Məhkəmə qərarları › İş №3(053)-363/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-363/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-363/2025 17.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxx 1983-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 17 iyul 2025-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 26 fevral 2025-ci ildə verilmiş 20 dekabr 2024-cü il tarixli 2(053)-1334/2024 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs uşaqları – 09 may 2012-ci il təvəllüdlü X4 və 21 noyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 235 manat olmaqla sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən həmçinin görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya müvafiq olaraq qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, ümumiyyətlə heç bir ödəniş etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, bu səbəbdən barəsində axtarış elan olunmuş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hazırda borclunun 2.350 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, borclu aliment borcundan ümumiyyətlə heç bir ödəniş etməmiş, onun 2.350 manat aliment borcu yaranmışdır. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı heç bir yerdə işləmədiyi üçün aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Qeyd edir ki, hazırda maddi çətinlikləri var və işə düzəldikdən sonra aliment borcunu ödəyəcək. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 17 iyul 2025-ci il saat 18.35-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar