Məhkəmə qərarları › İş №3(053)-359/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-359/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-359/2025 02.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 02 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 01 iyul 2025ci il tarixdə saat 18:00 radələrində Neftçala rayonu, Qədimkənd kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evin darvazasının qarşısında ucadan söyüşlər söyərək inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 01 iyul 2025-ci il tarixdə öz evinin həyətini təmizləyərkən əmisi qızı İlahə internet xəttinin çəkilməsinə köməklik göstərməsi ilə bağlı ona müraciət etmişdir. O, internet xəttinin öz evindən keçməsi ilə bağlı razılıq vermiş, lakin əmisi oğlu həmin xəttin onun evindən çəkilməsi ilə razılaşmamışdır. Daha sonra əmisi ilə danışaraq onu internet xəttinin çəkilməsi ilə bağlı razı salmış və İlahənin yanına gələrək narahat olmamasını, əmisi ilə danışaraq onları razı saldığını bildirmişdir. Lakin İlahə əmisi oğlunun narazılığına görə artıq intenet xəttini çəkdirmək istəmədiyini bildirmiş və əsəbiləşərək bütün bunların onun səbəb olduğunu demişdir. O, isə İlahəyə heç bir şey etmədiyini, əksinə yaranmış vəziyyətin həll olunması üçün köməklik göstərdiyini bildirsə də, İlahə ona məhəl qoymayaraq öz-özünə danışa-danışa yaşadığı həyətə getmişdir. Bu zaman İlahəyə heç bir təhqiredici söz və ya söyüş söyməmişdir. Hadisə həyətin içərisində, yəni heç kəsin görüb-eşidə bilməyəcəyi yerdə aş vermiş ev adamlarından başqa heç kəsin diqqətini cəlb etməmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 01 iyul 2025-ci il tarixdə bacısı İlahənin evində qonaq olduğu zaman Şəxs öz evinin qapısının qarşısından onların ünvanına təhqirlər etməyə başlamışdır. İlahə qapının qarşısına çıxıb nə baş verdiyini anlamağa çalışmış, lakin həyəcandan huşunu itirərək yerə yıxılmışdır. Daha sonra o, İlahənin yanına gələrək ona kömək etmiş və özünə gəlmişdir. Bu zaman Taleh yenə onların ünvanına təhqirlər etməyə davam etmiş, onlar da artıq Talehlə bacarmayacaqlarını başa düşüb ona heç bir cavab verməmək qərarına gəlmişlər. Bundan sonra Taleh sakitləşərək öz evinə getmiş, onlar da polis əməkdaşlarını Taleh barəsində qanuni tədbir görməsi üçün hadisə yerinə dəvət etmişlər. Hadisə zamanı özü, bacısı İlahə və Talehdən başqa ətrafda heç kim olmamışdır. Hadisə şəxsi münasibətləri zəminində, divar-divara qonşu olan həyətyanı sahələrin daxilində baş vermiş və heç bir kənar şəxsin diqqətini cəlb etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində tədbir görülməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, əmisigil ilə aralarında internet kabelinin çəkilməsi ilə bağlı narazılıqlar olmuş, bu səbəbdən internet kabeli çəkdirməmək qərarına gəlib evinə getmişdir. Daha sonra əmisi oğlu Talehin onu çağırdığını eşitmiş və həyətə düşdükdə Taleh onunla mübahisə etməyə başlamışdır. Talehə mübahisə etmək istəmədiyini və çıxıb getməsini bildirsə də, Taleh mübahisəyə davam etmiş və həm onun, həm də bacısının ünvanına söyüşlər söyməyə başlamışdır. Talehin yanından uzaqlaşıb evə getmək istəyərkən huşunu itirmiş və yerə yıxılmışdır. Hadisə zamanı özü, bacısı Aytəkin və Talehdən başqa ətrafda heç kim olmamışdır. Hadisə şəxsi münasibətlər zəminində, divar-divara qonşu olan həyətyanı sahələrin daxilində baş vermiş və heç bir kənar şəxsin diqqətini cəlb etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. Xırda xuliqanlığın bilavasitə obyekti ictimai qayda, həmin xətanın obyektiv cəhətinin vacib əlaməti isə təqsirkar tərəfindən ictimai qaydanın pozulmasıdır. Xuliqanlıq müxtəlif formalarda törədilə bilər. Lakin hər bir halda bu əməl nəticəsində ictimai qayda pozulmalıdır. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə qanunla qorunan ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülməlidir (məsələn, insanların dincliyini pozma, ictimai yerlərdə insanlara saymazlıq ifadə edən hərəkətlər etmə və s.). Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin heç tanımadığı hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Bu hərəkətləri ilə təqsirkar özünün “müstəsnalığını” kobud formada və ətrafdakı şəxslərin mənafelərinə, o cümlədən dincliyinə zidd qaydada nümayiş etdirməyə çalışır. İctimai qaydanı pozmadan və cəmiyyətə qarşı hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və s. başlanmış mübahisə isə xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin faktik halları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasındakı münaqişə divar-divara qonşu olan həyətyanı sahələrin daxilində, qohumlar arasında, şəxsi münasibətlərin pozulması zəminində baş vermiş və heç bir kənar şəxsin diqqətini çəkməmiş, dincliyini pozmamışdır. Göründüyü kimi hadisənin baş verməsinin konkret səbəbi olub ki, bu da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə qohum olan zərərçəkmiş şəxsin şəxsi münasibətlərinin pozulması ilə bağlıdır. Bütün bunlar və işin digər faktik halları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq hərəkətləri hər bir halda ictimai qaydanın pozulmasına yönəlməmişdir. Yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozmaq niyyəti olmayıb. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektiv cəhəti mövcud deyil. Belə olan halda onun əməlində həmin maddənin tərkibinin olmasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar