Məhkəmə qərarları › İş №3(053)-367/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-367/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-367/2024 02.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, xx xxxxx 1982-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 02 oktyabr 2024-cü il tarixində, saat 11:20 radələrində alkoqol sərxoşluğu vəziyyətində Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək oğlunun işlə təmin olunması ilə bağlı müraciət edəcəyini, ona hazırda Mənzil Komunal İstismar İdarəsində boş iş yeri olduğu təklif edildiyi halda bununla razılaşmayaraq, İcra Hakimiyyətinin qarşısında uca səslə ünvansız nalayiq söyüşlər söyməyə başlamış, onu sakitləşdirməyə çalışan İcra Hakimiyyətinin əməkdaşlarının və mühafizə xidmətini icra edən polis əməkdaşlarının səylərinə əhəmiyyət verməyib, nalayiq hərəkətlərini davam etmiş, üzərindən cib bıçağı çıxararaq qarnını kəsərək özünə xəsarət yetirmiş, sonra isə polis əməkdaşlarının nəzarəti altında xəstəxanaya yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 02 oktyabr 2024-cü il tarixdə oğlunun işlə təmin olunması ilə bağlı müraciət etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinə getmişdir. Ona hal-hazırda Neftçala rayon Mənzil Kommunal İdarəsində boş iş yeri olduğu təklif edilmişdir. O isə spirtli içkinin təsiri altında olduğundan bu işi oğluna rəva bilməyib, əsəbləşərək İcra Hakimiyyəti binasının qarşısında uca səslə qışqıraraq söyüşlər söymüş və üzərində olan cib bıçağını çıxararaq qarnını kəsərək özünə xəsarət yetirmişdir. Lakin söyüşləri ünvansız olmuşdur. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmiş, bu hərəkətləri ilə Neftçala Rayon İcra Hakimiyyətinin normal iş rejimini müəyyən müddət ərzində pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması, habelə himayəsində 2 azyaşlı uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Şəxs inzibati xətanı sərxoş halda törədməsi iş üzrə məsuliyyəti ağırlaşdıran haldır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar