Məhkəmə qərarları › İş №3(053)-405/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-405/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-405/2023 16.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxx 2001-ci ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və yaşayan, 15 oktyabr 2023-cü il saat 17.52-dən etibarən inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 15 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 15 oktyabr 2023-cü ildə saat 17.40-da Neftçala şəhəri, H.Əliyev prospektindəki «X1»nin yaxınlığında xırda xuliqanlıq əməli törətmiş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, o cümlədən ucadan ünvansız nalayiq söyüşlər söymüş, bu zaman ərazidə xidmət aparan və ictimai qaydanı bərpa etmək üçün onu sakitləşməyə çalışan polis işçiləri – Neftçala Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Elçin Zeynalzadənin və Tahir Bəşirovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin daha ciddi sayılan 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması, habelə deməsinə görə himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-cı maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 15 oktyabr 2023-cü il saat 17.52-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar