Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-383/2025 11.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X3 iştirakı ilə 10 avqust 1973-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi məhkəmədə baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 28 fevral 2025-ci il tarixdə saat 08 radələrində Neftçala şəhərində «Balıq bazarı» adlanan ərazidə X4 məxsus mağazanın qarşısında onu ucadan söyüb təhqir etmişdir. Şəxs qeyd etmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən bazarda özünə məxsus ayaqqabı mağazası işlədir. Neftçala şəhərində yaşayan X3 da onun mağazası ilə yanaşı mağazası var. Hər ikisi də eyni mal satdıqlarına görə tez-tez aralarında mübahisə yaranır. 28 fevral 2025-ci il tarixdə saat 08 radələrində mağazanı açmış, mağazanın ətrafında olan kağızları yığaraq öz mağazasının arxasında yandırmışdır. Bu vaxt qonşu mağazada işləyən Sahil kağızları yandırmasına görə ona yaxınlaşaraq söyüşlə tüstünün onun mağazasına girdiyinə irad bildirmişdir. O, Sahilin onu söyməsinə irad bildirəndə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sahil onun üzərinə gələrək sinə nahiyəsindən əlinin içi ilə vurmuşdur. Sahilin onu vurması nəticəsində yerə yıxılmış, sağ ayağı və sol qolundan xəsarət almışdır. Sonra da Sahilin onu döyməsi barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. Sahil Abbasov onu vurduğuna görə ondan şikayət edəcəyini bilərək, onu söyməsi və plastik qabları dağıtması barədə ona böhtan atmışdır. Hadisə zamanı Sahil və ondan başqa heç kəs olmamışdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Neftçala şəhərində ailəsi ilə birlikdə yaşayır. Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən bazarda özünə məxsus məişət əşyaları mağazası var. Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Şəxs tanıyır və Gülnarənin də onun mağazasının yanında mağazası var. Hər ikisi də eyni mal satdıqlarına görə teztez aralarında mübahisə yaranır. 28 fevral 2025-ci il tarixdə saat 08 radələrində mağazanı açmış, həmin vaxt Gülnarə də öz işlətdiyi mağazanı açmışdır. Gülnarə mağazanın ətrafında olan kağızları yığıb, həmin kağızları öz mağazasının arxasında, yəni onun mağazasının qarşısında yandırmışdır. Gülnarənin qəsdən kağızları onun mağazasının qarşısında yandıraraq mağazanı tüstü ilə doldurduğunu bilsə də, Gülnarə ilə aralarında mübahisə yaranmasın deyə ona heç nə deməmişdir. Lakin Gülnarə onun mağazasının qarşısına gələrək təpiklə mağazanın qarşısına yığdığı 80 litrlik su qablarını aşırtmış, kağız əlsilənləri də suyun içərisinə dağıtmışdır. Gülnarənin yanında satıcı işləyən Səidə adlı şəxs gəlib su qablarını düzəldərək ona Gülnarəyə fikir verməməsini bildirmişdir. Gülnarə yenə də onun mağazasının yanına gələrək həmin su qablarına təpiklə vurub aşırmış, Səidə də gəlib aşan əşyaları düzəltmişdir. Gülnarə bu kimi hərəkətlərini təkrarən etmişdir. Həmin vaxt 80 litrlik plastik su qabının bir ədədi sınmış, kağız əlsilənlərin 5 ədədi isə yararsız vəziyyətə düşmüşdür. O, əsəbiləşərək mağazanın içərisindən Gülnarəyə ondan nə istədiyini soruşanda, Gülnarə onun və ailəsinin ünvanına nalayiq küçə söyüşləri söyəsöyə yaxşı etdiyini bildirmişdir. Sonra da onu işverən adlandırmışdır. Təxminən Gülnarənin 3 dəfə ona məxsus mağazadan əşyaları dağıtması, onu və ailəsini nalayiq söyüşlərlə söyməsi 30 dəqiqə çəkmişdir. O, da Gülnarənin hərəkətləri barəsində DİN-nin “102” xidmətinə məlumat vermişdir. Gülnarə onun DİN-nin “102” xidmətinə məlumat verdiyini bildikdə özünə xəsarət yetirib ondan polis şöbəsinə şikayət edəcəyini bildirmişdir. Gülnarənin onu nalayiq söyüşlərlə söyməsini “Samsung” markalı mobil telefonuna yazmışdır. Şəxs ondan şikayət etdiyini görüb ona böhtan ataraq guya onun Gülnarəni döyməsi barədə şikayət etmişdir. O, hadisə vaxtı mağazadan çölə çıxmamış, Gülnarəyə yaxınlaşmamışadır. Şəxs ona məxsus mağazada əşyalarını dağıtması nəticəsində 01 ədəd 12 manat dəyərində su qabı sınmış və 5 ədəd 5 manat dəyərində kağız əlsilən yararsız vəziyyətə düşmüşdür. Ümumilikdə ona 17 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı Gülnarənin işçisi Səidə, yaxınlıqda mağaza işlədən Əlövsət, bazarda işləyən Vilayət adlı şəxslər, eləcə də mağazanın qarşısından keçən tanımadığı adamlar orada olmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinin mənasına görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini araşdırır. Müvafiq məsələni araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və iş materialları düzgün tərtib edilməyib. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən «İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır». Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». İnzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd tərtib olunub. Belə ki, inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinin tələbinə zidd olaraq zərərçəkmiş şəxsin (və ya zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin) adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı göstərilməmiş, həmçinin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verildiyi tarix qeyd olunmamışdır. Protokolun «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» bölməsi də doldurulmayıb. Məhkəməyə təqdim olunmuş materiala Neftçala Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X5 material üzrə «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 13 iyun 2025-ci il tarixli qərarı əlavə edilib. Həmin qərardan görünür ki, araşdırma zamanı X2 izahatı alınmış və o, hadisəyə şahidlik etmişdir. Həmçinin həmin qərarda Sahil Abbasov tərəfindən təqdim edilmiş 01 ədəd DVD-yə baxış keçirildiyi və həmin DVD-də olan səs yazılarında və video görüntülərdə Şəxs Sahil Abbasovun ünvanına nalayiq söyüşlər söydüyü qeyd olunmuşdur. Bundan başqa sözügedən qərarda Neftçala rayon MTE və PA şöbəsinin 03 fevral 2025-ci il tarixli, 38 nömrəli ekspert rəyində Şəxs məhkəmə tibbi müayinəsi zamanı xəsarətlər aşkar edildiyi qeyd olunmuş, lakin həmin ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış səlahiyyətli orqan (vəzifəli şəxs) məhkəməyə təqdim olunan materiala yalnız müstəntiqin «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 13 iyun 2025-ci il tarixli qərarını əlavə etməklə kifayətlənmiş, iş üzrə zəruri olan heç bir əlavə araşdırma aparmamış, izahatlar almamışdır. Bununla yanaşı qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin X3 ünvanına ucadan söyüş söyməsi ilə bağlı başqa sübutlar (məsələn, qərarda qeyd olunan DVD) iş materiallarına əlavə edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, qərarda hadisəyə şahidlik etmiş şəxsin izahatının alındığı görünsə də, onun izahatı da iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrinə əsasən QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Neftçala Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-383/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-383/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver