Məhkəmə qərarları › İş №3(053)-396/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-396/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-396/2025 26.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, 01 avqust 1963-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktik olaraq Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 26 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 13 avqust 2025-ci il tarixdə saat 20.05-də Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən yaşayış binasının önündə Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan söyüşlər söyməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşayır. 13 avqust 2025-ci ildə saat 20 radələrində Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən “Oba” marketin önündə şəxsi avtomobilində gözlədiyi vaxt “Oba” marketdə satıcı işləyən Tamara adlı xanım ona yaxınlaşıb mağazanın arxa qapısına kiminsə bilərəkdən daş atdığını və ondan həmin şəxsə irad bildirməsini istəmişdir. O, mağazanın arxa hissəsinə keçdikdən sonra qapıya daş dəydiyini eşitmiş və qapını açmışdır. Bu zaman qapının önündə dayanan 2 nəfər şəxsə qapıya niyə daş atdıqlarını soruşmuş, uşaqlar bilərəkdən onunla mübahisə yaratmağa başlamışdır. Daha sonra uşaqların anası Səbiyyə yaşayış binasının önündə yerləşən balkondan çıxaraq onun ünvanına nalayiq söyüşlər söyüb təhqir etmiş, sonradan isə aşağı düşüb onun üzərinə gələrək yenə də onun ünvanına təhqiredici ifadələr işlətmişdir. O isə Səbiyyə ilə mübahisə zamanı Səbiyyənin ona söydüyü söyüşlərə qarşılıq olaraq Səbiyyənin də ünvanına söyüşlər söymüşdür. Səbiyyə ilə mübahisə zamanı “itlərə zəng edirsən” ifadəsini isə Səbiyyənin yaxın qohumlarını və dostlarını nəzərdə tutaraq işlədib. Polisə qarşı heç bir xoşagəlməz ifadə işlətməyib. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında ailə ilə birlikdə yaşayır. Şəxs ictimai yerlərdə təhqir, təhdid və söyüşlərinə məruz qalması səbəbindən DİN-nin “102” xidmətinə, eləcə də Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təxminən 2 il əvvəl ehtiyacı olduğu üçün Məlahətdən faizi ilə geri qaytarmaq şərtilə pul almış, və o pulu faizi ilə də birlikdə Məlahətə geri qaytarmışdır. Lakin Məlahət ondan daha da artıq pul almaq istəyir və bu məqsədlə də onu və ailəsini dəfələrlə şantaj və təhqirlər edir. Bu hal dəfələrlə baş vermiş, Məlahət onun oğlunu və qızını oğurladacağı ilə bağlı hədələmişdir. Polisin isə ona gücünün yetməyəcəyini və hər tərəfdə adamlarının olduğunu bildirmişdir. Dəfələrlə bu hal baş verdiyi üçün özünün və ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Məlahətin sonuncu dəfə etdiyi şantaj və təhqirləri videoçəkilişlə qeydə almışdır. Məlahət həmin vaxt polisin ünvanına da təhqirlər etmişdir. Məlahət 36 ailənin yaşadığı yaşayış binasının qarşısında uca səslə Azərbaycan polisini, onu və uşaqlarını təhqir etmişdir. Məlahət onu harada görsə onun ünvanına nalayiq söyüşlər söyür və onu təhqir edir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı və zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar