Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-395/2023 29.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Neftçala rayon Qaz istismarı idarəsində satış üzrə nəzarətçi vəzifəsində işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28 sentyabr 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 28 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə saat 09.30-da Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olub ucadan ünvansız söyüşlər söyüb, əməkdaşları təhqir etmiş və qurumun iş rejimini 30 dəqiqə pozaraq xırda xuliqanlıq əməlini törətmiş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş əməllərlə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə qismən təqsirli bilərək qeyd etmişdir ki, 2-ci Qarabağ – Vətən Müharibəsinin iştirakçısı, müharibə veteranıdır. Həmçinin əmisi oğlu X2 şəhiddir. Müharibədə 7 gün düşmənin mühasirəsində qalmış, 3 dəfə minaatan mərmisinin qəlpələri ilə xəsarətlər almışdır. Hal-hazırda səhhətində xeyli problemlər vardır. Belə ki, əsmə, diz qapağı nahiyəsində ilik çatışmamazlığı, çənə və burun nahiyəsində çat kimi xəstəlikləri ilə yanaşı psixi vəziyyətində də arabir pozuntularla müşahidə edilən qeyrisabitlik mövcuddur. Ona görə də, müntəzəm olaraq psixiatrik dərmanlardan istifadə edir. Həmçinin diz qapağında olan xəstəliyi ilə əlaqədar tibbi əməliyyata ehtiyacı vardır. Müharibədən əvvəl başqa bir işdə işləmiş və kifayət qədər normal əməkhaqqı almışdır. Hal-hazırda isə Salyan RQİİ Neftçala Xidmət Sahəsində nəzarətçi vəzifəsində işləyir. Aylıq maaşı gündəlik zəruri olan maddi tələbatlarının təmin edilməsinə çətinliklə kifayət edir. Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşlı nənəsi ilə birlikdə yaşayır. Subaydır və ailə qurmalıdır. Lakin buna mənzil şəraiti imkan vermir. Yaşadığı qəsəbədə fərdi ev inşa etdirməsi üçün lazım olan bəzi tikinti materialları ilə təmin edilməsinə köməklik göstərilməsi məqsədilə təxminən 3 il əvvəl Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etmiş və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların sırasına siyahıya alınmışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, bu günədək bu məsələdə ona hər hansı bir yardım göstərilməmişdir. Bunun üçün bir neçə dəfə Neftçala Rayon İcra Hakimiyyətində aidiyyəti vəzifəli şəxslərin qəbulunda da olmuşdur. Lakin hər dəfə köməklik göstəriləcəyi vəd edilsə də, əməli olaraq ona qeyd etdiyi məsələdə hər hansı bir köməklik edilməmişdir. Eyni məqsədlə 28 sentyabr 2023-cü ildə saat 09.30-da Neftçala Rayon İcra Hakimiyyətinə getmişdir. Lakin orada əvvəlcə qəbul edilmədiyini görüb, buna möhkəm əsəbiləşmiş və səs-küylə öz etirazını bildirmiş, həmçinin bir neçə ədəd çay daşlarını inzibati binanın pilləkənlərinə tullamışdir. Bundan sonra mühafizə polisinin müşayiəti ilə İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri şöbəsinin müdiri, digər əməkdaşlarla birlikdə onu qəbul etmişlər. Əsəbi halda olduğu üçün qəbul zamanı da səs-küy yaratmaqla oradakı iş rejiminin bir neçə dəqiqə müddətində pozulmasına səbəb olmuşdur. Bu əməlinə görə peşmandır. Daha sonra polis əməkdaşları gəlib onu nizam-intizama dəvət etmiş, eyni zamanda onlarla birlikdə Neftçala RPŞ-nə getməli olduğunu bildirmişlər. Bu zaman heç bir tabesizlik göstərmədən onlarla birlikdə Neftçala RPŞ-nə gəlmiş və orada hadisə ilə əlaqədar verilən suallara cavab və yazılı izahat vermişdir. Qeyd edir ki, psixi vəziyyəti ilə əlaqədar əsəbiləşdiyi halda dözülməz ağrıları olur və bu zaman özünü tam idarə edə bilmək iqtidarında olmur. Həmin vaxt baş verən hadisə də, məhz onun səhhəti ilə, yəni bilavasitə psixi durumu ilə əlaqədardır. Lakin bir daha qeyd edir ki, orada polis əməkdaşlarına və ya hər hansı bir şəxsə müqavimət və ya tabesizlik göstərməmişdir. Buna görə də barəsində tərtib edilmiş protokolu Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə olan hissədə əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 Şöbəsinin əməkdaşı polis serjantı X4 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 28 sentyabr 2023-cü ildə saat 09.30-da Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xidmətdə olarkən Şəxs əsəbi halda Neftçala RİH-nə gəlmiş və rəhbərlik tərəfindən qəbul edilməsini tələb etmişdir. O, qəbul edilənədək binanın qarşısında səs-küy salmış və əlində olan bir neçə çay daşlarını binanın ön hissəsinə tərəf tullamışdır. Nəticədə həmin daşlar pilləkənlərə dəymiş, xırda hissələrə bölünən qırıntılarından bir neçəsi isə binanın giriş qapısının şüşəsinə dəymişdir. Lakin şüşə qırılmamış və binaya hər hansı bir ziyan dəyməmişdir. Həmin vaxt Kərim Kərimli adlı digər mühafizəçi polis əməkdaşı da onunla birlikdə iş növbəsində olmuşdur. Onlar birlikdə Əliniyazı sakitləşdirmişlər. Bundan sonra qəbul üçün təkid etdiyini görüb, onu hər ikisinin müşayiəti altında Neftçala RİH-nin Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri şöbəsinin müdiri İlqar müəllimin qəbuluna aparmışlar. İlqar müəllimin iş otağında onu İlqar müəllimin özü və hüquq şöbəsinin müdiri Sadiq müəllim qəbul etmişlər. Şahid qeyd edir ki, qəbul zamanı da, o, və digər polis əməkdaşı Kərim Kərimli orada olmuşlar və bu zaman da Əliniyaz səs-küylə narazılığını bildirmişdir. Belə olduğu üçün Şəxs qanunsuz hərəkətləri ilə bağlı müvafiq protokol tərtib edilmişdir. Həmçinin bu barədə Neftçala RPŞ-nə məlumat verilmiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib Əliniyazı Neftçala RPŞ-nə aparmışlar. Şahid ona verilmiş müvafiq suallara cavab olaraq, Şəxs hadisə vaxtı son dərəcədə əsəbi halda olduğunu, əvvəlcə yalnız qəbul edilməsini tələb etdiyini, istər qəbul edilənədək, istərsə də qəbul zamanı uca səslərlə qışqır-bağır salaraq ictimai qaydanı pozduğunu, bu zaman bir neçə nalayiq ifadələr də işlətdiyini, tələbinin konkret olaraq ona ev tikilməsi ilə bağlı etdiyi müraciətə baxılmasından ibarət olduğunu, həmçinin hadisə vaxtı kiməsə xəsarət yetirmədyini, onlarla əlbəyaxa olmadığını, habelə Neftçala RPŞ-nin əməkdaşları hadisə yerinə gəldikdən sonra onlara hər hansı bir tabesizlik göstərmədən polis əməkdaşları ilə birlikdə Neftçala RPŞ-nə getdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib və iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. İşin faktik halları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşının (əməkdaşlarının) qanuni tələbinə qəsdən tabe olmadığı müəyyən olunmur. Eyni zamanda Şəxs polis əməkdaşlarına tabesizlik edərək müqavimət göstərməsi barədə 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda, həmçinin eyni tarixdə tərtib edilmiş aktda göstərilənlərlə bağlı qeyd olunur ki, göstərilən halların baş verməsi kifayət qədər şübhə doğurması ilə yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə təkzib olunur. İstər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, istərsə də şahidin bildirdiklərindən görünür ki, Şəxs Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında və içərisində səs-küy saldığına, binanın pilləkəninə daş atdığına və s. bu kimi hərəkətlər etməsinə baxmayaraq, polis əməkdaşlarına tabe olmuş, hər hansı əsaslı müqavimət göstərməmiş, onların dəvəti və müşayiəti ilə binanın içərisinə daxil olmuş və aidiyyəti vəzifəli şəxsin qəbuluna getmişdir. Sonradan gəlmiş polis əməkdaşlarına da o, hər hansı müqavimət göstərməyib. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı isə onun özünün və şahidin izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmiş, bu hərəkətləri ilə Neftçala Rayon İcra Hakimiyyətinin normal iş rejimini müəyyən müddət ərzində pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, habelə şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması, habelə Vətən Müharibəsi iştirakçısı olması və səhhətinin vəziyyəti iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs hazırkı qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında azad edilsin. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-395/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-395/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver