Məhkəmə qərarları › İş №3(053)-360/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-360/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-360/2024 03.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Neftçala Rayon Polis Şöbəsinin YPX-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsinin YPX-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərarla bağlı Biləsuvar Rayon Məhkəməsinə şikayət verib. Biləsuvar Rayon Məhkəməsinin 3(022)-838/2024 nömrəli iş üzrə 16 sentyabr 2024cü il tarixli qərardadına əsasən, material baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X2 gəlməmiş, məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə vəsatət göndərərək Biləsuvar rayonunda yaşadığını bildirmiş və şikayətinə baxılması üçün işin Biləsuvar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarını və vəsatəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci və 3-cü bəndlərinin məzmunu aşağıdakı kimidir: «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilir. İşin faktik hallarından görünür ki, inzibati xəta Neftçala rayonunda baş verib. X1 rəsmi qeydiyyatı ünvan 1 ünvanınadır və o, şikayətinə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət vermişdir. Belə olan halda X1 şikayətinə Neftçala Rayon Məhkəməsində deyil, şəxsin yaşayış yeri üzrə, yəni Biləsuvar Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Neftçala Rayon Polis Şöbəsinin YPX-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı X1 şikayəti aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar