Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-378/2022 14.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X7 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “7 №-li X4” MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə “7 №-li X4” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi “7 №-li X4” MMC barəsində 05 iyul 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol materialla birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, “7 №-li X4” MMC Neftçala rayonu ərazisində Neftçala – Məhəllə 8 – Mayak avtomobil yolunun çəkilişi zamanı 12 ədəd yulğun kolunu yaş halda kökündən çıxarıb. Neftçala Rayon Məhkəməsinin 3(053)-378/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qərarı ilə “7 №-li X4” MMC Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 25.000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “7 №-li X4” MMC Neftçala Rayon Məhkəməsinin həmin qərarından Şirvan Apelyasiya Məhkəməsinə şikayət vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-414/2022 nömrəli iş üzrə 14 oktyabr 2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin olunaraq Neftçala Rayon Məhkəməsinin 02 sentyabr 2022ci il tarixli qərarı ləğv edilmiş və müvafiq material yenidən baxılması üçün Neftçala Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “7 №-li X4” MMC-nin nümayəndəsi X3 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda yerləşən Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidən qurulmasıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "7 №-li X4" MMC mövcud Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidən qurulması işlərini aparır. İnzibati xəta haqqında 05 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda qeyd olunur ki, guya avtomobil yolunun çəkilişi zamanı 12 ədəd yulğun kolu yaş halda MMC tərəfindən kökündən çıxarılıb. Sözügedən inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Belə ki, barələrində tərtib olunmuş protokolda qeyd edilən inzibati xətanın "7 №-li X4" MMC-yə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Həmin xətanın MMC tərəfindən törədilməsi halını təsdiq edə biləcək mötəbər sübut da mövcud deyil. İnzibati Xətalar Məcəlləsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xətanın onun vəzifəli şəxsi və ya işçisi tərəfindən törədilməsi sübuta yetirilməlidir. Belə bir hal sübuta yetirilməyib. İnzibati xəta haqqında protokolda MMC-nin əməkdaşı kimi göstərilmiş şəxsin də onlarla heç bir bağlılığı yoxdur. Belə olan halda protokolda həmin şəxsin adının göstərilməsi absurddur. Nümayəndə həmçinin qeyd edir ki, müvafiq ərazidə digər aidiyyəti idarələr tərəfindən də işlər görülmüş və müvafiq xəta başqa hüquqi və ya fiziki şəxs tərəfindən törədilə bilərdi. Nümayəndə göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı xx.xx.2022-ci il tarixdə Neftçala – Məhəllə 8 – Mayak avtomobil yolunun çəkilişi zamanı 12 ədəd yulğun kolunun yaş halda kökündən çıxarılması aşkar edilmişdir. Həmin yolun çəkilişini həyata keçirən “7 №-li X4” MMC-nin əməkdaşı-icraçısı Rafiq Mirzəyev yol yatağının genişləndirilməsi zamanı yulğun kollarının çıxarıldığını və layihəyə dair müvafiq ekoloji sənədlərinin olmadığını şifahi şəkildə bildirmişdir. Həmçinin əraziyə baxış zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin loqosu olan (AAY) müxtəlif markalı avtomaşın və texnikanın yol çəkilişi prosesində iştirak etdiyi müşahidə edilmiş və bu faktlar aktlaşdırılmışdır. Çıxarılmış yulğun kollarının foto şəkilləri akta əlavə edilmişdir. Qeyd etdiklərini nəzərə alıb məhkəmədən hüquqi şəxs “7 №-li X4” MMC-nin barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş 17 iyun 2022-ci il tarixli 68042 nömrəli aktda “7 №-li X4” MMC tərəfindən «Yaşıllıqların mühafizəsi haqqında» Qanunun 13-cü maddəsinin və «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun 54-cü maddəsinin tələblərinin pozulduğu, Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən həmin pozuntu nəticəsində təbiətə 960 manat miqdarında ziyan vurulduğu göstərilir. Aktda həmçinin qeyd olunur ki, MMC-nin nümayəndəsi (iş icraçısı) Rafiq Mirzəyev “7 №-li X4” MMC tərəfindən yol yatağının genişləndirilməsi zamanı yulğun kollarının kökündən çıxarıldığını bildirmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə həmin aktla bağlı qeyd edir ki, orada göstərilən Rafiq Mirzəyev adlı şəxsin “7 №-li X4” MMC-yə hər hansı aidiyyətinin olması halı iş materialları ilə müəyyən olunmur. Həmin şəxsin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına aktda göstərilənlərlə bağlı şifahi məlumat verdiyini və 17 iyun 2022-ci il tarixli aktı imzalamaqdan imtina etdiyini təsdiq edə biləcək mötəbər sübut da iş materiallarına əlavə edilməyib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “7 №-li X4” MMC-nin rəhbərliyinə ünvanlanmış 14 iyun 2022-ci il tarixli 12/293 nömrəli məktubda qeyd olunur ki, Neftçala rayonunun inzibati ərazisində həyata keçirilmiş nəzarət tədbirləri zamanı Neftçala – Məhəllə 8 – Mayak avtomobil yolunun əsaslı təmiri ilə əlaqədar yol yatağının genişləndirilməsi işlərinin həyata keçirildiyi, yol kənarı ərazidə bitmiş yulğun kollarının kökündən çıxarılaraq məhv edildiyi aşkar edilmiş, aparılmış araşdırma zamanı özünü iş icraçısı Raqub Həsənov kimi təqdim etmiş şəxs müvafiq ekoloji sənədlərin olmadığını bildirmiş, lakin izahat verməkdən imtina etmişdir. Məktubda MMC-nin səlahiyyətli nümayəndəsinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunur. Məhkəmə yuxarıda göstərilən məktubla bağlı qeyd edir ki, iş materiallarında həmin məktubun ünvan sahibinə çatdırıldığını təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Bununla yanaşı, qeyd olunur ki, yuxarıda istinad edilən 17 iyun 2022-ci il tarixli 68042 nömrəli aktda MMC-nin müvafiq məlumatı vermiş nümayəndəsi (iş icraçısı) kimi Rafiq Mirzəyev adlı şəxs göstərildiyi halda, 14 iyun 2022-ci il tarixli 12/293 nömrəli məktubda eyni MMC-nin iş icraçısı kimi Raqub Həsənov adlı şəxs göstərilib. Belə olan halda aktda göstərilən şifahi məlumatın konkret olaraq kim tərəfindən verildiyi (Rafiq Mirzəyev və ya Raqub Həsənov) və onlardan hansının aktı imzalamaqdan imtina etdiyi sual yaradır. İnzibati xəta haqqında protokolda isə Raqib Həsənov (məktubda göstərilən Raqub Həsənov deyil, Raqib Həsənov) adlı şəxsin inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etdiyi göstərilir. Halbuki ki, Raqib Həsənov adlı şəxsin və ümumiyyətlə MMC-nin hər hansı bir nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi üçün dəvət olunması, həmin şəxsə hüquqlarının və vəzifələrinin izah olunması, ona izahat verməsinin təklif olunması halları və müdafiə hüququnun təmin edilməsi üçün zəruri tədbirlər görüldüyü iş materialları ilə müəyyən olunmur. Məhkəmə təqdim olunmuş materialda mövcud olan bir ziddiyyəti xüsusi vurğulamağı zəruri sayır. Yuxarıda qeyd olunduğu kimi 68042 nömrəli akt 17 iyun 2022-ci ildə tərtib olunub. Belə olan halda, yəni akta əsasən inzibati xətanın baş verməsi halının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edildiyi tarix kimi 17 iyun 2022-ci il tarixi qəbul olunmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “7 №-li X4” MMC-nin rəhbərliyinə ünvanlanmış 12/293 nömrəli məktub 14 iyun 2022-ci ildə tərtib olunub. Həmin məktubun məzmunundan araşdırmanın artıq aparıldığı, yol kənarında bitmiş yulğun kollarının kökündən çıxarılması halının artıq aşkar olunduğu görünür. Sual yaranır. Əgər inzibati xətanın baş verməsi halı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 17 iyun 2022-ci ildə aşkar olunmuşdursa, özündə həmin inzibati xəta ilə bağlı məlumatı əks etdirən məktub bundan üç gün əvvəl, yəni 14 iyun 2022-ci il tarixində necə tərtib oluna bilərdi? Bu ziddiyyət yuxarıda qeyd olunan iki sənəddən birinin tarixinin reallığa uyğun olmadığını təsdiq edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarına müvafiq yolun və yol ətrafındakı kolların görünüşünü əks etdirən fotoşəkillər əlavə olunub. Həmin fotoşəkillərdə “7 №-li X4” MMC-yə aid texnika və ya MMC-nin hər hansı əməkdaşı əks olunmayıb. Məsələ ilə bağlı qeyd olunur ki, 17 iyun 2022-ci il tarixli 68042 nömrəli aktda ərazidə keçirilən baxış zamanı üzərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin loqosu (AAY) olan müxtəlif markalı avtomaşın və xüsusi təyinatlı texnikaların yol çəkilişi prosesində iştirak etməsinin müşahidə olunduğu göstərilib. Belə olan halda sual yaranır. Hansı səbəbdən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yolun fotoşəkillərini çəkərkən eyni yolda müşahidə etdikləri həmin texnikanın fotoşəkillərini çəkməyiblər? Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. Həmin Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipini təsbit edən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Eyni Məcəllənin 76-cı maddəsinə əsasən “76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir”. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir”. Beləliklə, “7 №-li X4” MMC-nin Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli olması halının sübuta yetirilməsi vəzifəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə düşür. Məhkəmə işin faktik hallarını, o cümlədən inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat dövründə “7 №-li X4” MMC-nin prosessual hüquqlarının təmin edilmədiyini, toplanmış sübutların isə ziddiyyətli və qeyri-mötəbər olduğunu nəzərə alaraq hesab edir ki, göstərilən MMC-nin Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli olması (əməlində həmin maddənin tərkibinin olması) halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən “inzibati xəta tərkibi olmadıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən 05 iyul 2022-ci ildə tərtib edilmiş ******* nömrəli inzibati xəta haqqında protokol üzrə “7 №-li X4” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-378/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-378/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver