Məhkəmə qərarları › İş №3(053)-366/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-366/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-366/2025 25.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs Ələskər oğlunun iştirakı ilə xx xxxxxxx 1989-cu ildə Neftçala rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 25 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 13 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 22 aprel 2025-ci il tarixdə saat 19.30 radələrində Neftçala şəhərində yerləşən X1 arxasında Zərərçəkmiş şəxs Ələskər oğlu ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu sillə ilə vurmaqla fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala şəhəri, H.Əliyev prospekti, ev 13, mənzil 34 ünvanında ailəsi ilə birlikdə yaşayır. 22 aprel 2025-ci il tarixdə saat 19.30 radələrində qonşuluğunda yaşayan Fariz adlı şəxslə Neftçala rayonunda yerləşən Mədəniyyət evinin arxasında rastlaşmış və ona özünə məxsus olan 10XK252 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməsini bildirmişdir. Fariz avtomobilə əyləşdikdən sonra o, avtomobili sürüb X1 arxasında saxlamış və Farizlə birlikdə avtomobildən düşmüşlər. Daha sonra Fariz onun yanına gəldikdə isə Farizə “ağıllı ol” deyərək əli ilə onun üz nahiyəsinə sillə vurmuş və Farizi orada qoyub avtomobilə əyləşərək sürüb getmişdir. Farizlə heç bir ədavəti olmamış, həmin vaxt əsəbi olduğu üçün aralarında mübahisə baş vermişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ələskər oğlu bildirmişdir ki, Neftçala şəhəri, M.Əsədov küçəsində ailəsi ilə birlikdə yaşayır. 22 aprel 2025-ci il tarixdə saat 19.30 radələrində qonşuluğunda yaşayan Abbas adlı şəxs 10XK252 dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gələrək ona avtomobilə əyləşməsini bildirmişdir. Abbasın avtomobilinə əyləşdikdən sonra o, avtomobili sürüb X1 arxasında saxlamış və avtomobildən düşmüşlər. Daha sonra Abbas ona yaxınlaşıb heç bir səbəb olmadan əli ilə onun üz nahiyəsinə vuraraq döymüşdür. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, əvvəl Şəxs ilə bağlı polisə şikayət etdiyinə baxmayaraq, sonradan heç bir şikayət etməmişdir. Onunla barışmaq niyyətində idi. Lakin iki gün bundan əvvəl Şəxs yenə də heç bir əsaslı səbəb olmadan onun atasına yaxınlaşaraq söyüş söymüş, daha sonra isə baş nahiyəsindən taxta ilə vurub kəllə-beyin travması yetirmişdir. Düşünür ki, Şəxs cəzalandırılmayacağı təqdirdə yenə də ona və ailə üzvlərinə qarşı zorakı hərəkətlərini davam edəcək. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmaq fikrindən daşınıb və ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı və zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda iş üzrə yekun qənaətə gələrkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, o cümlədən onun əvvəllər zorakı cinayətlər törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 25 iyul 2025-ci il saat 19.25-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar