Məhkəmə qərarları › İş №3(053)-359/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-359/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-359/2023 12.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, 11 oktyabr 1986-cı ildə Salyan rayonu, Seydan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən təqdim olunmuş 14 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 2 ünvanında yerləşən «Elektronics kredit» ticarət obyektinin fərdi sahibkarı X8 açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X9 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, fərdi sahibkar X1 olduğu ticarət obyektində reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş göndərilmiş və bu sahədə qanunvericiliyin tələbləri ona izah edilmişdir. Buna baxmayaraq o, qanunvericiliyin tələbələrinə riayət etməmişdir. Bunun nəticəsində müvafiq sənədləşmə aparılaraq, Kazım Fətəliyev barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə 14 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ünvan 2 ünvanında yerləşən «Elektronics kredit» mağazasında müxtəlif elektronika məhsullarının satışını həyata keçirir. Mağazanın ön hissəsində yerləşdirilmiş reklam lövhəsinin ümumi həcmi 1 kvadratmetrdən azdır. Qanunvericiliyə əsasən reklam lövhəsinin həcmi 1 kvadratmetr və daha çox olduğu halda aidiyyəti orqanla, yəni X13 ilə müqavilə bağlanmalıdır. Bu səbəbdən həmin reklamla bağlı müqavilə bağlamayıb. Qeyd edir ki, Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşı tərəfindən ona telefonla zəng edilərək mağazada yerləşdirilmiş reklam lövhəsindəki yazının qanunvericiliyin tələbinə zidd olması bildirilmiş və o, da öz növbəsində buna heç bir etiraz etmədən bu halın aradan qaldıracağını bildimişdir. Lakin X11 İdarəsi tərəfindən ona göndərilmiş yazılı bildiriş və göstəriş ona təqdim edilməmiş və bundan xəbərsiz olmuşdur. Həmin sənədlər ona təqdim edilməsi üçün mağazada satıcı işləyən şəxsə verilsə də, faktik olaraq bu sənədlər ona təqdim edilməmişdir. Ona görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qanunsuz hesab edir və sözügedən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X3 gətirdiyi dəlillərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X2 Kazım Əlifağa oğlunun müvafiq dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, sahibkara məxsus mağazanın qapısının üst hissəsində olan reklamla lövhəsi ilə yanaşı hər iki şüşə qapının özündə də böyük hərflərlə “KREDİT” sözləri yazılıb ki bu da reklam xarakterlidir. Bunu nəzərə aldıqda görünür ki, sahibkar tərəfindən yerləşdirilmiş reklamın ölçüsü 1 kvadratmetrdən çoxdur. Nümayəndənin bildirdiyi bu halın həqiqətə uyğun olması X5 məxsus mağazanın iş materiallarına əlavə edilmiş fotoşəkilləri ilə də müəyyən olunur. Digər məsələlərlə bağlı aşağıdakılar qeyd olunur. 30 avqust 2023-cü ildə müvafiq məzmunlu bildiriş tərtib edilərək eyni tarixli akt və yazılı göstərişlə birlikdə “Elektronics kredit” mağazasının yerləşdiyi yerə, yəni ünvan 2 ünvanına göndərilmişdir. Bildirişdə yazılı göstərişdə qeyd olunanların icra edilməsi, 5 gün müddətində müvafiq icazənin alınması üçün X11 İdarəsinə müraciət olunması xahiş edilir. Bildirişdə həmçinin qeyd olunur ki, əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcək. Bildirişdə protokolun tərtib ediləcəyi yer kimi Neftçala şəhəri, “20 Yanvar küçəsində yerləşən “Elektronics kredit” mağazası, protokolun tərtib ediləcəyi vaxt isə 14 sentyabr 2023-cü il saat 11:30 olmaqla göstərilib. "xxxx" MMC tərəfindən 05 sentyabr 2023-cü ildə göndərilmiş teleqramın məzmunu ilə müəyyən olunur ki, yuxarıda qeyd olunan sənədlər ünvan sahibinə 05 sentyabr 2023-cü il tarixində saat 15:26-da çatdırılıb. 14 sentyabr 2023-cü ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə baxış və imtina aktlarından görünür ki, ünvana təkrar baxış zamanı qanunsuz reklam yayımlanması davam etdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin sənədləri imzalamaqdan imtina edib. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, X3 Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalı və Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən «Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar». Həmin maddənin qeyd hissəsində göstərilir ki, «Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər». Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar