaydada bildirdikləri isə inzibati xəta haqqında protokolda qeyd olunmayıb. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq, nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatətinə əsasən işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 bildirmişdir ki, şəhid ailəsinin üzvü olmaqla yanaşı 44 günlük Vətən Müharibəsi iştirakçısıdır. Dolanacağını təmin etmək üçün Xəzər dənizinin Neftçala rayonu ərazisindəki sahilində taxta və qamışdan istifadə edərək 7 ədəd 2x2 metr ölçüdə yüngül konstruksiyalı səyyari kölgəlik, habelə xidmətin təşkili üçün 1 ədəd köşk yaradıb. Eyni zamanda Şəxs dəvət etmişdir ki, orada “ofisiant” kimi işləyib müştərilərə xidmət göstərsin. 14 avqust 2024-cü il tarixində obyektdən kənarda, bir qədər uzaqda olduğu vaxt 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı onun mobil telefonuna zəng edərək qanunsuz təşkil olunmuş kölgəliklərlə əlaqədar Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini demişdir. Telefon danışığı zamanı idarənin əməkdaşına bildirmişdir ki, müvafiq kölgəlikləri Şəxs deyil, o (şahid), yaradıb. Eyni zamanda bir az uzaqda olduğunu, lakin obyektə mümkün qədər tez gəlməyə çalışacağını bildirərək, idarənin əməkdaşından onu gözləməsini xahiş etmişdir. Buna cavab olaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı ona bildirmişdir ki, gözləmək imkanı yoxdur, Şəxs obyektdə olduğuna, habelə Neftçala Rayon İcra Hakimiyyətinin məktubunda məhz Şəxs adı göstərildiyinə görə protokolu da sonuncu barəsində tərtib edəcək. Buna etiraz edərək obyektin ona (şahidə) məxsus olduğunu bir daha idarənin əməkdaşının nəzərinə çatdırmış və inzibati xəta haqqında protokolun tərtibi zamanı iştirakının təmin olunmasını tələb etmişdir. Eyni zamanda bildirmişdir ki, araşdırma ilə əlaqədar hara lazım olsa gələ bilər. Cavabında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı ona bildirmişdir ki, protokolun kim barəsində tərtib edilməsinin son nəticədə heç bir əhəmiyyəti yoxdur. Bu danışıqdan sonra bacardığı qədər qısa müddətdə obyektə gəlmiş və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının artıq çıxıb getdiklərini görmüşdür. Bir daha idarənin əməkdaşı ilə telefon əlaqəsi saxlamış və etirazını bildirmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini öyrəndikdən sonra isə müxtəlif instansiyalara şikayət ərizələri ilə müraciət edib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinə ünvanlanmış 10 iyul 2024-cü il tarixli məktubda qeyd olunur ki, Neftçala rayon sakini Şəxs və digərləri Neftçala rayonu, Yenikənd kəndi ərazisində, Xəzər dənizinin sahilində çimərlik mövsümü ilə əlaqədar icazəsiz olaraq sahildən 50 – 100 metr kənarda yüngül konstruksiyadan istifadə edərək özbaşına səyyari kölgəlik elementləri quraşdırmışlar. Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol da məhz həmin məktuba və ona əlavə edilmiş 01 iyul 2024-cü il tarixli akta əsasən tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsini nəzərə aldıqda görünür ki, yuxarıda göstərilən məktubda qeyd olunan məlumat inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb ola bilər. Lakin hər bir halda inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs hazırkı kateqoriyalı işlər üzrə daxil olmuş məlumatın məzmunu ilə kifayətlənməməli, səlahiyyətləri çərçivəsində araşdırma aparmalı və yekun qərarını da (o cümlədən təqsirli şəxsin müəyyən edilməsi ilə bağlı qərarını) məhz öz araşdırmasının obyektiv nəticələri əsasında qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinin tələbinə görə “Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Bu səbəbdən Neftçala Rayon İcra Hakimiyyəti başçısının 10 iyul 2024-cü il tarixli məktubu və 01 iyul 2024-cü il tarixli akt müəyyən sübut əhəmiyyətinə malik olsa da, şəxsin məsuliyyətə cəlb edilməsi üçün kifayətedici sayıla bilməz. Yəni bu kimi sənədlərə araşdırma zamanı toplanmalı olan digər sübutların məcmusu nəzərə alınmaqla qiymət verilməlidir. O cümlədən bu növ araşdırmalar hər bir halda inzibati xətalar qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydalara uyğun aparılmalı, bu zaman inzibati xətalar qanunvericiliyinin digər prinsipləri ilə yanaşı, təməl prinsiplərdən biri olan, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi nəzərə alınmalıdır. Həmin maddəyə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Beləliklə, İXM-nin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarının tələbinə görə şəxsin konkret inzibati xətanı törətməsi halı inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən sübuta yetirilməlidir. Sübutetmə vəzifəsinin icrası zamanı prosessual qaydalar çərçivəsində bütün iştirakçıların qanunla müəyyən olunmuş prosessual hüquqları təmin edilməlidir. Belə ki, məhz prosessual hüquqları təmin ediləcəyi təqdirdə şəxs (o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) dəlillər gətirmək, o cümlədən iş üzrə obyektiv və qərəzsiz qənaətə gəlməyə şərait yarada biləcək sübutlar təqdim etmək imkanı əldə edir. Azərbaycan Respublikası İXM-nin 75.0.2 və 75.0.3-cü maddələrinin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı “inzibati xəta törətmiş şəxs”, habelə “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda göstərilən “müəyyən etmə fəaliyyəti” mötəbər sübutların toplanması və qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir”. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən “Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir”. İnzibati xəta haqqında iş üzrə icraat zamanı sübutlar inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq toplanmalıdır. Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin malik olduğu hüquqlar təsbit edilib. Həmin maddənin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. bu kimi hüquqlara malikdir. Eyni Məcəllənin 61.3-cü maddəsinə əsasən “İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun”. Təqdim olunmuş sənədlərdən isə görünür ki, müvafiq araşdırma, həmçinin inzibati xəta haqqında protokolun tərtibi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqları, o cümlədən materialla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. bu kimi hüquqları təmin olunmamış, yuxarıda qeyd edildiyi kimi Şəxs inzibati xətanı törətməkdə təqsirli olub-olmaması müəyyənləşdirilərkən yalnız Neftçala Rayon İcra Hakimiyyəti başçısının 10 iyul 2024-cü il tarixli məktubu və 01 iyul 2024-cü il tarixli akt əsas götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə öz izahatında inzibati xəta haqqında protokolda göstərilən obyektdə sadəcə “ofisiant” işlədiyini, həmin obyektin yaradılmasına və təşkilinə heç bir aidiyyətinin olmadığını bildirir. O, eyni zamanda qeyd edir ki, müvafiq obyekt X4 tərəfindən yaradılıb və təşkil olunub. X1 özü də Şəxs istinad etdiyi bu halları təsdiq edir. Həm Şəxs, həm də X4 işə məhkəmədə baxılması zamanı bildirmişlər ki, işin yuxarıda göstərilən halları barədə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına məlumat veriblər (bunun əksi iş materialları ilə müəyyən olunmur). Lakin aidiyyəti vəzifəli şəxs (şəxslər) 14 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin protokola imza etmədiyini göstərməklə kifayətlənmiş (Şəxs protokolu imzalamaqdan imtina etdiyini təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə olunmayıb), 14 avqust 2024-cü il tarixli 86022 nömrəli aktın tərtibi zamanı belə Şəxs cəlb etməmişdir (etməmişlər). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yazılı izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək (o cümlədən şahidin dindirilməsinə dair vəsatət vermək), işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarının təmin olunması halı da iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə işin yuxarıda göstərilən və s. hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqlarının təmin olunmaması, təqsirsizlik prezumpsiyasının icraat zamanı ümumiyyətlə nəzərə alınmaması və s. bu kimi prosessual pozuntular üzündən protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs iş üzrə obyektiv və qərəzsiz nəticəyə gəlmək üçün zəruri olan sübutları toplamamış, bu səbəbdən sübutetmə vəzifəsini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etməsin. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən və s. aidiyyəti müddəalarını nəzərdən keçirdikdə görünür ki, yalnız təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi mümkündür. Şəxsin təqsiri müəyyən edilmədiyi halda isə (hətta inzibati xəta hadisəsi mövcud olubsa da belə) onun inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyil. Məhz bu səbəbdən Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan 75.0.2 və 75.0.3-cü, habelə s. aidiyyəti maddələri aidiyyəti vəzifəli şəxsin üzərinə inzibati xəta törətmiş şəxsi və həmin şəxsin inzibati xəta törətməkdə təqsirini müəyyən etmək vəzifəsi qoyur. Başqa sözlə desək aidiyyəti vəzifəli şəxs tək inzibati xəta hadisəsinin mövcud olması faktını deyil, eyni zamanda həmin hadisəni törətməkdə təqsiri olan konkret şəxsi müəyyən etməlidir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aidiyyəti vəzifəli şəxsi (vəzifəli şəxsləri) 14 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli olan şəxsi düzgün müəyyən etməyib (etməyiblər). Bunun səbəbi isə icraat zamanı yol verilmiş mühüm prosessual pozuntular səbəbindən araşdırmanın lazımi keyfiyyətdə aparılmaması ilə bağlıdır. Hər bir halda Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli olması halı sübuta yetirilməmişdir. Onun həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti də müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən “Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir”. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata hazırkı qərarla xitam verilməsi 14 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli olan şəxsin müəyyən edilərək qanunla müəyyənləşdirilmiş qaydada inzibati məsuliyyətə cəlb olunması imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar