Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-40/2024 13.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Neftçala rayonu, Mürsəqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Mürsəqulu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 13 fevral 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Biləsuvar Rayon Məhkəməsi tərəfindən 24 avqust 2023-cü ildə verilmiş 24 avqust 2024-cü il tarixli 2(022)-943/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 25 iyun 2017-ci il təvəllüdlü X2, 11 yanvar 2019-cu il təvəllüdlü X4 və 11 fevral 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 14 iyul 2023-cü il tarixindən başlayaraq hər ay hər bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya lazımi qaydada qərar və bildiriş göndərilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. İcra sənədinin icrası məqsədilə borclunun icra şöbəsinə gəlməsinin təmin olunması üçün ünvanına dəfələrlə bildirişlər göndərilmiş, lakin o, gəlməmişdir. Bu səbəbdən barəsində axtarış elan olunmuş, həyata keçirilmiş axtarış tədbirləri nəticəsində o, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Borclu məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş, aliment borcundan ümumiyyətlə heç bir ödəniş etməmişdir. Hazırda borclunun 1.680 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu vaxtlı-vaxtında ödəməməsini müvafiq məhkəmə aktından məlumatsız olması ilə izah etmişdir. Eyni zamanda bildirir ki, qətnamənin mövcud olması barədə cari ilin yanvar ayında məlumat alıb. Məhkəmə borclunun həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, o, hətta cari ilin yanvar ayında müvafiq məhkəmə qətnaməsi barədə məlumat əldə etmişsə də belə, ötən dövrdə müəyyən miqdarda aliment ödəyə bilərdi. Lakin işin faktik hallarından görünür ki, o, ötən dövrdə aliment borcundan ümumiyyətlə heç bir hətta kiçik məbləğdə belə ödəniş etməyib. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 13 fevral 2024-cü il saat 18.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-40/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-40/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver