Məhkəmə qərarları › İş №3(053)-360/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-360/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-360/2025 15.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1980-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən 11 dekabr 2024-cü il tarixdə verilmiş 2-2(106)-124/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 130.000 (yüz otuz min) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 21 (iyirmi bir) manat məbləğində dövlət rüsumu və 400 (dörd yüz) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, ümumilikdə 130.421 (yüz otuz min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 169,2 (yüz altmış doqquz manat iki qəpik) manat məbləğində dövlət rüsumu qalığı cavabdehə aid edilməklə cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi üzrə 13 dekabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin borclu şöbəyə dəvət edilərək izahatı alınmış, o, izahatında halhazırda rəsmi olaraq hec bir yerdə işləmədiyini və maddi çətinlikləri olduğunu bildirmiş, həmin məbləğin birdəfəlik ödənilməsinin imkanı xaricində olduğunu, lakin hissə - hissə ödənişlər edəcəyini bildirmişdir. Borclu icra sənədini icra etmədiyi üçün icra sənədinin icrasına yönəldilə biləcək əmlaka malik olub-olmadığının müəyyən edilməsi məqsədilə aidiyyəti təşkilatlara sorğular verilmişdir. Həmin sorğuların nəticəsində onun mülkiyyətində borcunun ödənilməsinə yönəldilə biləcək əmlaka malik olmadığı müəyyən edilmişdir. Borclunun izahatı alınmış, borcuya ödəməsi təklif olunmuş, ödəməyəcəyi təqdirdə barəsində məhkəməyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol veriləcəyi barədə xəbərdar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borclu olduğu pul məbləğini tam ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmadığını, keçən məhkəmə iclasında ödəniş edəcəyi üçün vaxt istədiyini, tələbkarın da buna etiraz etmədiyini, hazırda 130.421 (yüz otuz min dörd yüz iyirmi bir) manat məbləğində borcdan 7.500 (yeddi min beş yüz) manat ödədiyini, bundan sonra da imkanı olduqca hər ay ödəniş edəcəyini qeyd edərək qəbzin sürətini məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək Şəxs ona olan borcundan 10.000 manat ödənilməsi üçün xx.xx.2025-ci il tarixə kimi vaxt verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs ilə yaradılmış telefon əlaqəsi zamanı o, yaxınlarının yas mərasimi olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini, Şəxs tərəfindən ona 7.500 manat ödənildiyini, 2.500 manat pulun da xx.xx.2025-ci il tarixə kimi ödəniləcəyini, bu səbəbdən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə xx.xx.2025-ci il tarixdə 7.500 manat ödəniş etdiyini bildirmiş, müvafiq qəbzi məhkəməyə təqdim etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar