Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-406/2025 10.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 iştirakı ilə xx xxxxx 1987-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 10 sentyabr 2025-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Salyan Rayon Məhkəməsi tərəfindən 15 dekabr 2014-cü ildə verilmiş 14 noyabr 2014-cü il tarixli 2(057)-1090/2014 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 28 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 noyabr 2014-cü il tarixindən başlayaraq hər ay 100 manat olmaqla sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədindəki həmin tələbi borclu Şəxs üzrsüz səbəbdən icra etməyib. İnzibati xəta haqqında protokoldan və icra işindən həmçinin görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya müvafiq olaraq qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə, həmçinin Neftçala Rayon Məhkəməsinin 3(053)-488/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli və 3(053)- 22/2024 nömrəli iş üzrə 29 yanvar 2024-cü il tarixli qərarları ilə inzibati məsuliyyətə cəlb edildiyinə, habelə eyni məhkəmənin 8(053)-06/2021 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldığına baxmayaraq o, aliment borcunu tam ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, bu səbəbdən barəsində axtarış elan olunmuş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hazırda borclunun 2.000 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı aliment məbləğini məhkəmə aktında müəyyən edilən vaxtaşırılıqla və məbləğlərlə ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Qeyd edir ki, işlədikdən sonra aliment borcunu ödəyəcək. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Nuriyeva X2 Rayon Məhkəməsinə ünvanladığı ərizəsində səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini, borclunun hal-hazırda ona 2.000 manat aliment borcunun olduğunu bildirib, işə onun iştirakı olmadan baxılaraq alimenti ödəmədiyi təqdirdə borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən borclunun bundan əvvəl də iki dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və borcun miqdarını da nəzərə alır. Qeyd olunur ki, Şəxs hal-hazırda icra sənədi üzrə 2.000 manat aliment borcu var. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 10 sentyabr 2025-ci il saat 13.00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-406/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-406/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver